Avtoritar ölkələrə izləmə texnologiyalarını satan şirkətlərin adları açıqlandı
«WikiLeaks» yeni şok sənədlər açıqlamaqda davam edir. Saytın budəfəki hədəfi öz vətəndaşlarını izləyən dövlətlər və onların əməkdaşlıq etdiyi şirkətlərdir. Saytda yayılan materiallarda bildirilir ki, xüsusi xidmət orqanlarının vətəndaşların izlənməsi üçün tətbiq etdiyi xüsusi texnologiyaların hazırlanmasına hər il milyardlarla dollar sərf edilir.
“WikiLeaks” bildirir ki, bu istiqamətdə hələlik 287 sənəd açıqlanır, amma bu cür sənədlərin aşkarlanması növbəti il ərzində də davam edəcək.
Saytın açıqlamalarında deyilir ki, xüsusi texnologiyaları istehsal edən şirkətlər onları dünyanın istənilən ölkəsinə satmaqla məşğuldurlar. Bu bazar heç bir normativ sənədlə tənzimlənmir. Polis və Xüsusi xidmət orqanları, eləcə də hərbi strukturlar bu texnologiyaların yardımı ilə istənilən adamı rahatca izləyə bilirlər. Məsələn, mobil telefon gəzdirən istənilən adamın yerini istənilən zaman müəyyən etmək tamamilə rahatdır.
Sayt bildirir ki, xüsusi texnologiyalar “yaxşı Qərb ölkələrindən” “inkişaf etməkdə olan pis ölkələrə” heç bir məhdudiyyət tanımadan ixrac edilir. Son 10 il ərzində avtoritar hakimiyyətlər bütöv xalqı belə izləmək və nəzarət altında saxlamaq üçün zəruri texnologiyalar ələ keçirə biliblər.
Diktatorlara “Nəzarətçi” satışı
Misirdə və Liviyada rejim dəyişəndə insanlar dinləmə qurğularının yerləşdirildiyi böyük sahələri üzə çıxartdılar. Bu otaqlarda əsasən, Ingiltərədə, Cənubi Afrikada, Fransada və Çində istehsal edilən xüsusi avadanlıqlar yerləşdirilmişdi. Bu texnologiyalar insanları internet və mobil telefon vasitəsilə izləməyə imkan verən avadanlıqlar idi.
ABŞ-dakı SS8, Italiyadakı “Hacking Team”, Fransadakı “Vupen” şirkətləri fərdi kompyüterlər və mobil telefonlar (o cümlədən Blackberry, Iphon, Android) vasitəsilə adamların yerini və hərəkətlərini müəyyən etməyə, hətta otaqdakı görüntüləri və səsi də qeydə almağa imkan verən avadanlıqların istehsalı ilə məşğuldurlar. Çexiyadakı “Phoenexia”, ABŞ-dakı “Blue Coat”, Almaniyadakı “Ipoque” şirkətləri də bu cür sifarişlər üzrə işləyirlər, hətta Iran, Çin kimi ölkələrə də dissidentləri aşkar edərək sıradan çıxarmağa imkan verən texnologiyalar satırlar.
Əvvəllər “Nokia Ciemens Networks” şirkətinin törəmə müəssisəsi olan “Trovisor” Bəhreynə izləmə-müşahidə texnologiyası satmışdı. Həmin texnologiya, məsələn, imkan vermişdi ki, hüquq müdafiəçisi Əbdül Qəni əl Xəncərin bütün fəaliyyəti izlənmiş və xüsusi xidmət orqanları onu yaxalayaraq istintaqa cəlb edib vəhşicəsinə döymüşdülər.
“WikiLeaks”ın açıqladığı bu sənəddə 50-yə qədər ölkədə fəaliyyət göstərən bir neçə yüz şirkətin adı açıqlanır.
Azərbaycanda isə xüsusi texnologiyaların istehsalı ilə məşğul olan şirkət yoxdur. Bizim hökumət bu texnologiyanı başqa ölkələrdən alır.
Informasiya şöbəsi