«Suriyada istənilən halda, zorakılıq yolverilməzdir»
Suriyada gərginlik davam edir. Bəşər Əsəd rejiminin silahlı zorakılıqlarına baxmayaraq, ölkənin müxtəlif yerlərində hakimiyyət əleyhinə növbəti etiraz aksiyaları keçirilib. Cümə günü bütün ölkə boyu baş tutan mitinqlərə hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində 60-dan çox etirazçı öldürülüb. Onlar əsasən paytaxt Dəməşq, həmçinin Homs, Həma, Idlib və Dəraa şəhərlərinin sakinləridir.
Homs şəhərində müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşma yaşanıb. Təhlükəsizlik əməkdaşları etirazçıları dağıtmağa cəhd göstərdiyi vaxt müxaliflər əsgərləri daşa basıb. Tərəflər arasında ölən və yaralıların olduğu bildirilir.
Suriyanın Daxili Işlər Nazirliyi açıqlama yayaraq, ölkənin və onun vətəndaşlarının təhlükəsizliyinə təsir göstərən hər kəsə qarşı mübarizə aparılacağını bəyan edib. Dəməşqin mərkəzi rayonunda törədilmiş terror aktı və anti-hökumət nümayişlərində etirazçılara qarşı davam edən zorakılığa münasibət bildirən Suriya hökuməti əvvəlki mövqeyini dəyişməyib. Hökumət bir daha bəyan edib ki, “düşmənlərə qətiyyətlə cavab veriləcək”.
Suriyadakı hadisələri müşahidə etmək üçün bu ölkəyə yollanan Ərəb Ölkələri Liqasının xüsusi qrupuna daxil olan müşahidəçilərin sayının isə 100-dən 150-ə qaldırılması qərara alınıb.
Bu arada, BMT-nin baş katibi Pan Gi Mun Suriyada istənilən halda, zorakılığın yolverilməz olduğunu söyləyib. BMT baş katibi Dəməşqdə terrorçu-kamikazdenin həyata keçirdiyi partlayışı da pisləyib: “Biz ötən ilin martından bu yana minlərlə insanın həlak olduğu və hər gün insanların öldürüldüyü Suriyada vəziyyətin pisləşməsindən çox narahatıq. Istənilən zorakılıq qəbuledilməzdir və dərhal dayandırılmalıdır”.