“Yeni Müsavat” qəzetinin müxbiri Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova sual verib: “Azərbaycanda Iranın ”yaşıl inqilab” həyata keçirmək niyyəti və hazırlıqları ilə bağlı informasiyaların ciddilik yükü nə dərəcədədir? Belə bir təhlükə varmı?”.
Cavab belədir:
– Boş söhbətlərdir. Azərbaycanda heç kim inqilab hazırlaya, həyata keçirə bilməz. Azərbaycan dövləti kifayət qədər öz daxili-xarici siyasətini idarə edən, daxilində, xaricində baş verən hadisələrə nəzarət edən, monolit milli birliyi, vətəndaş cəmiyyəti, sabit ictimai-siyasi həyatı olan dövlətdir. Burda kimsə nəsə istəsə belə, onu edə bilməz. Mən düşünmürəm ki, Iran Azərbaycanda inqilab etmək fikrindədir.
Gəlin, bəzi məqamları yada salaq… Azərbaycanda vaxtaşırı dindarlar terrora, dövlət çevrilişinə, dövlətçiliyə qarşı əməllərə və xarici dövlətlərin maraqlarına uyğun fəaliyyətə görə həbs edilir. Rəsmilər də bu və ya digər yolla onların Irana bağlı olduğunu heç gizlətmirlər də. Iranlı ayətullahlar isə daim Azərbaycanla bağlı yönəldici bəyanatlar verirlər. Onlar qətlə yetirilmiş yazıçı Rafiq Tağının ölümünə də fitva vermişdilər.
Yalnız bu məqamlar Iranın Azərbaycanı özünün təsir və təbliğ poliqonuna çevirməsinin sübutudur. Əli Həsənovun mövcud vəziyyəti malalamağı problemin yoxluğuna dəlalət etmir. Dövlətlər arasında münasibətlərdəki gərginlik də gizlədiləcək səviyyədə deyil.
Həm də Iranın Azərbaycanla bağlı niyyətləri və cəhdləri təzə məsələ deyil…
Digər tərəfdən, məhz Azərbaycan hakimiyyətinin siyasəti nəticəsində Iran Azərbaycanda uğurla “işləyə” bilir. Illərdir vətəndaşlarımız həyat və iş dalınca Rusiyaya qaçmırmı? Avropaya qaçmırmı? Bir qrup da Irana, Iranın himayəsinə, təsirinə, tələsinə, təbliğatına qaçır…
Iş demişkən, bəlkə Əli Həsənov elə bilir doğrudan da Azərbaycanda 1 milyon nəfərlik yeni iş yeri açılıb. Deyirsiniz ki, işsiz, gücsüz adamlar buna inanmalıdır? Söhbət heç inqilabdan da getmir, məsələ ondadır ki, ölkədə yeni iş yerlərindən çox, Irana işləyənlər artır…
Iş yerlərindən söz düşmüşkən, “Turan” Informasiya Agentliyi dünən maraqlı bir faktı aşkara çıxarıb…
Iş yerlərinin sayı azalırmış…
“Turan” Informasiya Agentliyi statistik məlumatları müqayisə edib. Ortaya təzadlı bir məqam çıxıb. Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin əvvəlində əmək haqqı alan muzdlu işçi sayı 1 milyon 382 min 900 nəfər idisə, oktyabrın əvvəlində 1 milyon 366 min 900 nəfər olub. Yəni muzdlu işçi sayı ilin əvvəlindən indiyəcənÿ 16 min nəfər (1,2%) azalıb. Eyni komitənin digər məlumatına görə, ilin əvvəlindən ölkədə 70 min yeni iş yeri açılıb.
Bu necə olur? Yeni iş yerləri açılır, amma işləyib maaş alanlar azalır? Yalanın quyruğu açıqca görünür. Yeni iş yerləri maaşsız ola bilməz axı. Yeni iş yerləri xəyali də ola bilməz. Elə də ola bilməz ki, iş yerləri açılır, amma hələ orada adamlar işləmir. Lap gülməlidir, bəlkə pullar ehtiyat fondlarında yığıldığı kimi, yeni iş yerləri də harasa yığılır, ehtiyatda saxlanılır?!
Amma hara yozsan da izah olunmur bu məsələ. Izah da oluna bilməz. Çünki iqtisadiyyatda hər şey bir-birinə bağlı olduğu üçün, bir saxtakarlıq digər yerdə özünü ortaya qoyur.
Daha bir sual. Əgər ölkədə 1 milyon 366 min işləyən varsa, bunların da 1 milyonu yeni açılan iş yerlərinə sahib olubsa, onda əvvəllər Azərbaycanda cəmi 366 min iş yeri olub?