“Korrupsiyanın geniş yayıldığı ölkələrdə kreditlər adətən hakim şəbəkənin əlinə keçir və borc içərisində olan əhaliyə deyil, hakimiyyətə xidmət edir”
Amerikanın “Quartz online” internet dərgisi də Azərbaycanın BVF və Dünya Bankından 4 ilyard kredit istəməsi barədə yazıb. Məqalədə Azərbaycan Nigeriya ilə yanaşı dünyanın ən korrupsiyalaşmış 2 ölkəsindən biri kimi göstərilir.
Müəllif Stiv Levin yazır ki, BVF və Dünya Bankı ən korrupsioner iki ölkəyə yardım göstərməyə hazırlaşır: “Neft qiymətlərinin son 19 ayda düşməkdə davam etməsi qlobal enerji sektoruna baha başa gəlir. Hazırda beynəlxalq banklar Azərbaycan və Nigeriyaya yardım əlini uzadıb. Azərbaycan Beynəlxalq Valyuta Fondu ilə 4 milyard, Nigeriya isə Dünya Bankı və Afrikanın İnkişaf Bankı ilə 3.5 milyard dollarlıq kredit üzrə müzakirələr aparır”.
Məqalədə xatırladılır ki, Transparency International-ın yanvar ayında açıqladığı korrupsiya indeksinə görə, Azərbaycan 168 ölkə arasında 119-cu, Nigeriya isə 136-cı yeri tutur.
Müəllif yazır ki, neft qiymətlərinin kəskin ucuzlaşması ilə iqtiadiyyatları əsasən neftdən asılı olan bir çox ölkələr dərin iqtisadi böhranla üzləşirlər. Lakin Azərbaycan və Nigeriyadan fərqli olaraq, Venesuela və Səudiyyə Ərəbistanının Qərbə yardım üçün üz tutacaqları gözlənilmir.
Karnegi Beynəlxalq Sülh Mərkəzindən Sara Çayesin dediyinə görə, korrupsiyanın geniş yayıldığı ölkələrdə kreditlər adətən hakim şəbəkənin əlinə keçir və siyasi hakimiyyət üçün alətə çevrilir. Nəticədə bu vəsait borc içərisində olan əhaliyə deyil, hakimiyyətə xidmət edir. Ekspert belə vəziyyətdən çıxış yolunu kreditlərin mücərrəd islahatlara deyil, spesifik infrastruktur layihələrinə ayrılmasında görür.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç isə deyib ki, Azərbaycan kredit axtarmaqdansa, neft şirkətləri və bankların özəlləşdirilməsinə imkan yaratmalıdır. Səfirin fikrincə, qorxulusu budur ki, İlham Əliyev narazı xalqının diqqətini yayındırmaq məqsədi ilə 1994-cü ildə atəşkəs əldə edilən Ermənistanla yenidən müharibəyə başlaya bilər.