İqtidar Amerikalı senatoru tərəflərinə çəkmək istəsə də, alınmadı
Bir müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Vaşinqtonda yeni təşkilat yaratması barədə məlumat yayıldı. Həmin məlumatda deyilirdi ki, təşkilatın təqdimat mərasimində ABŞ Konqressinin üzvlərinin, Dövlət Departamentinin rəsmiləri, Amerikanın biznes liderləri və Amerikadakı azərbaycanlı təşkilatlarının təmsilçiləri iştirak ediblər. Xəbərdə həmçinin Vaşinqtonda, Ehtiyatda olan Zabitlər Assosiasiyasının ofisində keçirilən təqdimat mərasimində avtoritar rejimlərə qarşı sərt münasibəti ilə tanınan senator Con Makkeynin də iştirak etdiyi bildirilirdi.
Bu təşkilatın məqsədi təşkilatın məqsədi ABŞ-la Azərbaycan arasında münasibətlərin inkişafı və Birləşmiş Ştatlardakı erməni lobbisinə qarşı işləmək kimi təqdim edilib. Əslində isə məqsəd Azərbaycan hakimiyyətinə ABŞ-da dəstək qazanmaqdır. Elə bu səbəbdən də tədbirdə ABŞ rəsmilərinin, xüsusilə senator Con Makkeynin iştirakı xüsusi qabardılırdı.
Hakimiyyət düşünürdü ki, xeyli pul sərf edib Con Makkeynin də tədbirdə iştirakını təmin etməklə problemi həll edib. Yəni avtoritar rejimlərə qarşı amansız olan bu şəxsə yol tapılıb. Lakin bunun əksi baş verdi. Tədbirdən bir müddət sonra Con Makkeyn Ilham Əliyevə məktub ünvanlayaraq Azərbaycandakı vicdan məhbuslarının azad olunmasını tələb etdi. Bu fakt göstərdi ki, artıq nə milyonlar, nə də lobbi təşkilatları Azərbaycan hakimiyyətinin işinə yarayır.