«Azərbaycan iqtidarı demokratiyanın qənimidir»
Vaşinqtonda “Cənubi Qafqaz: müstəqilliyin 20 Ili” başlığı altında keçirilən ikigünlük konfrans Azərbaycan, Gürcüstan və Ermənistanda gələcəyə fərqli baxışları ortaya çıxarıb.
“Təəssüf ki, 20 ildən sonra bu regionun hansı istiqamətə getdiyinə dair xalqların ortaq mövqeyi yoxdur”, – Karnegi Fondunun analitiki Tomas de Vaal bildirib və əlavə edib ki, daha “keçid dövrü”ndən söhbət gedə bilməz.
Avropaya istiqamətlənmiş Gürcüstan iqtisadi və siyasi baxımdan regionda oturuşa bilməyib. Hələ də Rusiyadan tam qopmayan Ermənistan Qərbə doğru kəskin dönüş edə bilmir. Neftlə zəngin Azərbaycan isə insan haqları də digər bu kimi bəşəri dəyərlərin regionda “qənimi” kimi tanınır.
Bakı, Yerevan və Tbilisidən gəlmiş qonaqlar ölkələrində insan hüquqlarının demək olar ki, hər addımda pozulduğunu və sistemik dəyişikliyə ehtiyac olduğunu vurğulayıblar. Xüsusilə də Azərbaycan və Ermənistanda baş verənlər zalda böyük maraq oyadıb. Problemlər isə demək olar eynidir: Korrupsiya, məmur özbaşınalıqları, hakim zümrənin ildən ilə varlanaraq özünütəcridi, ədalətsizlik, müxalifətin susdurulması, medianın təqibi və sair.
Hər iki ölkədə hakimiyyətlər “Qarabağ kartı”ndan demokratik islahatlardan yayınmaqda məharətlə istifadə edir.
Azərbaycanı diskussiyada hüquqşünas Erkin Qədirli və politoloq Hikmət Hacızadə təmsil edib. Ekspertlər Azərbaycanda insan hüquqlarının mütəmadi pozulduğunu və sistematik dəyişikliyə ehtiyac olduğunu vurğulayıblar.
Söküntü məsələsi qonaqları şoka salıb
E.Qədirli Azərbaycanda korrupsiyanın siyasi sistemin tərkib hissəsi olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda sistem elə formalaşıb ki, insanlar haqqı olan imtiyazlara görə də rüşvət ödəməli olurlar. Nəticədə bütün cəmiyyət kriminallaşır. Bu isə o deməkdir ki, hökumətin daim istənilən vətəndaşı cəzalandırmaq üçün əlində bir əsas olur.
Ən acınacaqlı vəziyyət Azərbaycanda hesab olunur. Bakıda 60 minədək insanın şəxsi mülklərinin zorla əlindən alınması barədə xəbər zalda, demək olar, şok effekti yaradıb. Hüquqşünaş Erkin Qədirlinin dediklərinə görə, “sistem yararsızdır, insanlar hüquqi yolla haqlarını müdafiə edə bilmir”.
Heydər Əliyev Səddam Hüseynlə müqayisə edildi
Hikmət Hacızadə isə Azərbaycanda insan haqları anlayışını mütəşəkkil qüvvə olaraq ilk dəfə Azərbaycan Xalq Cəbhəsinin gətirdiyini bildirib: “1980-ci illərin sonunda cəmiyyətdə demokratik dəyərlər barədə ictimai müzakirələr başlandı. 1992-ci ildə hakimiyyətə gələn Xalq Cəbhəsi demokratik normaların idarəçilikdə əks olunmasına prioritet kimi baxırdı”. H.Hacızadənin sözlərinə görə, Rusiyanın köməyi ilə baş verən dövlət çevrilişi nəticəsində Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın demokratiyaya istiqamətini dəyişdi:”Qısa bir müddətdə Azərbaycanda siyasi məhbusların sayı xeyli artdı. Mətbuata sərt senzura tətbiq olundu. Cəmiyyətdə siyasi azadlıqlar boğuldu”.
“Heydər Əliyev Iosif Stalin və ya Səddam Hüseyn deyildi. Insanlar öz mətbəxlərində hökuməti tənqid edə bilərdilər. Amma bu tənqidlərin ictimai müstəviyə çıxarılması qadağan idi. Yaxud, 2-3 minlik tirajlı qəzetlərə icazə verilirdi. Bunlar Əliyevə ona görə lazım idi ki, xaricdən müşahidəçilər gələndə onlar üçün Azərbaycanda demokratiya görüntüsü yaratsın; məhdud sayda qəzetləri və ya müxalifət partiyalarını xaricə göstərib Azərbaycanda demokratiya olduğunu iddia etsin.
Ilham Əliyev atasından daha dözümsüzdür
Onun oğlu Ilham Əliyevdə isə belə bir məharət olmadığından, o, plüralizmin istənilən elementinə təhlükə kimi baxır, hətta 2-3 minlik tirajı olan qəzetləri və yerdə qalan müxalifət partiyalarını da təqib edir. Bu baxımdan Ilham Əliyev atasından fərqli olaraq, tənqidi fikrə daha dözümsüzdür”. Buna nümunə olaraq Hikmət Hacızadə 2010-cu il parlament seçkilərində həqiqi müxalifətin büsbütün parlamentə buraxılmadığını göstərib. Mediaya təqiblərdən bəhs edən politoloq ən son Rafiq Tağının başına gələnləri nəql edərək deyib ki, “indi bizim öz Salman Rüşdimiz var”.
Müzakirələrdə yaxından iştirak etmiş bir ABŞ diplomatı “Turan”a bildirib ki, sözsüz, qaldırılan narahatlıqlar ABŞ-Azərbaycan dialoqlarında və insan haqları hesabatlarında əksini tapacaq. Bununla yanaşı, Vaşinqton insan haqları pozuntularının qarşısını almaq işində rəsmi kanalların tam tükənmədiyinə inanır və tezliklə Bakıda böyük dəyişikliklərin baş verəcəyinə ümid edir. Öz növbəsində vətəndaş cəmiyyəti də nüfuzunu qorumalı, hakimiyyətin “cızıqdan çıxmasına” imkan verməməlidir.