Mərhum Rafiq Tağı öldürüldükdən sonrakı yazılarımın birində cəmiyyətdə dindar-ateist qarşıdurmasının ola biləcəyini və bundan çıxış yolunun olduğunu yazmışdım. Hamının dünyəvi idarəçilik modelini qəbul etməsini. Yəni dövlət inancı da qoruyur, inanmayanı da. Indi hamının sevə-sevə işlətdiyi “Bu hakimiyyət dünyəvi deyil” ifadəsini də mən işlətmişdim. Axı dünyəvi dövlət demokratik və ədalətli olur. Bu dövlət isə dini avtoritarizmin əkizidir. Dini totalitarizm də azadlıqların düşmənidir, indikilər də. “Ayatullalarının poliqonu” adlı yazımda isə Iranın ölkəmizdəki təsirini və “uğurunu” bizim avtoritar hakimiyyətin günahı saymışdım. Yazmışdım ki, sosial bəlalardan və ədalətsizlikdən sıxılan bir qrup vətəndaşımız Rusiyaya, Avropaya gedir, bir qrupu da Iranın təsirinə düşür. “Korrupsiyanın böyütdüyü mövhumat” adlı başqa bir yazımda isə qeyd etmişdim ki, tarixdə hələ heç bir ateist, yaxud dindar rejim uğur qazanmayıb. Yalnız dindar və dindar olmayan insanların birgə və sərbəst yaşadığı dünyəvi dövlətlər böyük inkişaf və ədalət uğurları ilə hamını cəlb edir. Hətta müsəlmanlar bu cür dövlətlərdə yaşamaq üçün ölkələrini tərk edirlər…
Lakin mən gördüm ki, sıralarında olduğum demokratik cinahın insanları da öz hərəkətləri ilə “korrupsiyanın böyütdüyü mövhumatı” bir az da böyüdür və “ayatullalarının poliqonu”nu daha da genişləndirir. Narahat oldum və “Dünyəvilik sualları” adlı yazı ilə çıxış etdim. Bundan uzağa getmək istəyim də yox idi. Bu gün yazısından (bu haqda bir az sonra) çox təsirləndiyim “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı hər şeyi bilir. Hətta məni debata çağıranda məsələnin çox da böyüməməsi üçün getmək istəmirdim. Kiçik bir yazımın bir hissəsinə 3 səhifə cavab yazmaqdan sonra da debata israr edildi və mən razılaşdım ki, gedib orada həm də bunu deyim: bəs deyirsiniz ki, iqtidar bu məsələni qızışdırır, niyə bu qədər davam edirsiniz. Bəlkə elə siz qızışdırırsınız yazılarla, debatlarla, təkliflərlə. “Məğlubiyyətimiz bizim cinayətimizdir” sözlərinin müəllifi, bəlkə də bizim bu bəlalı günlərimizi özünün siyasi uğuru sayan Pənah bəy yazısında özünü uğurlu, məni isə “uğursuz yaş nəslinin” nümayəndəsi adlandıranda da susdum. Çünki debat qələbəsi ilə yanmırdım. Nə də uduzmaqdan çəkinirdim. Mən sadəcə narahat idim və bunu ifadə edirdim…
Daha sonra Rafiq Tağının qırxı günü məlum bəyanat çıxdı. Və bu insanları cəmiyyətin düşməni elan etməyə başladılar. Onlara qarşı planlı işi gördüm. Bəzi məqamları qəbul etməsəm də, hətta onları müdafiə etmək üçün ora imza atmaq istədim. Çünki haqsızlığa qarşı çıxmağı özümə borc sayıram. 2003-də hakimiyyət müsavatçıları hədə-qorxu ilə partiyadan çıxaranda (indi də siyahını belə azaldırlar) partiyaya keçmişdim. Evroviziya yarışmasında ermənilərə səs verənlərə qarşı mənasız kampaniyaya qarşı da çıxmışdım. Dindarlar şərlənib tutulanda da etiraz etmişdim və s. Bu tərz bizim çoxlarımızın həyat yoluna çevrilib…
Lakin bu dəfə “qızışdırıcı” sayılmasın deyə, sonradan imzamı əlavə etmədim. Sadəcə yazımla onlara qarşı urfaşizm təbliğatını dayandırmağı çağırdım.
Dünən isə Sevinc Telmanqızının yazısını oxudum. O, həmin bəyanata imza atan dostum Zamin Hacının həyata yoldaşıdır və yazı onun taleyindən narahatçılığı ifadə edirdi. Çox təsirli və təbii idi. Yazıda belə bir cümləni oxudum: “Danışa-danışa susanlar olduğu kimi, bir azca susaraq danışmaq da mümkün. Hakimiyyətin sənə diş qıcadığını, qanına susadığını bilirsənsə, onun üçün belə əlverişli fürsətləri əlverişsiz hala gətirmək lazım.”
“Danışa-danışa susmaq”“” kəlməsi mənə məxsusdur, “indi susmaq da yalan danışmaqdır” fikri də mənim çıxışlarımda populyarlaşıb. Belə çıxırdı ki, insanları susmamağa səsləyirəm onlara təhlükəyə çağırıram.
Hörmətli Sevinc xanım!
Əvvəldən o bəyanata imza atmağı da, imza atmamağı da adi sayırdım. Elə hamı da adi baxmağı bacarmalı idi. Çünki dinin tənqidinin mümkünlüyü bir hüquqdur. Baxmayaraq ki, bu hüququ indi demokrat liderlər və təşkilatlar da dilinə almağa qorxur. Amma bu hüquqsuz müasir və sağlam cəmiyyət qurmaq mümkün deyil.
Bəyanatda nəyi bölüşmədiyimin xatırlamağın indi heç mənası yoxdur. Mən bəyanatdakı narahatçılığı tam bölüşürəm, o narahatçılığa qoşulur və niyyəti çox xoş olan insanlara hücumlara etiraz olaraq, onları müdafiə etmək üçün ora imzamı atıram. Bu həm də sizin narahatçılığı bölüşməkdir. Sizin təbii narahatçılığınızı da bizə qarşı təbliğata çevirənlərə, saytın başına çıxaranlara cavabdır: susmaq olmaz, bu, haqsızlığa şərik olmaqdır. Indiki mövqeyim isə kiməsə acıq vermək deyil. Hətta başqalarının bu addımı atmağını istəmirəm. Qoy bu imza ilə bu bəyanat ətrafındakı qovğa yekunlaşsın. Bizi düşmən elan edənlər, qətl hədəfinə çıxarmaq istəyənlər bir vaxt anlayacaqlar ki, bu addımlar həm də elə dindar olanların balalarının xoş gələcəyi üçündür, kiminsə dinin əlindən almaq deyil. Amma bilsinlər ki, bu ölkənin dünyəviliyi güzəştə gedilməyəcək.
…Dünən hüquq müdafiəçisi Novella Cəfəroğlunun da “lənəti”“”ni yaymışdılar. Bir neçə gün öncə isə Novella xanın zəng edib “Dünyəvilik sualları”“” adlı yazımı təqdir etmişdi, dediyi sözləri isə xatırlatmayacağam. Görün məsələ nə yerdədir.