«Əslində kredit hansı məzənnə ilə götürülübsə, o məzənnə ilə də qaytarılmalıdır»
«Müsbət saldodan məhrum olmağımız böyük problemlərə meydan açır»
Milli Məclisin dünən keçirilən növbədənkənar iclasında əhalinin banklara dollar kreditlərinin ödənilməsi ilə bağlı məsələyə dair qərarın qəbulu təxirə salınıb.
Iclasda səsləndirilən fikirlərə görə, ilk növbədə bank sisteminin işi tənzimlənməli və bu sektorda sabitlik yaranmalıdır. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, yalnız bundan sonra dollarla olan kreditlərin ödənilməsi məsələsinə baxmaq olar: “Hazırda böhrandır. Qoyun banklar normal fəaliyyət göstərsin, kreditlərlə bağlı məsələlər isə gələcək perspektivdə müzakirə oluna bilər”.
“Dollarla kredit götürənlər hələ gözləməlidir”
Mərkəzi Bankın Idarə Heyətinin sədri Elmar Rüstəmov da dollarla kredit götürən borclananlara güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib. “5 000 dollaradək olan kreditlər köhnə məzənnə ilə ödənilə bilərmi” sualına baş bankir bu cür cavab verib: “Beş min dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. Ilkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu təkcə Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir”.
“Tədiyyə balansı sıfıra enib”
“Ilk növbədə qlobal beynəlxalq iqtisadi şokları neytrallaşdırmaq lazımdır. Bizim tədiyyə balansımızın müsbət kəsiri 17 milyarddan 2015-ci ildə faktiki olaraq sıfıra enib. Ona görə də əvvəlcə büdcənin yığcamlaşdırılması, Dövlət Neft Fondunun strateji ehtiyatlarından qənaətlə istifadə olunması qarşıda duran əsas vəzifədir”. Bu fikirlər də, E.Rüstəmova aiddir.
“Bankların 5 milyard alacağı var”
E.Rüstəmovun sözlərinə görə, qarşıda duran ilkin vəzifə ölkədə tam iqtisadi sabitliyin bərpa olunmasıdır: “Etiraf edirik ki, bəzi problemlər var. Hər şeyi çəhrayı fonda təqdim etmək düzgün olmazdı. Əsas olaraq manat əmanətlərinə daha çox üstünlük veriləcək. Bu gün bank sektorlarının 5 milyarda yaxın likvidliyi var”.
AMB sədri onu da qeyd edib ki, ölkədə kapital çıxışına yığım təklif olunur: “Bu məbləğin 20 faiz olması təklif edilir. Bu tam qadağa deyil. Bu proseslər iqtisadi mexanizm vasitəsilə həyata keçirilir. Bütün başqa kapitalın qeyri-cari hərəkət istiqamətində heç bir məhdudiyyət yoxdur”.
“Azərbaycanın itkiləri daha da böyüyəcək”
Iqtisadçı Nemət Əliyevlə mövzuda toxunulan məqamlara aydınlıq gətirdik. N.Əliyev vurğuladı ki, tədiyyə balansı xarici ölkələrlə Azərbaycan arasında aparılan hər növ iqtisadi əlaqələri özündə əks etdirir. N.Əliyevin sözlərinə görə, balans üzrə müsbət saldodan məhrum olmağımız böyük problemlərə meydan açır: “Məsələ bundadır ki, idxaldan asılılıq səviyyəmiz çox yüksəkdir və buna görə daha çox valyuta xərcləməliyik. Ancaq, qeyri-neft sektorunun zəif inkişaf etməsi ucbatından xarici valyuta qazanmaq imkanımız çox məhdudur. Aşağı səviyyəli xidmətimiz də bu işdə bir o qədər kara gəlmir. Odur ki, bir müddət Azərbaycanın itkiləri daha da böyüyəcək”.
N.Əliyevin fikrincə, hökumət bundan sonra üç yoldan birini seçəcək: Birinci yol – Azərbaycana məxsus aktivləri (gözəgəlimli müəssisələri, səhmləri) satacaq; Ikinci yol – xarici ölkələrdən borc alacaq. Və sonda üçüncü yol sadalanan hər iki variantı birdən tətbiq edəcək.
Dollarla krediti olan vətəndaşlara dövlətin kömək etməsiylə bağlı təkliflərə gəlincə, N.Əliyev bildirdi ki, hökumətin bu istiqamətdə təklifləri ədalətli deyil. Beş minə qədər olan kreditlərin böyük hissəsini fevralın 21-nə qədər olan kreditlər təşkil etdiyini vurğulayan N.Əliyev bildirdi ki, MB kreditorların maraqlarını nəzərə almadan kreditləri fevralın 21-də milli valyutanı 34 faiz dəyərsizləşdirmişdi: “Hazırda belə bir ideya səslənir ki, beş minə qədər olan kreditlər dolların dekabrın 21-nə qədər olan kursu ilə ödənilsin. Axı niyə? Dollarda kredit hansı məzənnə ilə götürülübsə, ədalətli o olardı ki, kredit həmin məzənnə ilə qaytarılsın. Elman Rüstəmov bəyan edir ki, 250 milyon vəsait tələb olunur ki, dollarda olan kreditlər dekabrın 21-nə qədər olan məzənnə ilə qaytarılsın. Amma heç bunu da edə bilmirlər. Mərkəzi Bankın dollarda krediti olanlara sayğısız və qeyri-insani münasibəti problemi həll etməyəcək”.
Bankların 5 milyarda yaxın likvidliyinin olmasına gəlincə, N.Əliyev vurğuladı ki, bu bank sektorunun problemlərinin təzahürüdür. “Manatın dəyəri fevralda 34, dekabrda 48 faiz ucuzlaşdırıldı. Dekabrdan ötən dövrdə isə daha 10 faiz dəyər itirildi. Nəticədə bankların əhalidən 5 milyard alacağı yaranıb. Lap bu məbləğ 10 milyard olsun. Əgər ölkədə iş yerləri yoxdursa, alıcılıq aşağı düşübsə, həmin krediti götürən sahibkar normal fəaliyyət göstərib krediti ödəyə bilmirsə, bunun açması odur ki, həmin vəsaitlər geri qaytarılmayacaq”.
Xəyal