Araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın evinə gizli kamera yerləşdirilməklə şantaja məruz qalması ilə əlaqədar Bakı şəhər Prokurorluğuna müraciət olunub. Jurnalistin vəkili Yalçın Imanov martın 1-də Bakı şəhər prokuroru Əziz Seyidova məktub göndərib.
Bu barədə “Azadlıq” radiosuna məlumat verən vəkil bildirib ki, jurnalistin şantaj edilməsi və şəxsi həyatına müdaxilə faktı üzrə 15 mart 2012-ci ildə Baş Prokurorluq tərəfindən CM-nin 156-cı (şəxsi həyatın toxunulmazlığı) maddəsilə cinayət işi başlanıb, istintaqın aparılması Bakı şəhər Prokurorluğuna həvalə olunub. Istintaq zamanı Xədicə Ismayıl da zərərçəkmiş qismində tanınıb.
Amma cinayət işi üzrə icraat Xədicə Ismayılın özünə də, vəkilinə də məlum olmayan vaxtda dayandırılıb.
Yalçın Imanovun sözlərinə görə, indiyə qədər istintaqla bağlı hansı tədbirlərin görülməsi barədə jurnalistə, onun nümayəndəsinə heç bir məlumat verilməyib.
Yalçın Imanov Bakı şəhər prokuroruna ünvanladığı məktubda cinayət işi üzrə istintaqın dayandırılması barədə qərarın surətini, həmçinin indiyə qədər görülən tədbirlər, aparılan istintaq hərəkətləri barədə ətraflı məlumat verilməsini xahiş edib.