Hər ötən ay müştərilərin ödəmə qabiliyyəti aşağı düşür
Hansı tərəfdən yanaşsaq, hansı istiqamətdən müdaxilə etsək eyni nəticəylə qarşılaşırıq. Hökumətin yalan təbliğatından fərqli olaraq, reallıq bunu göstərir ki, ölkə vətəndaşının həyat şəraiti hər gün pisləşir. Onsuz da aşağı əmək haqqının, işsizliyin, bahalığın olduğu ölkədə vətəndaş ağır vəziyyətdə idi. Iki devalvasiyadan sonra isə vəziyyət daha da ağırlaşdı. Statistik rəqəmlər də bir daha təsdiqləyir ki, ölkə insanı ağır şərtlərlə sınağa çəkilib. 2.5 milyon vətəndaş banklara borcludur. Hər ötən gün əhalinin ödəniş qabiliyyəti aşağı düşür. Istehlak kreditlərinin yalnız 50 faizi geri qaytarılıb. Problemli kreditlərin həcmi milyardlarla ölçülür.
Son dövrlər ev əşyalarının satışında da artım qeydə alınıb. Insanlar internet vasitəsiylə ev əşyalarını, geyimlərini satışa çıxarırlar. Yəni, vəziyyət bu qədər ağırdı.
“Azcoll” kollektor şirkətinin direktoru mətbuata açıqlamasında bildirib ki, devalvasiyadan sonra problemli borcların yığılması xidmətinə tələbat 2 dəfədən çox artıb. Onun sözlərinə görə, dolların bahalaşmasından əvvəl rəhbərlik etdiyi şirkətin borc portfeli 6-7 milyon manat olsa da, hazırda bu məbləğ 15 milyon manatdır. Şirkət rəhbəri bildirir ki, artıq kollektor şirkətləri də borcları yığmağa çətinlik çəkirlər. O qeyd edib ki, əvvəl ayda 500 manat borc qaytaran müştəri, indi 50 manat simvolik məbləği güclə ödəyir.
Qeyd edək ki, “Azcoll” şirkəti hazırda 8 bankın problemli kreditlərini yığmaqla məşğuldur. Belə şirkətlər vətəndaşın həyat şəraitini daha dəqiq müəyyənləşdirir və hər bir problemli müştəriylə fərdi təmasda olurlar. Nəticə isə göz qabağındadır. Şirkətin direktoru deyir ki, müştərilər borcu qaytara bilmir, zaminlər müştəridən də pis vəziyyətdədir və sonuncu devalvasiyadan sonra vəziyyət daha da çətinləşib.
Açıq şəkildə görünür ki, vətəndaş müqavimətdən salınıb və bu ağır məngənədən çıxa bilmir. Faktiki olaraq ötən il müəyyən ehtiyaclarını ödəyən şəxs, bu il həmin ehtiyacları ödəməkdən məhrumdu. Rəsmi təbliğat isə utanmadan əhalinin gəlirlərinin artdığını, həyat şəraitinin yüksəldiyini, işsizlik faizinin aşağı düşdüyünü tirajlayır.
Qiymətlər 30-40 faiz qalxıbsa, milli valyuta 2 dəfə devalvasiyaya uğrayıbsa, kütləvi ixtisarlara start verilibsə, əhalinin gəlirləri necə arta bilər?
Əgər vətəndaşın ödəmə qabiliyyəti olsa evinə, avtomobilinə həbs qoyulmasına razı olarmı? Əlbəttə ki, yox. Artıq vəziyyət o həddə çatıb ki, insanlar intihar edir, ağır yükü daşıya bilmir.
Sözün həqiqi mənasında insanar son ümüdlərini də xərcləməli olublar, əşyalarını, geyimlərini də ucuz qiymətə satışa çıxarıb, bir müddət yaşamağı düşünürlər. Hökumət isə zərrə qədər güzəşt etmək fikrində deyil. Vatikanda xarabalıqları abad etmək, mənasız layihələrə milyonlar xərcləmək hökumət üçün daha vacibdir. Hətta kasıb Gürcüstanda vətəndaşın yükünü azaltmaq üçün kommunal xərclərin bir hissəsinin ödənişin dövlət öz üzərinə götürür.
Bir sözlə, ölkənin fəlakətə yuvarlandığını, vətəndaşın səfil vəziyyətə düşdüyünün hər kəs etiraf edir. Statitstik rəqəmlər də, bank rəhbərliyi də, problemli kreditlərlə məşğul olan şirkətlər də.
Samir