elnurastanbeyli@gmail.com
Şərhsiz
2015-ci il. Ilham Əliyev: “Dedim ki, öyrənin bu villalar kimindir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun”.
2016-cı il. Xəbər lentlərindən: “Azərbaycanlı məmurun arvadı, SOCAR-ın əsaslı kapital qoyuluşları Idarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşı Türkiyənin kurort şəhərində 20 milyon dollara 16 villa alıb”.
Devalvasiyadan sonrakı yaltaq
Bu günlərdə uzaqdan-uzağa tanıdığım bir yaltaqla təsadüfən qarşılaşdıq, çox isti görüşdü, gedişatdan – “manat”ın ölməsindən, ərzağın bahalaşmasından, maddi vəziyyətin ağırlığından xeyli gileyləndi, korrupsiyanın, monopoliyanın xalqın evini yıxdığını söylədi. Dedim, “vallah, sən nahaq yerə əziyyət çəkib mənə çox da ümid eləmə, mən böyük ehtimalla bunlardan sonra hakimiyyətə gələnlərə də müxalif olacam”.
Insafən, qıpqırmızı oldu, hörmətim yarandı, hələ də utana bilirmiş…
Şərhsiz
Yazının əvvəlində: “Ümummilli liderimiz…”
Yazının ortasında: “Möhtərəm Prezidentimiz…”
Yazının axırında: “Ən böyük qəhrəmanlıq yaltaqlıq etməməkdir”…
(moderator.az-da “tanınmış jurnalist” kimi təqdim olunan Məzahir Süleymanzadənin məqaləsindən)
Şübhəçilik və inkarın önəmi
Azərbaycanın ən böyük problemlərindən biri cəmiyyətin böyük kəsiminin (ən yaxşı halda 1 faizi istisna etmək olar, bu isə ümumi qaydanı dəyişmir) skeptik və inkarçı düşüncədən məhrum olmasıdır. Elə ona görə də bu ölkədə adamlara istənilən yalanı asanlıqla sırımaq mümkündür. Nə də olsa, insanlar həmin yalanı sorğulamayacaqlar, ona şübhə ilə yanaşmayacaqlar, onun doğruluqdan çox uzaq olduğunu ağıllarının ucundan belə keçirməyəcəklər. Sadəcə və sadəcə, kor-koranə inanacaq və biət edəcəklər.
Gəlişmiş ölkələrin təcrübəsinə baxaq: orada inkişafı, tərəqqini şərtləndirən iki başlıca amil var. Bunlardan biri – şübhəçilik, digəri – inkardır. Həqiqət yalnız bu ikisinin doğurduğu mübahisələr, müzakirələr, fikir toqqquşmaları, söz güləşdirmələri sayəsində gün işığına çıxır. Doğru yolu ancaq belə tapmaq olar.
Skeptik və inkarçı düşüncənin yoxluğunda istənilən fikrin mütləq həqiqətə çevrilməsi, istənilən şəxsin toxunulmazlıq statusu qazanması, istənilən hadisənin alın yazısı kimi qavranılması qaçılmaz sonluqdur, məntiqəuyğunluqdur. Belədə isə hansısa yüksəlişə, irəliləyişə ümid etmək filfilo söhbətdir.
Elza Seyidcahan və “xalq şairləri”
Siz elə bilirsiniz camaat Elza Seyidcahanın şeirlərini ona görə bəyənmir ki, mənasızdır, istedadsız yazılıb? Qətiyyən. Belə olmasaydı, insanlar bir vaxtlar Sovet, sonra isə YAP təbliğatının şar kimi üfürüb şişirtdiyi adamlara da kor-koranə vurğunluq, heyranlıq duymazdılar. Elza Seyidcahanın şeirlərini indi yalnız ona görə bəyənmirlər ki, “xalq şairi” deyil, “Şöhrət” ordeni almayıb, ömrünün yarısı deputat kimi keçməyib, uşaqları yüksək vəzifələrdə deyil, Fəxri Xiyabanda basdırılmaq perspektivi yoxdur və s. və i. Əgər Sistemin arzusu, istəyi olsa, toplumun biət etdiyi istənilən ədəbi bütün yerində rahatlıqla Elza Seyidcahan da ola bilər. Bu qədər sadə.