“Erməni soyqırımı”nı inkar edənlər Avropa Birliyi ölkələrində 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilə bilərlər
Sabah qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi Fransa Senatında müzakirəyə çıxarılması Senat rəhbərliyində müzakirə olunacaq. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, qanun layihəsinin 23-31 yanvar aralıqlarında Senatda müzakirəyə çıxarılacağı ehtimal olunur.
Fransa prezidenti Nikola Sarkozi isə “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin Senatda qəbulunu belə gözləmədən həmin məzmunlu addımın Avropa Birliyi miqyasında qəbulu üçün təlimat verib. Başqa sözlə, Fransa Avropa Birliyinin “Çərçivə Qərarı”ndan istifadə olunaraq, Avropa Birliyi miqyasında “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin tətbiq olunmasını istəyir.
Çərçivə Qərarı 17 aprel 2007-ci ildə Avropa Birliyi Məhkəmə və Daxili İşlər Şurası tərəfindən qəbul olunub. Qərar irqçilik və şovinizmlə mübarizə məqsədi ilə qəbul olunub və Avropa Birliyinə üzv dövlətlər qarşısında yəhudi soyqırımının inkarına görə cəzalandırmanı nəzərdə tutan qanunlar qəbul edilməsini şərt qoyub. İndi Nikola Sarkozinin təlimatı ilə Brüsseldə görəvli olan fransız diplomatlar Avropa Birliyi Komissiyası və Avropa Birliyi Şurası nəzdində hərəkətə keçiblər. Əgər qondarma “erməni soyqırımı” da Çərçivə Qərarı çərçivəsinə salınarsa, o halda “erməni soyqırımı”nı inkar edənlər Avropa Birliyi ölkələrində 1 ildən 3 ilə qədər azadlıqdan məhrum ediləcəklər.