Proseslər göstərir ki, Azərbaycan və Özbəkistan ön sıradadır
Suriya diktatoru Bəşər Əsəd deyib ki, Qərbin son dayanacaq yeri Rusiya olacaq. Onun fikrincə, Dəməşq süqut edəndən sonra postsovet ölkələrinə keçid olacaq və son nəticədə Moskva tabe olmaq zorunda qalacaq.
Bunu daim rusların qəzetini oxuyub, özünü farslara baha satan Hafiz Əsədin oğlu deyib!!!
Maraqlı məqam isə başqadır. Rusiya üçün artıq Əsədin cümlələri mötəbərlik daşıyır. Onun dediklərindən həyəcanlanırlar, Əsədin analizlərini götür-qoy edirlər. Ona görə yox ki, Bəşər Əsəd çox ağıllıdır. Fikrimizcə, bunun bircə izahı odur ki, hər şey çox sadə axarla baş verir və Əsəd sadəcə, dərisində hiss etdiklərini danışır.
Əsədin Rusiyada diqqətlə dinlənilməsinin əsas səbəblərindən biri də odur ki, indi Suriya avtoritar dünyanın döyünən, amma yaşamaq ümidi olmayan ürəyi rolunu oynayır. Qapalı sistemləri isə artıq soyuq əcəl təri basır. Kreml ulduzlarının titrədiyini görürük. Rusiyalı dövlət adamlarının ilin-günün bu vaxtında Suriyaya gedib, Əsədlə görüşməkdə məqsədləri təbii ki, təkcə onun son arzularına və “müdrik” proqnozlarına qulaq asmaq olmayıb. Görünür, onlar Kremlin əsas tövsiyələrini çatdırıblar. Bu tövsiyələrin başlıca şərti odur ki, Əsəd müxalifətlə dialoqa razılaşmalı, dünya ilə münasibətləri yumşaltmalı və bu tufanın Suriyada səngiməsini təmin etməlidir. Moskva qorxur ki, Əsədin isterik davranışları dünyanı daha radikal qərarlar verməyə məcbur edə bilər. Bunun da nəticəsində Rusiya nəinki söz haqqını müzakirə edə bilməz, hətta özünə qarşı təhlükələri də nəzarətdən çıxara bilər. Buna görə də Əsəd indi Kreml üçün bir qədər kövrək nöqtədir.
Özbəkistan, yoxsa Azərbaycan?
“NABUCCO” layihəsinə xeyir-dua verməklə Türkmənistan özünü siyahıdan çıxardı. Bu ölkədə Türkmənbaşının vəfatından sonrakı dəyişikliklər, demək olar ki, Orta Asiya standartında islahat da sayıla bilər. Qazaxıstan “Avrasiya Ittifaqı” deyilən qurumda olduğundan Nazarbayevin lazımi məqamda Putinə badalaq vurmasına hələ bir qədər var. Bu ölkədəki sosial vəziyyət, biznes mühitinin durumu da kritik bir partlayışı əsaslandırmır.
Diqqəti çəkən ölkələrdən Ermənistanda azadlıqlar müəyyən qədər olsa da, bu ölkənin taleyi Moskva ilə eyni vaxtda həll olunacaq. Belə olan halda, əsas diqqət təbii ki, Özbəkistan və Azərbaycanın üzərində qalır. Heç şübhəsiz ki, bu iki ölkənin hər ikisində sosial və siyasi vəziyyət dəyişikliklər üçün ciddi əsaslar yaradıb. Strateji baxımdan isə ayrıca özəllikləri var.
Özbəkistandan başlamaq Çin və Rusiya ilə eyni zamanda qarşılaşmaq deməkdir. Bu ölkədə Çin faktorunun həlledici olduğunu da unutmaq olmaz. Digər tərəfdən, Özbəkistan Orta Asiyanın Xəzərlə qonşu olan ölkələrinin arxa divarı rolunu oynayır. Özbəkistanda demokratiya olarsa, şübhəsiz ki, bu vəziyyət digər qonşu ölkələrə daha sürətlə təsir edə bilər.
Azərbaycan daha maraqlı mövqedən çıxış edir. Rəsmi Bakı ötən ilin sonunda öz mətbuat orqanında açıq mətnlə yazmışdı ki, Qərbin Xəzər hövzəsindəki planlarına nəinki qoşulmur, hətta qəsdən bu planların həyata keçirilməsini əngəlləyir. Bu planlara isə Orta Asiya və Xəzər enerji resurslarının işlənməsi məsələsi daxildir.
Rusiya və Iranla münasibətləri gərgin olan Avropa Birliyi özü üçün alternativ enerji dəhlizi və resursları təmin etməyə məcburdur. Azərbaycan hakimiyyəti isə buna mane olduğunu rəsmən elan edib. Deməli, hətta digər avtoritar sistemli dövlətlərlə adekvat davranmaq üçün də Azərbaycan hakimiyyətilə münasibətlər kökündən həll olunmalıdır.
Azərbaycanda yalnız Rusiyanın müqavimət göstərəcəyini, Iranın özfəaliyyətə cəhd etmək istəyəcəyini nəzərə alsaq, deyə bilərik ki, Əliyev iqtidarı çox ciddi düşünməlidir. Çünki görünən dağa bələdçi lazım deyil. Bütün gözlər Bakıya dikilib…
Qafqaz Araşdırmalar Dərnəyi