– Ortaya elə sənədlər qoyaram ki..
– ..söz güləşdirmək niyyətim yoxdur
Ötən saylarımızda biologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Hidayətovun Tibb Universitetindəki neqativ hallarla bağlı müsahibəsini dərc etmişdik. Sonradan buna cavab olaraq ittiham olunan tərəfin də mövqeyini təqdim etmişdik. Bu günlərdə Y.Hidayətov növbəti dəfə qəzetimizə müraciət edib. Onun qəzetimizə müraciətini kiçik ixtisarla dərc edirik.
Mənim Tibb Universitetinin “Tibbi biologiya və genetika” kafedrasının müdiri Canbaxış Nəcəfovun hərəkətləri barədə “Azadlıq” qəzetinə verdiyim müsahibə dəqiq faktlara əsaslanır. Müsahibə qəzetdə dərc olunandan sonra 21 noyabr tarixində o, əvvəlcə müəllimləri bir-bir yanına çağıraraq məxfi söhbətlər edib və mənim əleyhimə danışmalarını tələb edib. Sonra iki dəfə iclas keçirərək həmin məsələləri birlikdə müzakirə ediblər. Bu məsələ ilə əlaqədar bəzi müəllimlər zəng vuraraq məni məlumatlandırdılar.
Canbaxış müəllim çıxışında deyib ki, biz Yusif müəllimin müsahibəsini oxuyarkən, şoka düşmüşük. Bu qədər əsassız ittihamlar olmaz axı.
“2” alan bir saat sonra necə ”5” aldı?
Canbaxış müəllim, səsləndirdiyim fikirlər kafedrada törətdiyiniz eybəcər əməllərinizin cüzi bir hissəsidir. Sizdən soruşuram, imtahanda “2” qiymət alan tələbənin bir saatdan sonra ”4” və “5” qiymət alması, yaxud, il boyu oxumayan tələbələrin imtahanda yüksək qiymət almalarını nə ilə əsaslandıra bilərsiniz? Əlimdə elə böyük bir siyahı var ki, onu ortaya qoysam, bu, həm universitetin adına xələl gətirə bilər, həm də sizin üçün ağır nəticələrə gətirib çıxarar. Mən sizdən cavab gözləyirəm, əgər mənim haqqımda əsassız sözlər danışsanız, mən onları şərh etmək məcburiyyətində qalacağam. Müsahibəmdə demişəm ki, bəzi müəllimlər ildə bir, başqası isə iki qrupa dərs deyir, bu isə illik dərs yükünün 20-40 faizini təşkil etdiyi halda, jurnalda illik dərs yükünün ödənilməsi 100 faizdən də artıq qeyd olunur. Görəsən, Canbaxış müəllim bu məsələdən nə üçün yayındı və aydınlıq gətirmədi. Lazım olarsa, həmin məsələ ilə əlaqədar rəsmi sənədləri rektora da təqdim edə bilərəm. 2007-ci ilin fevral ayında Canbaxış müəllim kafedraya müdir təyin olundu. Iyun ayında isə biz tələbələrdən imtahan götürürdük. Şəxsən mən imtahan soruşduğum 160 nəfərdən cəmisi 6 nəfərə ”2” qiymət yazmışdım. Bu isə Canbaxış müəllimin etirazına səbəb oldu. Mən cavabımda ona dedim ki, əgər il boyu oxumayan tələbə “4”, ”5” qiyməti alırsa, bəs oxuyan tələbəyə aşağı qiymət yazmaq ayıb deyil?
Ona dedim, belə kafedrada işləməyi təhqir sayıram
Bir neçə gündən sonra o mənə dedi ki, Əhliman müəllim deyir ki, Yusif müəllimə mühazirə dərsləri vermə. Mən isə Canbaxış müəllimə dedim ki, Əhliman müəllimin adını yalandan niyə hallandırırsan, bu sənin öz fikrindir. Mən razı, çünki belə bir kafedrada mühazirə oxumaq, imtahan zamanı tələbələrə qeyri-obyektiv qiymət yazmağı özüm üçün təhqir hesab edirəm.
Canbaxış müəllim müsahibəsində deyir ki, kafedrada dərs saatları çatmadığına görə Yusif müəllim də həm fizioloji cəhətdən bir sıra problemləri olduğuna, həm də yaş senzinə görə onu ixtisara saldıq. Canbaxış, fizioloji qüsur nədir, bunu izah elə, mən də sənə sübut edim ki, məndə belə bir qüsur yoxdur. Digər tərəfdən, mən özümü çox sağlam hiss edirəm, heç vaxt xəstələnməmişəm. Hətta qripin nə olduğunu indiyə qədər görməmişəm. Ikincisi, əgər dərs yükü çatmırdısa, mən təqaüdə çıxandan sonra iki nəfəri yenidən işə götürmək, yarımştata keçirilən müəllimi yenidən bütöv ştata bərpa etmək nəyə lazım idi? Canbaxış müəllim deyir ki, biz Yusif müəllimə hazırlıq fakültəsində dərs deməyi təklif etdik, o bundan imtina etdi və yalnız müalicə-profilaktika fakültəsində mühazirə oxumaq istədiyini bildirdi. Bizim aramızda belə söhbət olmayıb, yalan danışmaq, böhtan atmaq artıq səndə formalaşan çatışmazlığın bariz nümunəsidir. Digər tərəfdən, mən belə bir kafedrada işləməyi, orada mühazirə oxumağı, tələbələrdən sizin istədiyiniz kimi “imtahan” götürməyi özüm üçün təhqir sayıram.
Tələbələr piket keçirmək istəyir
Canbaxış müəllim, deyirsən ki, mən 4 nəfəri stresə salıb öldürsəydim, birinci Yusif müəllimi öldürərdim. Onu başa düş, anla ki, mən heç vaxt stresə düşməmişəm və düşmərəm də. Çünki öz sözümü həmişə açıq demişəm və bununla da sakitləşmişəm. Qısa müddət ərzində ən hörmətli 4 nəfər müəllimin qəflətən rəhmətə getməsinin 3-nün günahkarı bilavasitə sənsən. Onlar sənin sadaladığın hərəkətlərdən əsəb gərginliyi keçirdilər, tezliklə ürəklərində problemlər yarandı və son nəticədə dünyalarını dəyişdilər.
Daha sonra deyirsən ki, Yusif müəllim tələbələrlə kobud rəftar elədiyinə görə ondan narazıdırlar. Əgər mən tələbələrimlə kobud rəftar edirəmsə, bəs nə üçün onlar yuxarı kurslarda da oxuyarkən müntəzəm olaraq yanıma gəlir, ata-bala kimi qucaqlaşıb görüşürük, söhbətlər edirik. Sən özün də bunun dəfələrlə şahidi olmusan. Indinin özündə keçmiş tələbələrim mənə tez-tez zəng vuraraq sənin bu hərəkətlərinə etiraz əlaməti olaraq piket keçirmək istəyirlər. Lakin mən buna razılıq vermirəm.
Kim 4 dəfə medalla təltif edilib?
Canbaxış müəllim, araşdırma apar, görək, hansı müəllim yaxşı dərs dediyinə, universitetin ictimai-siyasi fəaliyyətində fəal əməyinə görə dövlət tərəfindən medallarla təltif olunub. Tapa bilmirsən. Tibb Universitetində işlədiyim müddətdə 4 dəfə medalla təltif olunmuşam ki, onların da biri müstəqillik dövründə (1996-cı ildə) baş verib. Mənim əleyhimə danışanlar desinlər, görək, onlara belə bir nəsib, qismət olubmu? Indi də keçək imtahan suallarına. Canbaxış müəllim deyir ki, həmin suallar hamısı dərsliklərdə var, Yusif müəllimin yeni dərsliklərdən xəbəri yoxdur. Sənin bütün danışıqların həmişə gülüş doğurub. Həmin dərsliklərdə şəxsən sənin imzanla yazılanlar cəfəngiyyatdan başqa bir şey deyil. Misallar göstərirəm: Bitki və heyvan hüceyrələrinin quruluşu, orqanoidlər və törəmələr cəmi 2-3 dərs mövzusunu əhatə edir, kitabda isə onlara 58 səhifə, embrional inkişaf 4 mövzunu əhatə etdiyi halda, ona 92 səhifə yer ayırmısan. Tələbə başqa fənləri oxumasa, yalnız biologiyanı oxusa belə, yenə də çatdıra bilmir. Imtahan suallarında sağlamlıq və xəstəlikləri, yoluxucu xəstəliklər, vəba, vərəm, malyariya, ürək-damar xəstəlikləri, bəd xassəli şişlər mövzularını daxil etmisən. Tələbə bunlara necə cavab versin, onlar proqramda yoxdur, tədris olunmur, lakin imtahan suallarında var. Burada sizin bir məqsədiniz var, tələbə cavab verə bilməsin və əvvəlcədən tədbir görsün. Göstərdiyim həmin mövzular sonradan ayrı-ayrı kafedralarda tədris olunur. Qeyd etdiyim nöqsanlar kitabda yazılanların cüzi bir hissəsidir, onların hamısını sadalamağa sadəcə, imkan yoxdur.
Ortaya rəsmi sənədlər qoyaram
Canbaxış müəllimin müsahibəsinin sonuncu hissəsində bir qrup müəllimi mənim əleyhimə danışmağa vadar etməsi də insanda gülüş doğurur. Vaxt var idi elmi məqalələrim nəşr olunanda onlar məndən xahiş edirdilər ki, bir müəllif kimi onların da adını ora əlavə edim. Mən də onu edirdim. Onlar mənim haqqımda nə deyirlər desin, etiraz etmirəm, çünki zəmanə dəyişdikcə insanlar da dəyişir, yaşayarıq, görərik.
Sonda bir məsələni də nəzərinizə çatdırım. Mən təqaüdə gedəndən sonra Ilham Şahmuradov adlı bir nəfər kafedrada işə götürülüb. O, məni tanımadığı halda, əleyhimə danışmağa başlayıb. Bu, Canbaxışın təşkilatçılığının bariz nümunəsidir. Mənim sadaladığım fikirlər kafedrada baş verən eybəcərliklərin cüzi bir hissəsidir. Əgər Canbaxış müəllim bunları inkar etsə, mən elə rəsmi sənədlər ortaya qoyaram ki, o, çıxılmaz vəziyyətdə qalar.
Və cavab
Yusif Hidayətovun fikirlərinə Canbaxış Nəcəfovun da mövqeyini öyrəndik. C.Nəcəfov bildirdi ki, Y.Hidayətovun ittihamları əsassızdır, yersizdir. Mən onlara şərh vermək istəmirəm. Ötən dəfə onun ittihamlarının əsassız olduğunu arqumentlərlə isbat etmişəm. Mənim ağ yalan danışan, insanlara böhtan atan bir şəxslə söz güləşdirmək niyyətim yoxdur. Onun 82 yaşı var, yaxşı olar ki, gedib nəvələrilə oynasın. Insanları ləkələməyə vaxt sərf etməsin, bu, onun yaşına da yaraşmır.