«Bir çox məmurun qulağını çəkmək yox, kəsmək lazımdır!»
Rza Rzayev adlı müşavir antiəliyevçilərin indi vəzifə tutmasından, vətəndaşlarla kobud davranılmasından məqalə yazıb
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin Rza Rzayev adlı müşaviri üsyan dolu məqalə ilə çıxış edib. “Ədalət” qəzetində bir qədər əvvəl “Mazqi” başlığı ilə dərc olunan məqalədə ölkədəki anormal vətəndaş-məmur münasibətləri, adi insanları səlahiyyətli şəxslərin dəli etmə səviyyəsinə çatdırması konkret faktlarla göstərilir.
“Bir çox məmurun qulağını çəkmək yox, kəsmək lazımdır!”- kimi girişlə başlanan yazıda müəllif Naxçıvana gedərkən aerokassada mənəvi cəhətdən necə terror olduğunu qeyd edir.
Nə, diplomatik pasport?! Boş şeydir!!!
O, bilet satanların və bu şəxslərin rəislərinin saymazyana rəftarı ilə qarşılaşdığını yazır: “Pasportu stolun üstü ilə xanıma tərəf itələdim, xanım güzgüyə baxa-baxa, gözlərini süzdürə-süzdürə, məni süzdü. Qız çox əsəbi və ədalı – növbəni gözlə – deyə üstümə çəmkirdi. Bir anlığa duruxdum, nə deyəcəyimi kəsdirə bilmədim: Axı məndən başqa növbədə kimsə yoxdur”.
Rza Rzayev yazır ki, diplomatik pasportunu təqdim etsə də nə bilet satan, nə də onun rəisi mötəbər sənədə məhəl qoyub: “Xanım pasportumu da götürüb getdi, bir ədayla yeriyir ki, qalib qayıdacağına öncədən əmin kimi. 45-50 yaşlarında olan bir kişi ilə qayıdır:
– Növbəni pozan şəxs sizsiniz?
– Növbədə məndən və bu vətəndaşdan başqa kimsə yoxdur.
– Yox, siz növbənizi gözləyin.
– Mən növbəni pozmamışam, siz kimsiniz?
– Mən buranın rəisiyəm.
– Bir də mən xidməti pasaportlayam, sizin borcunuzdur mənə hər cürə köməklik göstərmək, oxuya bilirsinizsə, pasportun birinci səhifəsində yazılanları oxuyun.
– Oxumuşam, nə olsun, boş şeydir.
Artıq beynim xarab olub. Daxili orqanlarım əsim-əsim əsir, Bakı küləyi kimi, gah Gilavarı, gah da Xəzri. Adrenalin vəzi artıq öz işini görüb”.
Müşavir bir yumruğa görə alınacaq rüşvətin miqdarını açıqlayır
Etinasızlıq və təhqiramiz münasibət o həddə çatır ki, müşavir etiraf edir ki, rəisin çənəsinin altına yumruq ilişdirmək qərarına gəlir. Lakin o, pulunun az olması ucbatından yumruğu təxirə salır: “Bir anlıq bir yumruğun qiymətini hesabladım – çənənin və dişlərin qiyməti, həkim pulu – ən azı 3000 manat, ziyan çəkənin pulu, əgər durarsa – ən azı 3000 manat və digər xərclər – ən azı 10000 manat – cəmi 16000 manat. Çünki mən xuliqan sayılacam və xuliqanlıq maddəsinə görə üç ildən yeddi ilə qədər içəridə yata bilərəm. Tez cibimi yoxladım, yox – cibimlə uyğun gəlmir”.
“Heydər Əliyevə görə məni döyənlər indi deputatdır”
Məqalənin davamında müəllif azca üstüörtülü ifadələrlə ölkədə yaranan xaosu Heydər Əliyevin yoxluğu ilə əlaqələndirib. Heydər Əliyevi “O” kimi simvolizə edən Rza Rzayev yazır ki, hələ 1991-ci ildən “ONU” müdafiə edib və buna görə çeşidli təqib və təzyiqlərlə qarşılanıb, buna görə psixi xəstə alçaldılmaları ilə üzləşib. Rzayev təəssüf və qəzəblə əsl heydərçilərin yox, əksheydərçilərin indi at oynatdığını da yazısında iddialı formada göstərir: “ONSUZ” çox şey dəyişib, dost və düşmən yeri də. “O” sevməzdi belə şeyləri. Mənə “ONA” görə dubinka vuranlar, dubinka vurduranlar indi millət vəkilidir, idarə rəisidir, şöbə müdiridir və mühafizəçidir və bunun adı – siyasətdir.
Natiq