Minlərlə insanın haqqı Gülüşov adlı yerli feodalın maraqlarına qurban verilib
Sabirabad rayonunda Kür çayı üzərində yeni körpünün inşasına başlanıb. Körpü salmaq lap qədimdən xeyirxah iş sayılıb, lakin belə işə tamahkar və səhlənkar yanaşanda xeyir də itir, haqq da. Sabirabad camaatının Kür üzərindən körpü arzusu sovetdən qalmadır. Amma yeni körpü onları məmnun etmir. Sual yaranır: niyə?
Körpünün təməli Kür və Araz çaylarının birləşdiyi yerdən, yəni Suqovuşandan (Qafqazın ən böyük iki çayı olan Kür və Arazın birləşdiyi yer) təxminən bir kilometr aşağıda qoyulub. Körpü Şirvan və Muğan bölgələrini birləşdirəcək.
Körpü yolu asanlaşdırmadı, əksinə…
Bütün tikinti işlərində ən çətin və baha başa gələn tikililərdən biri də körpüdür. Ona görə də körpü tikintisində daha diqqətli olmalı və bir çox mütəxəssislərlə yanaşı, ondan daha çox istifadə edəcək əhalinin də rəyi, iqtisadi və strateji əhəmiyyəti nəzərə alınmalıdır.
Təməli atılan körpünün keyfiyyəti və gözəlliyi bir yana, onun yeri barədə də mənfi fikirdən başqa nəsə demək olmur. Ilk növbədə ona görə ki, yeni körpü sayəsində Sabirabadın Cavad, Əlicanlı, Türkədi, Yolçubəyli, Narlıq və Kürdəmirin bir çox kəndlərinin camaatı rayon mərkəzinə gəlmək üçün 6-7 kilometr artıq məsafə qət etməli olacaq. Üstəlik, indiyə qədər insanların öz hesablarına kustar üsulla, amma çox əlverişli yerdə saldıqları körpülərdən piyada keçən adamlar yeni salınacaq körpüdən piyada keçə bilməyəcəklər.
Bu körpü əgər Şirvan və Muğan bölgələrini birləşdirmək məqsədi güdürdüsə, o, indiki yerindən 1 kilometr yuxarıda salınmalıydı. Bu halda, Cavad kəndilə Sabirabad şəhəri birləşib bir yaşayış məntəqəsi olacaqdı. Əslində, körpü üçguşəli ulduz formasında olub, düz Suqovuşanda tikilməli idi. Belədə Şirvandan Muğana və Aran Qarabağa keçid mümkün olardı.
Hərbi əhəmiyyəti də böyük olan belə bir layihə hələ çar Rusiyası dövründən olub. Belə körpü Azərbaycanın üç böyük mahalını – Şirvan, Muğan və Aran Qarabağı birləşdirməklə Vahid Azərbaycanı simvolik olaraq xarakterizə etməli idi. Həm də bu körpü Sabirabadın simvolu ola bilərdi. Körpünün yaxınlığına qədər şəhər inkişaf edər, ətrafında istirahət və turist məkanları salmaq mümkün idi.
Su altında qalan körpü
Artıq körpünün tikintisinə başlanıb və müəyyən işlər də görülüb. Görülən işlər onu deməyə imkan verir ki, bu körpünün heç keyfiyyətindən də ağızdolusu danışmayasan. Çünki bu körpü Kürün sol və sağ sahillərində salınan bəndləri birləşdirməli olduğu halda, yalnız çayın yatağı üzərində salınıb. Hündürlüyü isə bəndlərin hündürlüyü səviyyəsindədir. Deməli, Kür çayı 2010-cu ilin yazında qalxdığı səviyyəyə çatsa, körpü suyun altında qalacaq.
Bundan başqa, körpü çayda suyun sürətini də azaldacaq və onun bir qədər də qalxmasına şərait yaradacaq. Körpünün dayaqları bir-birinə çox yaxın basdırıldığı və hündürlüyü çox alçaq olduğu üçün onların arasından nəinki gəmi, heç qayıqla da keçmək mümkün deyil.
Sadə kənd adamının dərk etdiyi bu qədər qüsuru bəs necə olub ki, mütəxəssislər işə başlayarkən hesablamayıblar?
Sabirabad rəhbərliyinə daxil olan şəxslərdən aldığımız məlumata görə, problem heç də kor-koranəlikdən qaynaqlanmayıb. Sən demə, bütün bu işlərin, yəni körpünün yerinin uğursuz seçimi və başdansovdu tikintisinin səbəbkarı Sabirabad məmurlarından biri – rayonun maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovdur. Gülüşov körpünü tikmək üçün yerin seçilməsi zamanı Maliyyə Nazirliyinin məsul işçiləri ilə Kürün sahilinə gələrək, körpünün məhz indiki yerdə, minlərlə insanın əziyyətinin artmasına baxmayaraq, öz evinin yaxınlığında salınmasına nail olub.
Xalqı eşidən yoxdur
Tikinti başlananda bu körpüdən daha çox istifadə edəcək yerli əhali xəbər tutaraq, yerin uğursuz seçiminə etiraz etmək üçün Sabirabad icra hakimiyyətinə gəliblər. Orada isə “artıq gecdir, körpünün təməlqoyma mərasimi keçirilib, – deyə onları geri qaytarıblar.
Beləliklə, biz adi bir məmurun dövlət əhəmiyyətli layihəni öz ailə marağı üçün necə dəyişdirməsinə şahid oluruq. “Adi məmur” yazsaq da, Sabirabaddakı mənbələr Gülüşovu “fövqəlqüvvə” kimi xarakterizə edirlər.
Sabirabadlı “fövqəlnazir”
“Uzun müddətdir vəzifədə işləyən Gülüşov asılı olduğu məmurlarla dil tapa bilib, onlara sadiq olduğunu sübut edib, onların bütün ”tapşırıq və göstərişlərini” yerinə yetirib. Baxmayaraq ki, bəzən buna görə hətta süpürgəçinin də qazancına şərik olmaq lazım gəlib… Bütün bayram və şənliklərdə “yuxarıların” payını Bakıya vaxtında çatdırdığına görə onlar da Gülüşovu Sabirabadda “külli-ixtiyar sahibi” ediblər”, – deyə mənbə bildirib.
Məlumata görə, Sabirabadın maliyyə şöbəsilə kifayətlənməyən Gülüşov rayonda bir çox nəhəng qazanc obyektləri alaraq, burada ticarət maqnatına da çevrilməyi bacarıb. Şəhərin mərkəzində, H.Əliyev prospektində biri tikinti materialları mağazası olmaqla, iki böyük ticarət mərkəzi ona məxsusdur. Sabirabadın girişində, Şəhidlər Xiyabanı ilə üzbəüzdə ərazisi hektarlarla ölçülən istirahət mərkəzi də Gülüşovun şəxsi əmlaklarındandır. Bundan başqa, o, Sabirabadda, Bakıda, Şamaxıda və başqa yerlərdə mənzil və mülklərə malikdir. Hətta müğənnilərdən birinə də Sabirabadda və Bakıda mənzil alıb.
Mənbə onu da əlavə edir ki, Gülüşov dövlət müəssisələrinin rəhbərliklərinə də öz qohum-tanışlarını yerləşdirə bilib: “Surra kəndində yerləşən, suvarma ASC-yə Mirəli Əzizovu rəis təyin etdirib. Bu vəzifəyə çoxları göz diksə də, Gülüşov bu mübarizədən qalib çıxıb. Mirəli Əzizov isə bundan qabaq əvvəllər PMK-3 adlanan böyük bir idarənin rəhbəri olan zaman həmin idarənin bütün texnika və avadanlıqlarını satmaqda günahlandırılırdı. Hətta söz-söhbət var idi ki, o, idarənin ərazisindəki şam ağaclarını da kəsdirib tikinti materialı kimi satdırmışdı. Buna görə də qısa müddətdə hamisi kimi, bahalı maşınlara, çoxsaylı mənzil və mülklərə sahib olub”.
Məlumatlarda o da qeyd olunur ki, Sabirabaddakı “fövqəl-məmurun” himayədarı Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri, general Vaqif Axundovdur: “Gülüşov bu yaxınlığını iştirak etdiyi bütün ziyafətlərdə sağlıq formasında insanlara mesaj olaraq çatdırır”.
Natiq