Bir gecədə manat daha 47 faiz ucuzlaşdı. Bir ildən də az müddətdə manat 2 dəfə qiymətdən düşdü. Ötən ilin fevralına qədər 78 qəpiyə olan 1 dollar hazırda 1 manat 55 qəpik olub. Qiymətlər də sıçrayışla qalxacaq. Aldığınız maaş, müavinat, pensiya, əldə etdiyiniz qazanc, banklardakı manatla olan əmanətləriniz də faktiki olaraq 47 faiz dəyərdən düşdü.
Nə üzmək? Manatı öldürdülər. Gözlənilən qəsd baş verdi. Manatı yalnızca neftdən asılı olan zəif iqtisadiyyat, korrupsioner, bacarıqsız və yalnız öz cibini düşünən hakimiyyət öldürdü.
Neftin qiyməti hələ “göylərdə uçanda” deyirdik ki, ölkə iqtisadiyyatı yalnız neft satmaqdan ibarət ola bilməz. Neftdən gələn bu milyardların bir hissəsini də ölkədə real iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafına yönəldin. Yazırdıq ki, pul həmişə başınızdan sel kimi axmayacaq, bu Avroviziyalara, Avropa Oyunlarına, “Qış bulvarı” kimi boz, mərmər parklara, lazımsız və dəbdəbəli ofis binalarına xərclənən milyardlar xalqın puludur, dağıtmayın, bu qədər israfçılıq etməyin. Eşitmədilər.
Neftin qiyməti düşəndə həyacan təbili çaldıq. Yazdıq ki, real iqtisadiyyatımız olmadığına görə ölkəni iqtisadi böhran, çətin günlər gözləyir. Heç olmasa, indi anti-böhran tədbirlərinə başlayın. Korrupsiyanı durdurun, monopoliyaları ləğv edin, xalqa iqtisadi və siyasi azadlıqlar verin, sahibkarlığın inkişafına imkan yaradın, ölkəni xarici sərmayədarlar üçün cəlbedici edin. Yenə də eşitmədilər. Heç bir islahat aparmadılar. Korrupsiya və monopoliyalardan əldə etdikləri milyardlardan keçmədilər. Fikirləşdilər ki, neftin qiymətinin düşməsinin də hesabını millətdən alarlar. “Uzaqbaşı manatı “öldürərik”, onsuz da bu xalq bizə etiraz etməyəcək” – deyə düşündülər və elə də etdilər. Bütün il boyu “manatı sabit saxlayacağıq”, “neftin qiymətinin düşməsini hiss etməyəcəksiniz” deyib, sonda hamımızı aldatdılar.
Əziz həmvətənlər, manatın “öldürülməsi” təbii fəlakət və ya bədbəxt hadisə deyil. Hakimiyyətin yarıtmaz siyasətinin, acgözlüyünün və bacarıqsızlığının nəticəsidir. Bizi hələ də belə bir məsuliyyətsiz hökumətin idarə etdiyinə görə isə xalq olaraq hamımızın məsuliyyətimiz var. Ölkəmizdə siyasi və iqtisadi islahatlar tələbilə hamımız səsimizi ucaltmalıyıq!