Suriya rejimini çökdürəcək sanskiyalar sərtləşdirildi
Ərəb Liqası və Türkiyədən sonra daha bir ağır zərbə Avropa Birliyindən gəldi
Suriyada Bəşər Əsəd rejiminin dirənişi davam etdirməsiylə paralel beynəlxalq birliyin Dəməşq hakimiyyətinə qarşı tədbirləri daha da sərtləşir. Ərəb Ölkələri Liqasının Suriyaya yönəlik sanksiyalar qəbul etməsindən, Türkiyənin bu qadağalara qoşulmasından sonra ötən gün Avropa Birliyi də Əsəd rejiminə növbəti zərbəni vurub. Quruma üzv ölkələrin Brüsseldə keçirilən xarici işlər nazirləri toplantısında Suriya hakimiyyəti üzərindəki təzyiqi daha da artıracaq qərarlar qəbul olunub.
Toplantıda Əsəd rejiminin ən əhəmiyyətli maliyyə mənbəyi sayılan neft şirkəti “General Petroleum Corporation” daxil olmaqla 11 təşkilat və 12 rəsmi şəxs Avropa Birliyinin “qara siyahı”sına əlavə edilib. Yeni qadağalara əsasən avropalı şirkətlərin Suriyada enerji yatırımlarına qatılmasının qadağan edilməsi, internetdəki yazışmaların izlənilməsini təmin edən proqramların bu ölkəyə satışının dayandırılması və Suriya ilə ticarətin yasaqlanması nəzərdə tutulur. “Qara siyahı”ya salınan 12 Suriya rəsmisinin Avropa Birliyinə üzv ölkələrə səyahətinə qadağa qoyulub və onların həmin ölkələrdəki mal varlıqları dondurulub.
Nəzərinizə çatdıraq ki, “General Petroleum Corporation”un sanksiyalar siyahısına daxil edilməsindən sonra Ingiltərə və Hollandıyanın müştərək “Royal Dutch Shell” və Fransanın “Total” neft-qaz şirkətləri Suriyadakı istehsal fəaliyyətlərini dondurmaq məcburiyyətində qalacaq. Belə olan halda, Suriyanın normal şərtlərdə gündəlik 350 min barrel səviyyəsində olan və avropalı alıcıların çəkilməsiylə son dövrdə gündəlik 250 min barrelə enən neft istehsalının daha da geriləyəcəyi bildirilir. Əlavə edək ki, Avropa Birliyinin Suriyaya sanksiyaları çərçivəsində bu günə qədər 74 fiziki və 19 hüquqi şəxs qara siyahıya salınmış, ölkəyə qarşı silah embarqosu başladılmış və bu ölkədən neft idxalı dayandırılmışdı.
Suriyaya hərbi müdaxilə hələlik gündəmdə deyil
Ərəb Ölkələri Liqasının baş katibi Nəbil əl Ərəbinin də qatıldığı toplantıda Suriya xalqına humanitar yardımların necə çatdırılması məsələsinin müzakirəyə çıxarılacağı gözlənilsə də, rəsmilərdən bu məsələylə bağlı heç bir açıqlama verilməyib. Fransa Suriyanın Türkiyə və Livan sərhədləri boyunca humanitar yardım dəhlizləri yaradılmasını təklif etmişdi. Lakin buna baxmayaraq, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton toplantı öncəsi jurnalistlərə verdiyi açıqlamasında Suriyada hər kəsin təhlükəsizliyini təmin etmək üçün Ərəb Ölkələri Liqası və Türkiyə ilə sıx əməkdaşlığı davam etdirəcəklərini söyləyib.
Avropa Birliyinin rəamiləri Suriyaya hərbi müdaxilənin hələlik gündəmdə olmadığını bildiriblər. Isveçin xarici işlər naziri Karl Bildt toplantıdan əvvəl Suriyaya hərbi müdaxilənin Avropa Birliyinin hazırki gündəmində olmadığını, Əsəd hakimiyyətinə daha geniş əhatəli sanksiyalar tətbiq etməklə rejimi zorakılıq siyasətindən imtina etdirməyə çalışacaqlarını vurğulayıb.
Mahir Əsəd də Ərəb Liqasının “qara siyahı”sına düşdü
Bu arada Suriya hakimiyyətinə qarşı ağır sanksiyalar qəbul etmə qərarı verən Ərəb Ölkələri Liqasının səyahət qadağası qoyduğu rəsmilər arasında Bəşər Əsədin qardaşı Mahir Əsədin da olduğu bildirilib. Misir rəsmi xəbər agentliyinin bildirdiyinə görə, təşkilat ötən həftə açıqladığı sanksiya paketi çərçivəsində səyahət qadağası qoyulan 17 şəxs içində Suriyanın müdafiə və daxili işlər nazirləri də var. Ərəb Ölkələri Liqasının səyahət qadağasının və həmin siyahının şənbə günü Qətərin paytaxtı Dohada keçiriləcək toplantıda təsdiqlənməsi gözlənilir.
Iran növbəti dəfə Suriyaya görə Türkiyəyə xəbərdarlıq ünvanladı
Bundan başqa, Küveyt Suriyadakı vətəndaşlarına bu ölkəni tərk etmələri istiqamətində müraciət ünvanlayıb. Xarici Işlər Nazirliyindən yayımlanan məlumatda Küveyt vətəndaşlarına təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu Suriyaya getməmək tövsiyə olunur.
Əsəd rejiminin yaxın müttəfiqi olan Iran Suriyada baş verənlərə sərt mövqe sərgiləyən Türkiyəyə növbəti xəbərdarlıq ünvanlayıb. Iran parlamentinin spikeri Əli Laricani Türkiyəyə oyunlara alət olmamasını tövsiyə edib: “Bir ölkəyə silah soxmaqla orada demokratiya qurula bilməz. Türkiyəyə tövsiyəm budur ki, digərlərinin planlaşdırdığı oyunda iştirak etməsin və onlara alət olmasın”.
Elxan