İctimai Palatanın 8 yanvar sessiyasında iki bəyanat qəbul olunub. Bəyanatlardan biri siyasi məhbuslarla, digəri isə mərhum yazıçı Rafiq Tağının qətli ilə bağlıdır. Bəyanatları təqdim edirik:
İctimai Palatanın 8 yanvar 2012-ci il tarixli sessiyasının 02 aprel dinc etiraz aksiyası ilə əlaqədar
həbs olunanlarla bağlı
B Ə Y A N A T I
İctimai Palatanın qərarı ilə 02 aprel 2011-ci il tarixində əsaslı siyasi islahatlar aparılması tələbi ilə Bakı şəhərində keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 16 nəfəri və bloger Bəxtiyar Hacıyev bir ilə yaxındır ki, həbsdədir.
Məhkəmələrin çıxardığı hökmə əsasən Arif Alışlı 3 il, Elnur İsrəfilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 i 6 ay, Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il, Elnur Məcidli 2 il, Şahin Həsənli 2 il, Vidadi İsgəndərli 3 il və Bəxtiyar Hacıyev 2 il azadlıqdan məhrum ediliblər.
Çıxarılan hökmlərlə əlaqədar apellyasiya şikayətinə baxılıb, 15 nəfərin hökmü eynilə saxlanılıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 ilədək azaldılıb.
Məhkəmə prosesləri zamanı bir daha təsdiq olundu ki, bu proses mürtəce rejimlə barışmayan, ölkədə demokratik cəmiyyət qururlması uğrunda dinc mübarizə aparan günahsız insanların cəzalandırılması prosesindən başqa bir şey deyil.
Bu qanunsuz, ədalətsiz hökm ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır və günahsız insanların dərhal azad olunması tələb edilir.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə verilən əfv fərmanının həbsdə olan vicdan məhbuslarından yalnız Cabbar Savalanlıya şamil edilməsi, digərlərinin isə həbsdə saxlanması Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq, fikir və söz azadlığına, eləcə də beynəlxalq təşkilatların tövsiyələrinə münasibətinin göstəricisidir.
Bu hal “Eurovizion” mahnı müsabiqəsini keçirməyə hazırlaşan və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən 10 ölkədən biri olan Azərbaycan Respublikasının imicinə qara ləkədir.
İctimai Palata azadlıqsevər hər bir Azərbaycan vətəndaşını məhkəmələrdə əsassız cəzaya məhkum edilən dönməz mübarizləri, – “Amnisty İnternational”, “Human Rigths” və digər beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusları kimi tanınan şəxsləri, – ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq müdafiə etməyə çağırır.
Vicdan məhbusları Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Vidadi İsgəndərli, Bəxtiyar Hacıyev, Sahib Kərimov, Məhəmməd Məcidli, Elnur Məcidli, Şahin Həsənli, Elşən Həsənov, Ülvi Quliyev, Zülfüqar Eyvazlı, Babək Həsənov, Arif Alışlı və Elnur İsrəfilov həbsdə qaldığı müddətdə hakimiyyət nümayəndələrinin ölkədə insan hüquqlarının qorunması və müdafiəsindən, demokratik islahatlardan və Qərbə inteqrasiyadan danışması demokratik düşüncəli insanlarda və beynəlxalq təşkilatlarda inam yarada bilməycək.
İctimai Palata bir daha hakimiyyətə müraciət edərək onu, özünün qanunsuz və ədalətsiz hərəkətləri haqqında ciddi düşünməyə, dünyada, xüsusən post-sovet məkanında gedən demokratik prosesləri götür-qoy etməyə və günahsız insanları dərhal azad etməyə çağırır. Əks təqdirdə, ölkədə gərginliyin artmasının bütün məsuliyyəti Əliyev rejiminin üzərinə düşəcək.
8 yanvar 2012”.
İctimai Palatanın 8 yanvar 2012-ci il tarixli sessiyasının
BƏYANATI
1. İctimai Palata yazıçı Rafiq Tağının qətlini bir daha qətiyyətlə pisləyir və bu qətlin siyasi xarakterli cinayət olmasını bəyan edir.
2. Ciddi ictimai rezonansa səbəb olmuş bu ağır cinayətin törədilməsindən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq aparılan təhqiqatın qapalılığı və bu günədək heç bir nəticənin olmaması bu cinayətin də açılmayan siyasi qətllər sırasına daxil olacağı haqda narahatlıq doğurur.
3. İctimai Palata cinayətin istintaqını aparan qurumlardan qətlin əsl sifarişçilərinin və icraçılarının ifşa edilərək məhkəmə qarşısına çıxarılmasını tələb edir. Eyni zamanda biz bu cinayətin ölkənin ictimai-siyasi gündəmində qarışıqlıq yaratmaq məqsədi güddüyünü nəzərə alaraq istintaqın gedişinə ictimai nəzarətin təmin olunmasını və istintaq barədə mütəmadi olaraq açıqlamalar verilməsini tələb edirik.
4. İctimai Palata bu qətllə bağlı yaranmış gərginliyi nəzərə alaraq, ölkənin bütün siyasi qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, dini və digər icmalarının, mətbuatının nümayəndələrini, habelə ayrı-ayrı vətəndaşları təmkinli olmağa, qarşıdurma yaradan bəyanatlar verməklə yaranmış durumu ağırlaşdırmamağa çağırır.
5. İctimai Palata fərqli mövqe, fikir və düşüncələrin ifadəsi azadlığına birmənalı şəkildə tərəfdar olaraq, eyni zamanda hər bir polemikanın qarşılıqlı hörmət, dözümlülük, milli, mənəvi, dini dəyərlərə hörmət prinsiplərinə əməl edilərək aparılmasını arzu edir və bütün tərəfləri buna dəvət edir. İnsanların şərəf və ləyaqəti, etiqadı və dini inancları, o cümlədən Azərbaycan xalqının əsas dəyərlərindən olan İslam dini ilə bağlı həqarətli fikir və mülahizələrin yayılması yolverilməzdir.
6. Gələcəkdə də bu tipli və ya buna bənzər cinayətlərin baş verməməsi üçün biz bütün ölkə vətəndaşlarını zorakılığa, insan hüquq və azadlıqlarının pozulmasına qarşı çıxmağa və vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırıq.