Polis idarəsində pis rəftara məruz qalan dəmiryolçu qapalı kəllə-beyin travması alaraq sağlamlığını itirib
Imişli rayon prokurorluğu isə zərərçəkəni cinayət törətməkdə təqsirli bilir
Son vaxtlar ölkə vətəndaşlarının sağlamlığını büsbütün itirəcək, hətta ölümlərinə səbəb olacaq dərəcədə pis rəftara məruz qalması müşahidə edilir. Pis rəftar edənsə polis əməkdaşlarıdır. Əvvəllər vətəndaşa qarşı belə qeyri-insani münasibət siyasi sifarişdən qaynaqlanırdısa, bu gün belə rəftar adi davranış normasına çevrilib. Imişli şəhərinin E.Ibrahimov küçəsindəki 68 saylı evdə yaşayan Mehdiyev Cabir Əli oğlu da növbəti qurbanlardan biridir. O, hakim partiyanın – YAP-ın üzvüdür, polis idarəsində sıravi polislərin onu vəhşicəsinə döydüyünü iddia edir.
1970-ci il təvəllüdlü, Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) Imişli stansiyasının mühafizə bölməsində baş atıcı işləyən, 4 uşaq atası C.Mehdiyev toydan çıxıb kefi kök vəziyyətdə evə qayıdarkən Imişli RPŞ-nin əməkdaşları onu saxlayaraq polis idarəsinə aparıb. Az müddətdə elə vəziyyətə salınıb ki, həyatını xilas etməkdən ötrü şöbəyə “təcili yardım” çağırılıb. Son 6 ayda üzərində bir neçə dəfə əməliyyat aparılıb, stasionar şəraitdə “qapalı kəllə-beyin travması, beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə müalicə olunub. Bu müalicələrin nə dərəcədə effekt verəcəyi deyilməsə də, həkimlər artıq indidən onun əmək qabiliyyətini itirdiyini və daha heç vaxt əvvəlki işinə qayıda bilməyəcəyini deyir.
“Mən YAP-ın biletini hərləmirəm”
Beyninin silkələnməsinə, əsəblərinin pozulmasına baxmayaraq, Cabir başına gələnləri tam təfsilatı ilə xatırlayır. Təmkinini itirməmək, hadisəni ardıcıllıqla danışmaq üçün nəzərlərini başqa səmtə yönəldir – elə bil danışdıqlarını soyuq üzlü divardan oxuyur:
“Iyunun 18-də saat 21-də Imişli şəhərindəki ”Nuray” şadlıq sarayında keçirilən toydan çıxıb, qardaşım Azadın “Jiquli”si ilə evə qayıtmaq istədim. “Aran” şadlıq sarayını ötərək dörd yol ayrıcına çatanda, dairədə iki avtomobilin yanaşı dayandığını və sükan arxasında olan sürücülərin söhbət etdiyini gördüm. Dayanan avtomobillərin arasından keçə bilməzdim, buna görə də yolun sağ hissəsinə meylləndim. Bu vaxt arxadan iki polis əməkdaşı qışqıraraq, saxlamaq göstərişi verdi. Mən maşını yolun kənarına çəkib saxladım. Onlar Yol Patrul Xidməti əməkdaşları deyildi. Bununla belə, məndən sürücülük vəsiqəsi və digər sənədləri istədilər. Üzərimdə YAP biletindən başqa heç bir sənəd yox idi. Köynəyimin cibindən çıxarıb onu təqdim edəndə, 100 dollar pul da cibimdən çıxıb üstümə düşdü. Sənədi alan Azər Nuriyev “mən YAP-ın biletini hərləmirəm, sürücülük vəsiqəni ver” dedi. Deyəsən, gördükləri pul onları iştaha gətirmişdi, üzərimdə sürücülük vəsiqəsinin və avtomobilə dair sənədlərin olmaması, həm də spirtli içki qəbul etməyim göydəndüşmə fürsət idi. YAP-ı söyüb, biletini ayaq altına atıb tapdayaraq, yaxamdan yapışdılar. Müqavimət göstərəndə maşından yerə salıb döyməyə başladılar. Bu vaxt artıq daha bir polis əməkdaşı da onların köməyinə gəlmişdi. Imişli RPŞ-nin Dövlət Yol Polisi (DYP) bölməsinə xəbər verilsə də, həmin yerə bölmənin əməkdaşları gəlmədi, məni öz maşınlarına basıb şöbəyə apardılar. Məni DYP-nin xidməti otaqlarından birinə salıb vəhşi kimi düşdülər üstümə. Dubinka ilə başımdan zərbə endiriləndə huşumu itirib yıxıldım.
Işgəncə yerinə təcili yardım çağırılıb
Ayılanda üst-başım qanlı, bütün əzalarım ağrılı idi. Mobil telefonum yaxınlığımda yerə düşmüşdü. Onu götürüb qardaşımın nömrəsini yığdım, zəng elə təzəcə nömrəyə çatmışdı ki, əlimdə olan telefona təpiklə vurdular, aparat divara dəyib çilik-çilik oldu. Sonradan qardaşım mənə bir neçə dəfə zəng edib, nömrəmə zəng çatmadığını görüb narahat olaraq o da polis idarəsinə gəlib. Mən qanıma qəltan edilib huşsuz vəziyyətdə yerdə uzanıqlı vəziyyətdə qalanda, ona burada olmadığım bildirilib. Sonradan öyrəndim ki, məni tanıyan polis əməkdaşlarından biri bu barədə eşidəndə həmin otağa gəlib, vəziyyətimi görərək, “siz neynirsiniz, bu adam ölə bilər” deyib “təcili yardım” çağırtdırıb və xəstəxanaya aparıb. Sonradan biləndə ki, vəziyyətim get-gedə ağırlaşır, mənə xəsarət yetirmiş polis əməkdaşlarını məsuliyyətdən azad etmək üçün barəmdə qurama cinayət işi açdılar. Əsəblərimi pozan həm də odur ki, faktiki zərərçəkən olduğum halda, məni günahkar çıxarıblar”.
Prokurorluq iddia edir ki, Cabir “Rembo”luq edib
Ötən 6 ayda Cabir canı ilə əlləşdiyi vaxtda, Imişli rayon prokurorluğu sakitcə öz işini görüb – barəsində cinayət işi açıb, istintaq aparıb və işi məhkəməyə göndərib. Ölərsə, özü günahkar hesab ediləcək, sağ qalarsa, cinayət ittihamı ilə mühakimə olunacaq. Bax, iş buna deyərlər!
Imişli rayon prokurorluğunda açılan 110440053 saylı cinayət işi üzrə istintaq artıq başa çatıb və tərtib edilən ittiham aktına görə Mehdiyev Cabir Əli oğlu CM-in 315.1 və 221.3-cü maddələri ilə təqsirləndirilib. Həmin sənədə görə 18.06.2011-ci ildə C.Mehdiyev məcburi qaydada Imişli RPŞ-yə gətirilib. Alkoqol sərxoşluğunu müəyyən etmək üçün Imişli RPŞ-nin əməkdaşları tərəfindən DYP bölməsinin otağına dəvət edilərkən, Cabir şöbənin inzibati binasının həyətində öz xidməti vəzifəsini yerinə yetirən və hakimiyyət nümayəndəsi olan Nuriyev Azər Əli oğlunun üzərinə hücum edib, ona həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib, əlləri ilə polis xidməti geyim formasından yapışaraq, köynəyinin və maykasının yaxasını çəkib cırıb, sol çiynində olan paqonunu isə qoparıb və bununla ona 13 manat 50 qəpik məbləğində maddi ziyan vurub. Bundan sonra sərxoşluğunun dərəcəsinin təyin edilməsi üçün o, Imişli RPŞ-nin DYP bölməsinin baş inspektorunun otağına aparılıb. C.Mehdiyev həmin xidməti otaqda da yoxlamaya imkan verməyib və polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməkdə davam edib, bununla kifayətlənməyərək şkafın güzgülərini yumruğu ilə vurub sındırıb, otaqda olan əşyaları dağıdıb. Bu zaman polis nəfəri Mustafayev Xəyyam Ilham oğlu onu intizama dəvət etdikdə, qanuni tələbə tabe olmayıb, üzərinə hücum edərək ona da həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib, əlləri ilə köynəyinin və maykasının yaxasını çəkib cırıb, sol çiynində olan paqonunu qoparmaqla bu adama da 13 manat 50 qəpik məbləğində maddi ziyan vurub. Bundan sonra otaqda olan taxta materialdan hazırlanmış stulu götürüb pəncərəyə vuraraq onun şüşəsini sındırıb, ardınca həmin stulu qıraraq onun ayağını əlinə götürüb və həmin əşyadan silah qismində istifadə etməklə otaqda olan polis əməkdaşlarının üstünə atıb, bu əşyanın onlara dəymədiyini görüb onu yenidən götürərək, polis əməkdaşlarını vuracağı ilə hədələməklə onları otaqdan çıxmağa məcbur edib. Otaqda olan polislər qorxularından qaçarkən onları bir daha nalayiq söyüşlərə “qonaq edib”, bu silahla həmçinin DYP bölməsinin giriş qapısını sındırmaqla Imişli RPŞ-yə ümumilikdə 176 manat məbləğində zərər vurub, qapının şüşəsinin qırıqlarının bir parçası ilə öz qolunu doğramaqla qərəzli xuliqanlıq hərəkəti edib.
Vətəndaş xəsarətləri hansı vəziyyətdə alıb?
Müayinə zamanı C.Mehdiyevin sağ qolunun kəsilməsi ilə yanaşı, bədəninin, demək olar, bütün yerlərində sıyrıqlar, qançırlar və cərrahi tikiş tələb edən yaralar, hər iki yuxarı ətrafın əziyi olub. O, eyni zamanda, kəskin baş ağrılarından, baş gicəllənməsindən və ürək bulanmasından şikayət edib. ADDY Imişli xətt xəstəxanasında müayinə olunarkən Romberq vəziyyətində davamsız olduğu, onda səndələmə müşahidə edildiyi, emosional gərginlik, əsəbilik qeyd olunub və xəstəyə “qapalı kəllə-beyin travması, beyin silkələnməsi” diaqnozu ilə müalicə təyin edilib. MTE və PA Birliyinin Imişli rayon şöbəsinin “canlı şəxsin məhkəmə-tibbi müayinəsi” aktında isə göstərilir ki, C.Mehdiyevin sağ said nahiyyəsindəki yaralar iti kənarlı kəsici xassəyə malik əşyanın, digər xəsarətlər isə küt əşyanın (əşyaların) təsirindən törənib.
Yuxarıda istinad etdiyimiz ittiham aktındakı S.Mehdiyevin əməlləri barədə sicilləmə sadalamalarla onun aldığı xəsarətlər uyğun gəlmir. Adamı polis əməkdaşları saxlayarkən sapsağlam olub. O, polis əməkdaşlarının tələbinə (bu tələbin qanuni olub-olmaması ilə işimiz yox) əməl edərək, sükan arxasında olduğu vaxt, arxadan çağırılarkən avtomobili saxlayıb. Deməli, adam heç də deyildiyi kimi, anlaqsız vəziyyətdə olmayıb. Cəmi 3 polis əməkdaşı onu maşınından düşürüb, bir qədər küçədə saxlayıb, az sonra xidməti polis maşınına oturdaraq polis şöbəsinə aparıb. Bunları etmək mümkün idisə, onun polis idarəsində şöbənin çoxsaylı əməkdaşlarına qarşı belə bir müqavimət göstərməsi, zor tətbiq etməsi absurddur. Adam guya növbə ilə gah bir, gah da digər əməkdaşın yaxasından yapışır, ətrafında olan polis nəfərləri və vəzifəli şəxslər seyrçi mövqe tutaraq onu durdura bilmir. Doğrudanmı cinayətkarlığa qarşı belə əfəl, mağmun polislər mübarizə aparır, ictimai asayişin qorunması onlara həvalə edilib?! Belə təhlükəli olduğu bilinəndən sonra da C.Mehdiyevin şöbənin müvəqqəti saxlanma təcridxanasına deyil, DYP bölməsinə aparılması təəccüb doğurur. “Gözü qızmış” adam stulu pəncərəyə vurub sındırarkən, ardınca onun ayaq hissəsindən özünə silah düzəldərkən, bu vaxt polis əməkdaşlarından heç kəs ona yaxın düşə bilmirdi? Tutaq ki, qolunu pəncərənin qırılan şüşəsi ilə kəsib, bəs bədənindəki digər sıyrıq və yaralar, beyin silkələnməsi necə baş verib? Necə olub ki, hücum edən, başqalarına zor tətbiq edən də bu adamdır, xəsarət alan da?!
DIN-in Daxili Təhqiqatlar Idarəsinin rəisi Möhübbət Hüseynov Cabirin atasına ünvanladığı məktubda yazır: “Aparılmış xidməti təhqiqatla Imişli RPŞ PPXB-nin polis nəfəri Azər Nuriyev tərəfindən oğlunuz Cabir Mehdiyevin fiziki zorakılığa məruz qalması barədə göstərilən xüsusat təsdiqlənmir”. Elə isə bu xəsarəti Imişli RPŞ-də kim törədib? Axı Cabir bu xəsarəti məhz orada alıb, həm də bu xəsarətlər nə özü tərəfindən yetirilə, nə də öz-özünə yarana bilərdi…
“Yalıncığın qanlı köynəyi”
2007-ci ildə evinin damından siyasi şüarlar asan Imişli sakini Musa Rahim Mənəf oğluna qarşı da oxşar motivlə (fərq bunda idi ki, o, içkili vəziyyətdə və sükan arxasında olmamışdı) cinayət ittihamı irəli sürülmüş (eyni maddələrlə), o zaman da Nuriyev Azər Əli oğlu və daha bir polis əməkdaşı işdə “zərərçəkən” kimi tanınmışdı. Məhkəmədə onların yaxası cırılmış, çiyinlərinin paqonu qoparılmış köynəkləri nümayiş etdirildi. Sonda məhkəmə hökmü ilə R.Musa 5 il azadlıqdan məhrum edilərək cəzaçəkmə müəssisəsinə göndərildi, işdə maddi sübut kimi tanınan həmin köynəklər isə öz sahiblərinə qaytarıldı. Cabiri dinlədikcə qeyri-ixtiyari olaraq həm “Dədə Qorqud” filmindəki Yalıncığın gətirdiyi qanlı köynəyi, həm də R.Musanın məhkəməsindəki polis uniformasına aid edilən cırılmış köynəkləri xatırladım. Və nədənsə mənə elə gəldi ki, neçə vaxtdan bəri dövriyyədə olan eyni köynəklərdir…
Azər Əli