Yazıçı-publisist Rafiq Tağının demək olar ki, hər essesi bir olaya çevrilər, aranı qızışdırar, bəzən bütün, bəzən isə ədəbi çevrələrin gündəmini zəbt eləyərdi. Onun qətli də gündəmi işğal elədi. Həm də təkcə Azərbaycan gündəmini deyil, dünyanın aparıcı media orqanlarının da həyəcanlı mövzusuna çevrildi. Sıradan olmayan bu ölüm hadisəsi təkcə yazar və qəzetçiləri deyil, ayrı-ayrı dövlət xadimlərini də danışdırdı. Bütün ölümlər yazıdan gəlir deyirlər, Rafiqin ölümü isə uzun illər bitib-tükənməyəcək bir yazı oldu. Bəlkə də öz yazısı. Bu yazıda Tanrının əli və xətti yoxdu.
Ölən öldü, deyirlər, olan qalana oldu. Qalanlar kimlərdi? Oğlu, qızı, ailəsi, doğmaları, dostları və əlbəttə ki, Azərbaycanın çox çalarlı cəmiyyəti. Belə görünür ki, Rafiqi öldürməklə cızılan plana, məqsədə haradasa çatılıb. Diqqət hədəfdən yayınıb. Birlikdə şərə qarşı savaşmalı və əslində bu qətlə qədər haradasa elə o cür də olan əks baxışlı qüvvələr indi bir-birinin üstünə düşüb. Sanki yeni müharibə başlayır. Nifrətini, savaş əzmini və bütün cəbbəxanalarını bu günəcən ölkədəki anormal duruma yönəldən bir xeyli qüvvə, hətta gəncliyin də çoxluq hissəsi açıq-aydın iki hissəyə bölünüb. Atışmalar başlayıb. Rafiq Tağı cinayətini işləyənlər, ona şərait yaradanlar isə qıraqdan bu hala baxıb xımır-xımır gülür, ləzzət alırlar. Onlar, əgər bu parçalanma səngiyərsə, hədəfi dəyişdirmək üçün daha kimlərin qətli ilə aranı qatacaqlarını götür-qoy eləməkdə.
Bu günəcən bir-biri ilə sözsüz anlaşma ilə atəşkəs şəraitində eyni hədəfə qarşı savaş yolu gedənlər sanki araya bomba düşübmüş kimi parçalanaraq yollarını azıb, bu bombanın atışını qarşı tərəfin üstünə atmaqla bir-birini qıcıqlandırır, heysiyyətinə, inanclarına ən ifrat şəkildə toxunur və bombanın açdığı aranı daha da dərinləşdirirlər. Artıq sadə inanclı dindarlar da, ateist və ya deist olanlar, hətta dindən və ateizmdən eyni məsafədə uzaqda duranlar da qızışaraq eyni dinə – fanatizmə, cahilliyə yuvarlanıblar.
Məncə, Rafiq Tağı olayını anlamaq üçün mütləq bir də Rafiq Əliyev olayına boylanmaq lazımdı. Akademikin işdən çıxarılması o qədər güclü rezonans doğurmuşdu ki, hakimiyyət əməlli-başlı şoka düşmüşdü. Qətiyyən hesablanmamış, nəzərə alınmamış bir hal əmələ gəlmişdi. Az qala “ərəb baharına” start vermiş və ya səbəb olmuş bir göysatanın ölümünün doğuracağı şərait yaranmaq üzrəydi. Elm adamının olayı ilə göysatanın ölümünün müqayisəsi bir az aşağılayıcı kimi görünə bilər, lakin Azərbaycan kimi passiv bir cəmiyyətdə bundan artığını gözləməyin özü də inandırıcı olmazdı. Yəni bizim cəmiyyət, deyək ki, sıradan bir küçə ticarətçisinin ölümünə tük qıpırdatmaz, hələ akademiklərin. Ama möhtərəm Rafiq Əliyevin işdən azad edilməsinin (əslində hakimiyyətlə sonuncu bağdan da) gözlənilməz təsirini gördük. Bu hadisədən sonra dindar da, ateist də, deist də, yəhudi də, xristian da bir cəbhədə yer aldı və əsas cəhət o oldu ki, bu dəfə sosial zümrəcə antoqonist tərəflər deyil, məhz eyni cinahdan olanlar, ziyalılar üz-üzə gəldi, üz-üzə qoyuldu, bu təcrübə isə hələ 37-dən bəri sınaqdan çox çıxdığına görə cəmiyyətə hədsiz tanış idi, ona görə də yalnız müsbət reaksiya doğurmaqla ümumi işin xeyrinə bizi daha da yaxınlaşdırırdı. Demək, ümumi işin ziyanına olacaq bir qarşıdurma düşünmək lazım idi. Əlbəttə, Rafiq Tağı əməliyyatının müəllifinin kim olması bu gün məlum deyil. Lakin plan kimin olur-olsun ondan öz xeyrinə yararlanmaqda olanların kimliyi göz önündədi.
Mən indi bir-birilə çatışmaqda olan bütün tərəfləri ayıqlığa çağırıram. Bununçünsə hər kəsi psixolojisinin əqrəblərini bir addım geriyə, Rafiq Tağı vaxtından Rafiq Əliyev vaxtına geri çəkmələrini diləyirəm. Gəlin, fəsillərin üstündən hoppanmayaq. Bahar vaxtına hələ var, qardaşlar…