Komitə sədri Ramiz Mehdiyevin qəzəbinə gəlib
Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun karyerası təhlükə altındadır. “Azadlıq”a daxil olan məlumatlarda komitə sədrinin nəinki işdən çıxarılacağı, hətta həbs olunacağı da bildirilir. Kərəm Həsənovun belə bir təhlükə ilə üzləşməsinin səbəbi isə onun Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin qəzəbinə gəlməsidir.
Məlumatlarda deyilir ki, Kərəm Həsənov PA rəhbərinin metallurgiya sahəsini nəzarətə götürmək planlarının icraçısı kimi bir sıra səhvlərə yol verib. O, bu işlə məşğul olan müəssisələrin ələ keçirilməsi prosesində bütün bunların Ramiz Mehdiyevin işi olduğunu hər yerə yayıb. PA rəhbəri, xüsusilə Zülfüqarlı qardaşlarına məxsus zavodların ələ keçirilməsi zamanı baş verənlərdən qəzəblənib. Kərəm Həsənov qardaşlara açıq şəkildə bildirib ki, bu iş Ramiz Mehdiyevin quramasıdır. Komitə sədrinin dilini dinc qoymaması isə bu işlə bağlı Ramiz Mehdiyevin məhkəməyə verilməsi ilə nəticələnib. Nəzərə alsaq ki, Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov bu qalmaqalı beynəlxalq səviyyəyə çıxarmağa çalışır, o halda PA rəhbərinin Kərəm Həsənova qəzəblənməsi başadüşüləndir.
Məlumatlara görə, hələlik komitə sədri ilə bağlı PA-ya edilən şikayətlərin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə göndərilməsinə başlanılıb. Sözügedən idarə isə komitənin bir neçə nümayəndəsini dindirməyə çağırıb. Görünür, Ramiz Mehdiyev Kərəm Həsənovu korrupsiya faktı ilə “vurmaq”la, həm də hakimiyyət üçün divident qazanmağa çalışır.
Informasiya şöbəsi