Mahal Ismayıloğlu: «YAP-dakı köhnə qvardiyaya qarşı hücumlara Ramiz Mehdiyev rəhbərlik edir»
Əli Əlirzayev: «Hazırda təşkilatda yüksək post tutan bir çoxları 2003-cü ilə qədər YAP sıralarında deyildi»
YAP-ın “köhnə qvardiyasına” qarşı partiyanın sərgilədiyi münasibət mətbuat vasitəsilə ictimaiyyətə məlum oldu. Azərbaycanı xarici ölkələrdə səfir kimi təmsil etdiklərinə görə YAP-ın Siyasi Şurasının üzvlüyündən istefa verməyə məcbur olan Səyyad Aran və Əli Nağıyev hazırda partiyaya sıravi üzv qismində qəbul olunublar. YAP-ı yaradanlara qarşı daha bir ögey münasibət Əli Əlirzayevin partiyanın 19-cu ildönümünə dəvət olunmamasıdır. Ə.Əlirzayev ona qarşı olan bu hörmətsiz münasibəti YAP-ın icraçı katibi Əli Əhmədovla əlaqələndirirdi. Amma maraqlı məqam da elə məhz budur. YAP-da bu cür qərarlar kimdən qaynaqlanır? Bəlli məsələdir ki, YAP-ı yaradanlara ögey münasibətin bəslənməsi yalnız Ə.Əhmədovdan gələ bilməz.
“Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal Ismayıloğlunun sözlərinə görə, S.Aran və Ə.Nağıyevin partiyaya yenidən sıravi üzv kimi qəbul olunması bəzi mətləblərə aydınlıq gətirir. Keçmiş YAP-çılara qarşı bu cür münasibətin sərgilənməsinin təsadüfi olmadığını deyən M.Ismayıloğlu vurğuladı ki, bütün bu addımlar barədə qərar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən qaynaqlanır: “Ramiz Mehdiyev 2000-ci ildən başlayaraq YAP-ın simasını dəyişməyə başladı. Bir vaxtlar partiyada bir o qədər də söz sahibi olmayan Əli Əhmədov, Mübariz Qurbanlı, Bahar Muradova, Siyavuş Novruzov mühüm qərarlar qəbul etmək səlahiyyətinə yiyələndilər. Bu zaman isə artıq YAP-ı yaradan şəxslərin partiyadan müəyyən bəhanələrlə uzaqlaşdırılması prosesinə başladı”.
Hazırda təşkilata kimin rəhbərlik etdiyi ilə bağlı suala konkret cavab verməyən YAP üzvü, professor Əli Əlirzayev bildirdi ki, YAP yaradılarkən onlar böyük təzyiqlərə məruz qalmışdılar. Hazırda təşkilatda yüksək post tutan bir çoxlarının 2003-cü ilə qədər YAP sıralarında olmadığını deyən Ə.Əlirzayev vurğuladı ki, indi həmin şəxslər partiyanın bəxş etdiyi imtiyazlardan yararlanırlar: “Mənim partiyanın yubileyinə dəvət olunmamağıma görə həm də Əli Əhmədov məsuliyyət daşıyır. Çünki tədbirin hazırlanması, qonaqların müəyyənləşdirilməsi prosesinə o rəhbərlik edir. Bundan başqa, digər YAP-çıların da günahları az deyil. Çünki onlar başqa YAP-çıların hüquqlarının pozulmasına biganə qalırlar”.
Hikmət