Ermənistandakı 102-ci hərbi baza da hərəkətə gətirilib
İran və Suriya hakimiyyətlərinin insan haqlarını kobudcasına pozduğuna görə beynəlxalq ictimaiyyət tərəfindən qınanmasına baxmayaraq hələ də həmin rejimlərlə əməkdaşlıq edən Rusiya növbəti gözlənilməz addım atıb. Rus mətbuatının yazdığına görə, Kreml Qərbin yaxın günlərdə Suriya və İrana Türkiyə ərazisi üzərindən hərbi müdaxilə edəcəyinə inandığı üçün Türkiyə sərhədinə yaxın hərbi birləşmələri birinci dərəcəli döyüş vəziyyətinə gətirib.
Geosiyasi analitik məqalələri ilə tanınan “Nezavisimaya” qəzetinin xəbərində deyilir ki, Rusiya NATO ölkələrinin Suriya və İrana hərbi hücumunu real sayır. Qəzet Kremlin əldə olunan kəşfiyyat məlumatlarına əsasən dekabrın 1-dən etibarən xüsusilə Türkiyə ilə sərhəddəki hərbi birləşmələrin hazır vəziyyətə gətirilməsinə göstəriş verdiyini bildirib. Bölgədə hərbi hərəkətlilik müşahidə olunur. Bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilən hərbi birləşmələr arasında Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası da var. Hərbi bazadakı zabitlərin ailələri 15 gün əvvəl Rusiyaya göndərilib. Hərbi texnika və şəxsi heyət bazadan çıxaraq Türkiyəylə sərhədə yaxın bölgələrdə düşərgə salıblar.
İkinci mühüm addım isə Qara dəniz və Xəzər dəniziylə bağlıdır. Rusiya hərbi donanmasına məxsus gəmilər şərqi Qara dəniz bölgəsində bir həftədən çoxdur ki, döyüş hazırlığındadır. Hərbi mənbələr həmin gəmilərin tamamilə döyüş sursatları ilə silahlandığını vurğulayıb.