elnurastanbeyli@gmail.com
Bizdə ən şablon, ən yayğın fikirlərdən biri, məsələn, Mirzə Cəlilin, Sabirin əsərlərinin hələ də aktuallığını qoruyub saxlaması haqqındadır. Özü də bunu daha çox o adamlar dilə gətirirlər ki, əslində onlar Mirzə Cəlilin, Sabirin satira atəşinə tutduğu, ifşa etdiyi qəhrəmanların prototipləridir. Mirzə Cəlilin, Sabirin, Haqverdyievin, Axundovun yazdıqları hələ də aktuallığını qoruyub saxlayırsa, bunun baiskarı, səbəbkarı həm də onlardır.
Belə bir adam, – o elmlər doktoru da, həkim də, müəllim də, mühəndis də, lap sadə, sıravi orta statistik vətəndaş da ola bilər! – təsəvvür edin ki, həm adını sadaladığımız maarifçilərin yazdıqlarının bu gün də aktuallığını qorumasından, aradan keçən 100 ildə heç nəyin dəyişməməsindən gileylənirlər, həm də ələm uçuranlara, cinçıxaranlara möcüzə kimi baxır, asanlıqla yalan danışır, rahatlıqla yaltaqlanır, heç nə olmamış kimi ağa qara, qaraya ağ deyə bilirlər.
Inanın, bizdə həkim var, xəstənin ağrıyan yerindən əvvəl onun əlinə baxır, rüşvət umur, sonra da hansısa məclisdə Mirzə Cəlilə rəhmət oxuyur, şikayətlənir ki, onun dövründən bəri dəyişən bir şey yoxdur, hər şey olduğu kimi qalıb.
Sabir barədə ağızdolusu danışan, hətta külliyyatını az qala əzbər bilən müəllim azdırmı ki, seçki qutusuna topa-topa bülleten doldurur, Üzeyir bəyin felyetonlarının bu gün də aktual olduğu barədə basıb-bağlayan istənilən qədər adam tapa bilərsiniz ki, köhnəliyin girovudur, yeni, çağdaş nə varsa, hamısını rədd edir. Biz bax belə bir əcaib vəziyyətdəyik. Adam bilmir bu vəziyyətə baxıb gülsün, yoxsa ağlasın?!
Yeri gəlmişkən, yəqin xatırlayırsınız, təzəlikcə YAP-ın növcavan bir deputatı Cümhuriyyətin qurucusu Rəsulzadəni təhqir etmişdi. Şübhəsiz, Rəsulzadənin ünvanına deyilən istənilən iftira, böhtan onun əzəməti qarşısında çox kiçik, çox xırdadır, şübhəsizdir ki, yel qayadan heç nə apara bilməz. Bu öz yerində.
Amma inanın, məni o təhqirlərdən, şərləmələrdən daha çox başqa bir məqam iyrəndirdi. Sadə səbəbdən: həmin yapçı deputatdan Rəsulzadəni elə adamlar qoruyur, müdafiə edirdilər ki, bunun özü Məhəmməd Əminin ünvanına səsləndirilən iftiralardan, həqarətlərdən qat-qat dəhşətli, dözülməz idi. Məsələn, aralarında biri vardı, illərdir ömrünü ölkədə monarxiyanın güclənməsinə sərf edib, Azərbaycanın şahlıqlar dövrünə qayıdışını alqışlamaqla məşğuldur, ancaq indi durub bu torpaqlara Respublika dəyərlərini gətirməyə çalışan bir insanı guya öz aləmində qoruyur, yüksək qiymətləndirir. Belə də ikiüzlülük, riyakarlıq olarmı?
Rəsulzadəni Rəsulzadə qılan onun modern dünyagörüşüdür, gücünü hüququn üstünlüyündən, qanunların aliliyindən, azadlıqların toxunulmazlığından, hər kəsin bərabər şərtlər altında yaşamaq, çalışmaq haqlarının bərqərar olunmasından alan siyasi və ictimai baxışlarıdır, Respublika dəyərləridir.
Siz isə belə bir dünyagörüşü, belə bir dəyərlər sistemini bütün varlığınızla rədd, inkar edib, onların təntənəsinə mane olan bir rejimin əlində alətə çevrilib sonra necə Rəsulzadə haqqında yüksək fikirlər söyləyə, onu hansısa deputatcığazın hədyanlarından qoruya bilərsiniz!
Axı Rəsulzadəni təhqir etmək onu sadəcə, “vətən xaini” adlandırmaqla olmur. Yeri gəlsə, Vətəni orta çağ zehniyyətinin girovuna çevirənlərin yanında olmaq, onların züyçüsü kimi iştirak etmək Rəsulzadəni “vətən xaini” kimi damğalamaqdan daha iyrənc, daha idbardır.
Uzun sözün qısası: bu gün Azərbaycanın hər dərdinə, hər probleminə, istənilən siyasi, iqtisadi, sosial, ictimai qayğısına dözmək, qatlaşmaq bəlkə də mümkündür. Amma öz gerçək mahiyyətindən bixəbər kimi, ya da bixəbər imiş kimi yaşayanlara tab gətirmək çox çətin, hətta qeyri-mümkündür.
Bəla yalnız o deyil ki, Xudayar bəylər, Dərviş Məstəli şahlar, Ibrahimxəlil kimyagərlər, Şeyx Nəsrullahlar bu gün də var, aramızdadırlar.
Bəla həm də odur ki, onlar utanıb-eləmədən Mirzə Cəlilə, Sabirə, Axundova, Haqverdiyevə rəhmət oxuya-oxuya, onların yazdıqlarının hələ də aktual olmasından gileylənə-gileylənə yaşamaqdadırlar.