Abutalıbovun üzərinə “qış hücumu” hazırlanıb; parlamentdə “qiyam” gözlənilir
Prezident Administrasiyasında (PA) hava şəraitinin pisləşməsi nəticəsində Bakının iflic duruma düşməsinə görə bəzi məmurların, xüsusilə Bakı meri Hacıbala Abutalıbovun tənqidinə həsr olunmuş mətn hazırlanıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatda iddia edilir ki, mətnin hazırlanması PA rəhbəri Ramiz Mehdiyevin göstərişidir. Bildirilir ki, həmin mətn Milli Məclisin növbəti iclasında PA rəhbərinin “deputat qvardiyası”na daxil olan parlament üzvləri tərəfindən səsləndiriləcək. Bununla belə, mətn imzalanması üçün digər deputatlara da paylanıb.
Oxucuların diqqətinə çatdıraq ki, hava şəraitinin pisləşməsindən bir gün sonra Ramiz Mehdiyevin ətrafı onun rəqiblərinə qarşı hücuma keçdi. Nəqliyyat naziri Ziya Məmmədov, “Azəryolservis”in rəhbəri Cavid Qurbanov, neft şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev və Bakı meri Hacıbala Abutalıbov sərt tənqid edildi. Daha çox tənqidə məruz qalan isə Bakı meri oldu.
Xatırladaq ki, bir neçə il əvvəl də Milli Məclisdə PA rəhbərinin tərəfdarları Hacıbala Abutalıbovu tənqid atəşinə tutmuşdular. Lakin Musa Musayevin timsalında bir neçə deputat Bakı merini müdafiə etmişdi. Hətta iş o yerə çatmışdı ki, YAP-ın orqanı olan “Yeni Azərbaycan” qəzetində Ramiz Mehdiyev Bakı merinə qarşı başlatdığı kampaniyaya görə tənqid olunmuşdu.
Ramiz Mehdiyevin Hacıbala Abutalıbova qarşı mənfi münasibətinin kökündə Bakıya nəzarəti ələ keçirmək dayanır. Daha çox icra başçıları ilə işləyən Ramiz Mehdiyev Bakıya da yaxın çevrəsinə daxil olan şəxslərdən birini təyin etdirməyə çalışır. Bu baxımdan da hər fürsətdə Hacıbala Abutalıbovu bitirməyə çalışır.
Nəzərə alsaq ki, oliqarx-məmurların da bir çoxu mer postunu ələ keçirməyə çalışır, onda bu dəfə Milli Məclisdə Hacıbala Abutalıbova qarşı başlanacaq kampaniya onun üçün mənfi sonluqla başa çata bilər. Çünki həmin məmurların da Milli Məclisdə deputat komandası var. Mümkündür ki, onlar da maraqlar üst-üstə düşdüyünə görə Ramiz Mehdiyevin tapşırığı ilə hazırlanan mətnə imza atsınlar.
Digər tərəfdən noyabrın 24-də baş verənlər bir çox deputatların qəzəbinə səbəb olub. Bu baxımdan onlar səmimi şəkildə merin əleyhinə olan sözügedən mətni imzalaya bilərlər. Lakin bununla belə məlumatlara görə, bəzi deputatlar mətni imzalamağa tələsmir. Onlar bu məsələdən Ilham Əliyevin xəbərdar olub-olmadığını və mətnin qrup maraqları nəticəsində ortaya çıxıb-çıxmadığını aydınlaşdırmağa çalışır.
Informasiya şöbəsi