Əliyevlər Suriyaya və Irana münasibətdə hansı addımlar ata bilər?
Azərbaycanın regionda gərginləşən vəziyyətə münasibət bildirmək dilemmaları başlamaq üzrədir. Türkiyə ilə Suriyanın münasibətləri kəskinləşdikcə Azərbaycan da bu məsələyə münasibət bildirmək məcburiyyətində qalır. Iki ölkə arasındakı ən son imzalanan strateji əməkdaşlığa dair sazişin mənəvi gərəkçələrindən biri budur. Bakı bir çox məsələlərdə Ankaradan birbaşa yardım istəyə bilmək üçün bəzi məqamlarda onunla yanaşı olduğunu göstərmək zorundadır. Bu minvalla Azərbaycan hökuməti Rusiyadan sonra avtoritarizmə qarşı mövqe qoyan ikinci ölkə ola bilər. Amma bunu etmək cəsarətini özündə tapacaqmı? Bundan başqa, Suriyaya qoyulan sanksiyalarda Azərbaycan iştirak edəcəkmi? Bunu həyata keçirərkən lazımi önləmləri alıbmı? Bütün bunlar bir tərəfdən regiondaxili siyasi vəziyyəti gərginləşdirsə də, bəzi ölkələrin öz gələcəkləri ilə bağlı hansı tendensiyaya qoşulmalarını ifadə üçün fürsətdir. Elə Azərbaycan hakimiyyəti üçün də regionda baş verən hadisələr fonunda dünyanın hansı kəsimi ilə birlikdə olduğunu ifadə etmək fürsəti yaranır. Hər halda rəsmi Bakı artıq bitmiş bir era sayılan Bəşər Əsədə nəfəs verməklə öz nəfəsliyini tıxamaq yolu tutmaz. Bunun üçün hazırkı konyunkturanın bütün şərtləri imkan verir. Yəni səhv qərar qəbul etməyin bir izahı var, o da düz qərara nifrət etmək, onu görməmək mümkün deyil. Başqa tərəfdən, Azərbaycan Israilə münasibətdə Türkiyəni dəstəkləmədiyinə müəyyən əsaslar tapsa da, Suriya məsələsində bu arqumentasiya potensialı, sadəcə, sıfıra bərabərdir.
Iran – təhdid və təhlükə ilə nə etməli?
Iran hakimiyyətinin bütün qollarından Azərbaycana təhdidlər gəlməkdədir. Bu ölkənin hərbçiləri və dindarları ardıcıl olaraq Azərbaycanda şiə hüquqlarının pozulmasını əsas gətirərək Azərbaycan dövlətinin rəsmi strukturlarını siyasi hakimiyyəti və sekulyar dünyagörüşü ittiham edirlər. Bir çox hallarda isə ünvanlı təhdid edirlər. Bir müddət öncə dövlət başçısı Ilham Əliyevi hədəfə alan təhdid bəyanatını ordu generalı səsləndirsə də, yazıçı Rafiq Tağının qətlinə sevincini Ayətullah Lənkərani ifadə etdi. Şübhəsiz ki, Iran Azərbaycanda törətmək istədiyi hadisəni bizə göstərdi. Prezidentə qarşı olmadı, amma onun qorumalı olduğu vətəndaşa qarşı oldu. Bu isə o deməkdir ki, Tehran indi bizim üçün rəsmən təhdid mənbəyi olaraq qalır.
Iranla münasibətlərin bundan sonrakı taleyi də çox vacib məsələlərdən biridir. Birincisi ona görə ki, bu ölkə ilə elə də sabit olmayan uzun bir sərhəd zolağımız var. Bu zolaqda vaxtaşırı bu və ya başqa tərəfin rəsmi şəxslərinə qarşı silah işlədilir. Atışma zamanı Iran sərhədçiləri bir zabitimizi qətlə yetirdilər, bundan bir müddət sonra sərhədi pozaraq min metrdən artıq ərazimizə girən Iran sərhədçisini Azərbaycanın müvafiq qurumları zərərsizləşdirdi. Amma Azərbaycan bütün bu olanların beynəlxalq təşkilatlardakı iştirakına bir qatqısını hələ ki, sezdirmir. Başqa tərəfdən nəzərə alsaq ki, Tehrandan, hətta Türkiyəyə qarşı təhdid mesajları gəlir, bu zaman Bakı məcburdur ki, daha böyük qüvvələrlə isti münasibətlərdə olsun və təhlükəsizlik təminatını əldə etsin. Bunun üçün isə Iranla məsafəli xoş siyasət yürütməyin bir mənası yoxdur. Çünki Iran artıq Azərbaycanı hədəflərindən biri kimi görür və təxribat fəaliyyətini gücləndirir. Bunun müqabilində isə hakimiyyət Qərblə sıx əməkdaşlığa üstünlük vermədikcə ölkəyə qarşı birtərəfli təhdid böyüyür. Bu baxımdan Azərbaycan antiIran koalisiyasında iştirakını müzakirəyə çıxarmaqla Tehrana hələ ona qarşı bütün imkanlarının bitmədiyini mesajlamalıdır. Əks halda tərəddüd vəziyyəti tam böhrana apara bilər. Bu, batan gəmini tərk etməyin yeganə yoludur. Əks halda böyük tufanı okeanın ortasında və batan gəmidə qarşılamaq təhlükəsi yaranır.
Qafqaz Araşdırmalar Dərnəyi