ARDNŞ Dəmir Yolu Idarəsinin torpaqlarını özününkü sayır
“NZS” qəsəbəsi, Ilham Məmmədov küçəsində (Babək prospektinin yanı) yaşayan vətəndaşlardan 300-dən çox fərdi müraciət göndərilib. Bu insanlar evlərindən məcburi köçürülmə təhlükəsi ilə üz-üzə qalıblar. Kütləvi şikayətlər “Insan hüquqları üzrə maarifləndirmə” QHT-nin təşəbbüsü ilə göndərilib.
QHT rəhbəri Iradə Cavadovanın Turana verdiyi məlumata görə, bu ərazidəki evləri Dövlət Neft Şirkəti sökür. Belə ki, köçürülmə haqqında məhkəmə iddiaları SOCAR “Azneftyağ” NEZ adından verilir. Əslində isə SOCAR və onun qurumları bu işlərdə iddiaçı ola bilməz, belə ki, ərazi Azərbaycan Dövlət Dəmir Yolu idarəsinin balansındadır.
Cavadovanın sözlərinə görə, sakinlərin mülkiyyət hüququnu təsdiq edən sənədləri olmasa da, çoxları 30-40 ildir ki, bu ərazidə yaşayır. Bundan başqa, sakinlərə adekvat mənzil şəraiti yaradılmadan onların köçürülməsi ölkə qanunlarına və beynəlxalq normalara, habelə Avropa Insan Hüquqları Məhkəməsinin presedent qərarlarına ziddir.