Hakimiyyət özünü beynəlxalq aləmin hədəfinə gətirir

elesger-memmedliAvropa Məhkəməsinin qərarlarının qəbul edilməməsi ilə bağlı parlament təşəbbüsü belə qiymətləndirilir

Ələsgər Məmmədli: «Belə bir qanunun qəbulu Azərbaycanın beynəlxalq ictimaiyyətdən təcrid olunmasına gətirib çıxara bilər»

Azərbaycan hakimiyyəti Rusiyanın beynəlxalq aləmlə apardığı qarşıdurma siyasətini özündə təkrarlamaq istəyir. Elə ona görədir ki, Rusiyada qəbul olunan mürtəce qanun layihələri bir müddət sonra olduğu kimi Azərbaycanda tətbiq olunmağa başlayır.

Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı üzv olduğu dövlətlərarası orqanların qərarlarının icrası qaydalarını dəyişdirir.

Milli Məclisin yaz sessiyasında bununla bağlı Konstitusiya qanunu statusunda yeni qanunun qəbul edilməsi nəzərdə tutulur.

Artıq parlamentin yaz sessiyasının planına “Insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsinin müzakirəsi məsələsi daxil də edilib.

Azərbaycan bu məsələ ilə bağlı əksər dövlətlərarası qurumların yurisdiksiyası daxilindədir. Bu sahədə daha çox müraciət olunan belə qurum Avropa Insan Haqları Məhkəməsi və BMT-nin Insan Haqları Komitəsidir.

Milli Məclisin müzakirəsinə gələn bu mövzu 2015-ci ildə Rusiyada gündəmdə idi. Bunun nəticəsində Rusiyada ötən ilin dekabrında ölkənin Konstitusiya Məhkəməsinə Avropa Məhkəməsinin qərarlarını inkar etməyə icazə verən qanun qəbul olunub.

Amma burada bir məqamı nəzərə almaq lazımdır ki, Rusiyanın belə bir addım atması təsadüfi deyil. Çünki Rusiya Qərblə birmənalı qarşıdurma siyasəti yürüdür və bu dövlətin Avropa Şurasında səs hüququ yoxdur. Amma Azərbaycanın belə bir addım atması ölkəmizə qarşı sərt mövqeyin sərgilənməsi ilə nəticələnə bilər.

Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, belə bir təşəbbüs mövcud Konstitusiyaya görə mümkün deyil. Çünki Konstitusiyanın 151-ci maddəsi beynəlxalq aktların hüquqi qüvvəsinin qanunlardan üstün olduğunu deyir. Bu çərçivədə Konstituasiyanın bu müddəası dəyişməyincə, hansısa qanunun qəbul olunması mümkün deyil: “Bunlar yalnız Konstituasiya qanunu qəbul edə bilərlər. Belə bir qanunun qəbulu Azərbaycana nə gətirə bilər? Belə bir qanunun qəbulu Azərbaycanın beynəlxalq ictimaiyyətdən təcrid olunmasına gətirib çıxara bilər. Azərbaycanın öz vətəndaşlarının beynəlxalq arenada təsbit olunmuş hüquqlarının inkar edilməsində Rusiya ilə bir yolu getməsi mümkün deyil. Çünki Rusiya dünya düzəninə qarşı gedən bir siyasət yürüdür. Rusiya başqa dövlətlərin ərazisini işğal edən, qeyri-demokratik dəyərləri mənimsəyən, avtoritar rejimlərə dəstək verən bir ölkədir. Rusiya güc faktorundan istifadə edərək beynəlxalq hüquqa qarşı çıxır”.

Ə.Məmmədlinin fikrincə, Avropa Məhkəməsinin qərarlarının qəbulu, Avropa Şurasına qoşulma Azərbaycan xalqının ortaq maraqlarıdır. “Belə bir qanunun qəbulu Azərbaycan hökuməti və parlamentinin çox sürətlə gözdən düşməsinə səbəb olacaq”, deyə Ə.Məmmədli vurğuladı.

Xəyal