Heydərova tuşlanan “gömrük zərbəsi”nin yeni təfərrüatları
Azərbaycanla Türkiyə arasında sərbəst ticarət sazişinin imzalanmasına Dövlət Gömrük Komitəsi mane olurmuş…
Ötən saylarımızda Dövlət Gömrük Komitəsinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindən çıxarılacağı və ya DGK-nın ləğv edilərək Vergilər Nazirliyinin tabeçiliyinə veriləcəyi haqda yazmışdıq.
Bu barədə qəzetimizə əlavə bilgi verməyə çalışan hakimiyyətə yaxın mənbə bildirib ki, Dövlət Gömrük Komitəsinin (DGK) Vergilər Nazirliyinə birləşdirilməsi təklifi on ildir hökumətdə reallaşacağı günü gözləyib. Bu təklifi Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, hətta ABŞ-ın Xəzinədarlıq Departamenti müxtəlif vaxtlarda irəli sürüb, lakin məsələ hakimiyyətdaxili qrupların maraqlarına zidd olduğu üçün təxirə salınıb. Beynəlxalq təşkilatlar, xüsusilə də Dünya Bankı hökumətin nəzərinə çatdırıb ki, Azərbaycanda iqtisadi tərəqqini əngəlləyən əsas dövlət qurumu məhz Gömrük Komitəsidir. Beynəlxalq işgüzar dairələrdə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvolma prosesinin yubanması faktını da əsasən Dövlət Gömrük Komitəsinə təsir imkanları olan oliqarx məmurların özəl maraqları ilə izah edirlər. Hətta DGK-nın Azərbaycan və Türkiyə arasında sərbəst ticarət haqqında sazişin imzalanmasına müqavimət göstərən yeganə güc mərkəzi olduğu da bildirilir. Bütün bunlar isə ölkə iqtisadiyyatının sağlamlaşdırılması, ticarətin asanlaşdırılması yolunda başlıca maneələrdən sayılır.
Mənbə vurğulayıb ki, DGK-nın Vergilər Nazirliyinə birləşdirilməsi təklifinin fövqəladə hallar naziri K.Heydərovun istər ölkə, istərsə də xarici mətbuatda ardıcıl tənqid olunduğu indiki şəraitdə gündəmə gətirilməsi incə mətləblərdən xəbər verir. Çünki Dövlət Gömrük Komitəsi və ya onun sabiq rəhbəri, hazırda bu qurumu öz nəzarətində saxlayan “fövqəlnazir” həmişə iri korrupsiyaçı imici ilə tanınsa da, indiyədək “toxunulmaz” qalıb. K.Heydərov bu imici ilə hər zaman ölkə mətbuatının diqqətində olub, lakin WikiLeaksin materiallarında adı hallandıqdan sonra dünya çapında da özünə “maraq” yarada bilib.
“Əslində, Kəmaləddin Heydərov hər zaman Azərbaycan rəhbərliyi üçün başağrısı olub. Lakin ali hakimiyyət öz ”gəlir-çıxarını” nəzərə alaraq ona toxunmayıb. Bununla belə, Kəmaləddin Heydərovun korrupsioner imici, eləcə də tədricən güclənən ambisiyaları rəhbərliyi müvafiq addımlar atmağa vadar edib” – deyə mənbə diqqətə onu da çatdırıb ki, əslində bu iş K.Heydərovun 2006-cı ildə Dövlət Gömrük Komitəsinin sədrliyindən çıxarılaraq, fövqəladə hallar naziri vəzifəzinə təyin olunmasıyla başlayıb. Ancaq bu kosmetik dəyişiklik beynəlxalq miqyasda Azərbaycan gömrüyünün imicinin sağlamlaşdırılmasına kömək etməyib. Çünki K.Heydərovun hələ də Dövlət Gömrük Komitəsinə təsir gücünü qoruyub-saxladığı heç kimə sirr deyil. Ancaq son aylar dünya mətbuatında, xüsusilə, Britaniya mediasında K.Heydərovun hədəfə alınması – onun Azərbaycanda gömrük sahəsində və rəhbəri olduğu boks federasiyasında, eləcə də oğlunun Britaniyadakı fəaliyyətinə dair ifşaedici materialların ardı-arasının kəsilməməsi ali hakimiyyəti çıxılmaz vəziyyətə salıb. Üstəlik, Azərbaycanda növbəti prezident seçkiləri ərəfəsində K.Heydərovun da ali posta iddialı görünməsinə dair məlumatlar “yuxarı” çevrələrdə ciddi narahatlıq yaradıb.
Mənbənin sözlərinə görə, bu səbəblərdən, Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinin tabeçiliyinə verilməsi ən optimal variant sayılır. Bununla, həm beynəlxalq təşkilatlara gömrük sahəsində dərin islahatların aparıldığı nümayiş etdirilir, həm də ali hakimiyyətdə “birinci” və ya “ikinci” olmağa iddialı rəqib “cəzalandırılır”. “Bu, baş verməsə də belə, məlum xəbəri mətbuata sızdırmaqla ali hakimiyyət Kəmaləddin Heydərova yerini göstərir və ona ciddi xəbərdarlıq edir” – deyə mənbə sözünü tamamlayıb.
İnformasiya şöbəsi