İngiltərə Iranın Londondakı səfirliyini bağladı
Iranda bir qrup tələbənin Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücum etməsi Qərbin Tehran rejiminə qarşı hiddətini daha da artırıb. Ingiltərə hökuməti hadisəyə cavab olaraq Iranın bu ölkədəki səfirliyini bağladığını açıqlayıb. Bununla yanaşı iranlı diplomatların Ingiltərə ərazisindən qovulması qərarı da verilib. Xarici işlər naziri Uilyam Hoque bildirib ki, rəsmi London Irandan Ingiltərədəki səfirliyini bağlamasını və diplomatların geri çağırılmasını istəyir.
Böyük Britaniya yaranmış vəziyyətlə əlaqədar artıq diplomatlarını Islam Respublikasından çıxarmağa başlayıb.
Baş nazir Devid Kameron isə Irana xəbərdarlıq edib ki, səfirliyə hücum ciddi fəsadlara səbəb olacaq. Xarici işlər naziri Uilyam Hoque hadisənin baş verməsində Iranın məsuliyyət daşıdığını bəyan edib.
Tehrandakı səfirliyin bağlanmasından sonra diplomatik heyətin köçürülməsi ilə əlaqədar Irana dair məsələləri bundan sonra müvəqqəti olaraq bu ölkənin Bakıdakı səfirliyinin kurasiya etməsi nəzərdə tutulur. Iranda baş verən və Birləşmiş Krallığa aid olan mövzularla bağlı Böyük Britaniya Xarici Işlər Nazirliyini bu ölkənin Azərbaycandakı səfirliyi operativ məlumatlandıracaq.
Norveç Irandakı səfirliyinin işini dayandırdı
Bu arada Norveç Ingiltərənin Tehran səfirliyinə edilən hücumdan sonra bu ölkədəki diplomatik təmsilçiliyini bağlayıb. Xarici Işlər Nazirliyinin nümayəndəsi Hilde Steynfeld ölkəsinin diplomatik korpusunun fəaliyyətinin noyabrın 29-da bağlandığını bildirib. O, Irandakı diplomatların köçürülməsi haqda hələlik qərar verilmədiyini vurğulayıb.
Iran rəsmisi Britaniyanı günahlandırdı
Iran parlamentinin spikeri Əli Laricani hadisəyə münasibət bildirib. Spikerin sözlərinə görə, Böyük Britaniyanın Iranda uzun illərdir davam edən istismarçı fəaliyyəti bu etirazın arxasında duran səbəbdir: “Bu qəzəbin bir hissəsi 1905-ci ildə konstitusiya inqilabının ilk dövrünə aiddir, digər hissəsi isə Pəhləvi sülaləsinin güclənməsində Böyük Britaniyanın rolu səbəbindəndir. Böyük Britaniyanın təsirinin itməsi ilə nəticələnən inqilabdan sonra isə onlar Iran xalqına qarşı düşmənçiliyi davam etdiriblər”.
Hillari Klinton: “Tək britaniyalılar yox, bütün beynəlxalq ictimaiyyət təhqir olunub”
Dünya ölkələri baş vermiş hadisəyə sərt münasibət bildirib. ABŞ Tehrandakı Böyük Britaniya səfirliyinə hücumu kəskin pisləyib və Iran hakimiyyətini günahkarları cəzalandırmağa çağırıb: “ABŞ Tehranda Britaniya səfirliyinə hücumu kəskin pisləyir. Iran ölkədəki diplomatik missiyaların və onların əməkdaşlarının müdafiəsinə cavabdehdir. Biz Iranı beynəlxalq öhdəliklərinə hörmət etmək, baş verənləri pisləməyə, günahkarları üzə çıxarmağa və oxşar epizodların nə Böyük Britaniya səfirliyi, nə də başqa səfirliklərdə bir daha baş verməməsi üçün tədbirlər görməyə çağırırıq”.
Dövlət katibi Hillari Klinton Böyük Britaniyanın Irandakı səfirliyinə hücumu beynəlxalq ictimaiyyətin təhqir edilməsi kimi qiymətləndirib. Klinton Iran hökumətini səfirlikləri qorumağa çağırıb: “Tək britaniyalılar yox, bütün beynəlxalq ictimaiyyət təhqir olunub. ABŞ hökuməti Böyük Britaniyanın Irandakı missiyasının qorunmasına kömək etməyə hazırdır, amma Iran hökumətinin bunu etməsini gözləyirik”.
BMT baş katibi Pan Gi Mun, BMT TŞ, Almaniya, Türkiyə hökumətləri hadisənin qəbuledilməz olduğunu bildirərək baş verənləri qınadıqlarını vurğulayıblar.