Məmurlar və deputatlar ölkəyə səpələnib vətəndaşlara quru vədlər verirlər
Rayonlarda kütləvi etiraz aksiyaları səngisə də hökumətin narahatlığı hələ keçməyib. Hakimiyyət fərqindədir ki, etirazların səngiməsi müvəqqəti xarakter daşıyır. Ölkədə böhran gündən-günə dərinləşir ki, bu da hər an etiraz aksiyalarının baş verməsini şərtləndirir. Ona görə də hazırda məmurların əksəriyyəti rayonlarda səfərdədir.
Hətta iş o yerə çatıb ki, ölkə başçısı Ilham Əliyev köməkçisi Əli Həsənovu da Qubaya göndərib. Həmçinin deputatlar da bölgələrə də göndərilib. Məlumatlara görə, məmurlar və deputatlar yerli sakinlərlə görüşlər keçirib şirin vədlərlə narazılığı bir qədər yatırmaq istəyirlər. Bildirilir ki, hakimiyyət bununla sadəcə vaxt udmağa çalışır. Lakin böhran dərinləşdikcə rayonlara bu sayaq quru səfərlərin də nəticəsi olmaya bilər.