ABŞ İsrailə minlərlə əsgər və ballistik raket sistemi yerləşdirəcək
Vaşinqton Tehrana qarşı sanksiyaları gücləndirdi; Körfəz ölkələri İranı xəbərdar etdi
İranın nüvə proqramı ətrafında yaranmış gərginlik davam edir. ABŞ başda olmaqla Qərb ölkələri Tehranı nüvə silahı əldə etmək fikrindən daşındırmağa çalışsa da, İranın bütün çətinliklərə baxmayaraq öz niyyətindən əl çəkəcəyi real görünmür. Dünyanın bir çox ölkələri tərəfindən sanksiyalara məruz qalan İran yeni nüvə öbyektinin tikintisinə başlamaq niyyətini açıqlayıb.
Təbii ki, diplomatik səylərin uğursuz alınacağı təqdirdə İrana qarşı hərbi müdaxilə variantı da istisna olunmur. Son günlər İsrail İrana hərbi müdaxiləni tez-tez gündəmə gətirir. ABŞ hələ ki, problemin güc yoluyla həllində maraqlı görünməsə də, hərbi müdaxilənin mümkün olacağını bildirir. “CBS” kanalına müsahibə verən ABŞ müdafiə naziri Leon Panetta bildirib ki, ölkəsi İranın nüvə silahı əldə etmək niyyətini önləmək üçün bütün vasitələrə əl atacaq. Pentaqon şefi Tehrana yönəlik hərbi müdaxilənin daim gündəmdə qaldığını lakin hələ bu yöndə konkret addımlar atmaq niyyətlərində olmadığını söyləyib.
ABŞ və İsrail isə yaxın günlərdə tarixlərinin ən böyük raket sınaq təlimlərini keçirməyi planlaşdırır. Təlimlərin dəqiq vaxtı açıqlanmasa da minlərlə amerikan əsgərinin İsrail ərazisində yerləşdiriləcəyi söylənilir. ABŞ Hərbi Hava Qüvvələrinin generalı Frank Qorensin Almaniyadakı hərbi bazadan İsrailə gəldiyi deyilir. ABŞ bununla yanaşı “Aegis” ballistik raket sistemini də İsrailə gətirməyi planlaşdırır. Sistem İsrailə yönəlik raket təhdidlərinə qarşı sınaqdan keçiriləcək. İsrail hərbi hava qüvvələri neft-qaz obyektlərini qorumaq üçün Hayfa şəhərində “Dəmir Qübbə” sistemi qurmağı planlaşdırır.
Qərb hazırda İranla sərt diplomatik dillə danışır. ABŞ Tehrana qarşı növbəti sanskiya tətbiq edib. Maliyyə Nazirliyinin yeni qadağalarının bu dəfəki hədəfi İranın Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 10 şirkət və bir İran vətəndaşı olub. Maliyyə nazirinin terrorizm və maliyyə informasiyası üzrə müavini Devid Kohen jurnalistlərə açıqlamasında sanksiyaya məruz qalan şirkətlərin Maltada fəaliyyət göstərdiyini bəyan edib: “Nə qədər ki, İran İslam Respublikasının Gəmiçilik Şirkəti beynəlxalq sanksiyalardan yayınmaq üçün qanunazidd əməllərini davam etdirir, öz niyyətlərini həyata keçirmək üçün başqa-başqa şirkətlərdən istifadə edir, biz də İran Gəmiçilik Şirkətinin rəsmilərini ifşa edəcək, onun qanunsuz ticarətinin qarşısını almağı davam etdirəcəyik”.
ABŞ rəsmisi əlavə edib ki, qanunsuz yollarla ticarət edən, İranın nüvə proqramına yardım göstərən İran-Hindistan Gəmiçilik Şirkətinin icraçı direktoru Cəmşid Xəliliyə də sanksiya qoyulub. Sanksiyalar İranın nüvə proqramının qarşsını almaq məqsədi daşıyır. İtaliyada isə Tehran qarşı yeni sanksiyalar müzakirə olunub. ABŞ, Kanada, Yaponiya, Avstraliya, Cənubi Koreya və digər dövlətlərin diplomatları İranın nüvə proqramı və bu ölkəyə yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı müzakirələr aparmaq üçün görüşüblər. İtaliya Xarici İşlər Nazirliyi belə bir görüşün keçirildiyini təsdiqləsə də, ancaq təfərrüatı və nəticəsi ilə bağlı məlumat verməyib.
Bu arada Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurası İrana bu quruma üzv ölkələrin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq ünvanlayıb. Dekabrın 20-də Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad şəhərində toplanan 6 ərəb ölkəsi bəyanat yayaraq Tehrandan bu siyasətinə son qoymasını tələb edib. Eyni zamanda onlar İranı məzhəblər arasında nifaq salmamağa da çağırıblar.
Rəsmi Tehran isə Atom Enerjsi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişlərini ölkəyə dəvət edib. İran MAQATE-dəki Əli Əsgər Soltaniyə bildirib ki, bu barədə rəsmi məktub qurumun rəhbəri Yukiya Amanoya çatdırılıb.
İran müfəttişləri bu təşkilatın İranın nüvə proqramı ilə bağlı dərc etdiyi hesabatdan sonra ilk dəfə ölkəyə dəvət edib.
İran rəsmiləri bundan əvvəl tətqib olunmuş sanksiyaların öz təsirini göstərdiyini bildirib. “İranAir” hava yolları şirkətinin icraçı direktoru Fərhad Pərvəriş Avropanın bir sıra aeroportlarında İranın sərnişin təyyarələrinə yanacaq verilmədiyini söyləyib. Pərvəriş deyib ki, bu beynəlxalq sanksiyalarla əlaqədardır:“Hazırda “İranAir” aviasiya şirkəti dünyanın 33 yerinə uçuş təşkil edir. Lakin İrana qarşı sanksiyalar gücləndirildikdən sonra Avropa ölkələrindəki 13 aeroport təyyarələrimizə yanacaq verməkdən imtina edir. Sərnişin təyyarələrimizə yanacaq verilməməsinə baxmayaraq biz Avropa ölkələrinə uçuşları dayandırmamışıq”.
Bundan başqa Fransanın İrandakı səfirliyinin mədəniyyət mərkəzi öz işini dayandırıb. Mərkəz Fransada təhsil almaq istəyən iranlı tələbələrin qəbulu, onlardan fransız dili imtahanları alınması, Fransa mədəniyyət günlərinin keçirilməsi və digər sahələrdə fəaliyyət göstərirdi.
İran mətbuatının xəbərinə görə, Fransanın Tehrandakı səfirliyinin mədəniyyət mərkəzi fəaliyyətini Fransa prezidenti Nikola Sarkozinin birbaşa göstərişi ilə dayandırıb. Buna Avropa Birliyinin İrana qarşı sanksiyalarının səbəb olduğu deyilir.
İnformasiya şöbəsi