Suriyada zorakılıq dayandırılmayacağı təqdirdə, Türkiyə Bəşər Əsəd hakimiyyətinə əlavə sanksiyalar tətbiq edə bilər
Suriyada Bəşər Əsəd rejiminin əsgərlərilə etirazçılar arasında silahlı qarşıdurmalar güclənib. Ölkənin şimalında təhlükəsizlik qüvvələrilə müxalif hərbçilərin yaratdığı Azad Suriya Ordusunun əsgərləri arasında şiddətli qarşıdurma yaşanıb. Şahidlərin sözlərinə görə, dekabrın 3-də gecədən səhərə davam edən qarşıdurmalarda ən azı, 15 nəfər həyatını itirib. Ölənlərdən 12-nin təhlükəsizlik qüvvələrinin əməkdaşları və müxalif əsgərlər, 3 nəfərin isə dinc sakin olduğu bildirilir.
Mərkəzi qərargahı Londonda yerləşən Suriya Insan Haqlarını Müdafiə Təşkilatının yaydığı açıqlamada qarşıdurmanın Idlib şəhərində yaşandığı vurğulanıb.
Bu arada, Türkiyə baş nazirinin müavini Əli Babacan “Nihon Keizai Shimbun” qəzetinə müsahibəsində Suriyadakı hadisələrə toxunub. Babacan Türkiyənin Suriyaya yönəlik sanksiyalarını xatırladaraq bildirib ki, Əsəd rejimi xalqına qarşı zorakılığı davam etdirəcəyi təqdirdə, Ankara yeni qadağalara əl ata bilər.
Əsəd rejiminə qarşı silahlı müxalifətlə birləşmək və hakimiyyətə qarşı birgə mübarizəyə qərar verən Suriya Milli Şurasının rəhbərlərindən olan Mahmud Osman Türkiyə mətbuatına açıqlamasında bildirib ki, Azad Suriya Ordusunun 10 minə yaxın əsgəri var. Osman müxalif əsgərlərin dinc vətəndaşları və müxalifət tərəfdarlarını Əsəd rejiminin hücumlarından qoruduğunu vurğulayıb.
Xarici hökumətlərdən Əsəd rejiminə qarşı iqtisadi sanksiya, Ərəb Ölkələri Liqası, Avropa Birliyi, Türkiyə və Qərb arasında koordinasiya qurulmasını vacib sayan Osman ən böyük maneənin BMT Təhlükəsizlik Şurası olduğunu deyib. Rejimi insan hüquqlarına hörmət göstərməyə məcbur edəcək tədbirlərin şərt olduğunu bildirən Suriya Milli Şurasının təmsilçisi bunun hərbi müdaxilə mənası daşımayacağını vurğulayıb: “Rejimi suriyalılar devirməlidir. Şura hansı mexanizmlərin Suriya xalqına ən yaxşı xidməti edə biləcəyini müəyyən etmək üçün Ərəb Ölkələri Liqası, Qərb ölkələri və Türkiyə ilə danışıqlarını davam etdirəcək”.
Suriyanın digər ərəb ölkələrindən fərqli olduğunu söyləyən Mahmud Osman Islamçı qüvvələrin Suriyada hakimiyyəti ələ keçirəcəyinə, şəriət idarəçiliyi quracağına dair iddiaları əsassız adlandırıb: “Suriya fərqli ölkədir. Iran rejimi bir islamçı dövlət kimi Ərəb dünyasında məğlub oldu. Bütün Islami hərəkətlər indi Türkiyə modelinə istinad etmək istəyir. Bu, daha müasir və demokratik modeldir”.