İdxalın fantastik həddə azalması böhranı daha da dərinləşdirəcək
Bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin sədr müavini Mirqasım Vahabov məlumat verdi ki, Azərbaycanda yanvar ayında idxal 65-70 faiz azalıb. Onun sözlərinə görə, yanvar ayının reallığı bu il Azərbaycanın idxalının 5 milyard dollardan artıq olmayacağını göstərir: “Proqnozlara görə, idxal keçən illə eyni olmayacaq. Artım olsa, Dövlət Gömrük Komitəsi vergi və rüsumları toplayıb dövlət büdcəsinə ödəyəcək”.
Mirqasım Vahabov azalmanın strukturu barədə konkret bilgi verməyib. Yəni bəlli deyil ki, bu azalma daha çox ərzağın, yoxsa digər məhsulların idxalındadır. Ekspertlər hesab edir ki, azalma daha çox ərzağın idxalı ilə bağlıdır. Onlar məsələ ilə bağlı bir neçə versiya irəli sürürlər. Versiyalardan biri devalvasiyadan sonra xeyli sayda ticarət obyektinin fəaliyyətini dayandırması, sahibkarların biznesini xaricə köçürməsi ilə bağlıdır.
Lakin bir məqamı qaçırmaq lazım deyil ki, Azərbaycanda idxal sahəsi oliqarxların məmurların nəzarətindədir. Hansısa sıradan bir sahibkarın ölkəyə hansısa məhsulu idxal mafiyasının razılığı olmadan idxal etməsi sadəcə mümkün deyil. Ona görə də ekspertlər belə bir versiya da irəli sürürlər ki, idxalın azalması ölkədən pul çıxarılmasının qarşısını almaq üçün hakimiyyətin öz planı da ola bilər.
Başqa bir versiya isə büdcəyə yenidən baxılması ilə bağlıdır. “Maliyyə naziri Samir Şərifov büdcəyə yenidən baxılacağını və 2 milyard əlavə olunacağını bildirmişdi. Bu halda büdcəni doldurmaq üçün təbii ki, əsas güc gömrük və vergi orqanlarının üzərinə düşəcək. Mümkündür ki, gömrük rəhbərliyi idxalı azaltmaqla hökumətə üzərinə düşən öhdəliyi yerinə yetirə bilməyəcəyi mesajını verir. Təsadüfi deyil ki, Samir Şərifovun açıqlamasından bir neçə gün sonra gömrük komitəsinin sədri Aydın Əliyev bəzi gömrük rüsumlarının artırılmasını təklif etmişdi. Komitə sədri bununla demək istəyirdi ki, gömrük rüsumları artırılması ona bəslənən ümidlər əbəsdir”.
Ekspertlər hesab edir ki, istənilən halda idxalın fantastik həddə azalması ölkə üçün yaxşı heç nə vəd etmir. “Bu tendensiya bir neçə ay da davam etsə, ölkədə qıtlıq və bahalaşmanın olması şübhəsizdir”, – deyə ekspertlər əlavə edib.