Türkiyə İranın Hava-Kosmos Qoşunları komandiri, general Əmir Əli Hacızadənin “Raketdən müdafiə sistemlərinə qarşı Türkiyəyə zərbə endirə biləcəkləri” haqda bəyanatına görə Tehrana nota verib.
Bu barədə Türkiyə KİV-in yaydığı xəbərdə deyilir ki, Ankaranın etirazını ayrıca olaraq xarici işlər naziri Əhməd Davudoğlu ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının yığıncağında bir araya gəldiyi İranlı həmkarı Əli Əkbər Salihiyə də çatdırıb. Salehi isə İran rəhbərliyinin Hacızadə ilə eyni fikirdə olmadığını söyləməklə kifayətlənib.
Bundan başqa, Davudoğlu Britaniyanın Tehrandakı səfirliyinə basqına işarə edərək “bir elçiliyə basqının Fars mədəniyyətinə yaraşmadığını” da Salehiyə söyləyib.
Yeri gəlmişkən, Britaniya Tehrandakı səfirliyinə basqın zamanı girovların buraxılması üçün dövrəyə girən Ankaraya Davudoğlunun timsalında minnətdarlığını bildirib.