İctimai Palata neft pullarının necə talandığını ifşa etdi
Ictimai Palatanın dünən təşkil etdiyi tədbir “Neft pullarının xərclənməsi şəffafdırmı?” mövzusundaydı. Mövzu ətrafında ilk məruzəçi isə Ictimai Palatanın korrupsiyaya qarşı mübarizə komissiyasının rəhbəri, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı oldu. O, neft gəlirləri hesabına çəkilən Oğuz- Qəbələ-Bakı su kəməri layihəsinin icrası zamanı yol verilən qanun poztuntuları və korrupsiya əməlləri barədə danışdı.
Su kəmərində “yuyulan” milyonlar
Məruzəçinin sözlərinə görə, bir çox layihələr kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisində də Neft Fondu pulları israf olunub. Layihə üzrə kəmərin tikintisinə 480 milyon manat ayrılıb, icraya başlayanda məsrəflər 737 milyon manata qalxıb, kəmərin tikintisinin sonlarında isə bu rəqəm 1 milyard manata yaxın olub. Indiyə qədər izah edilmir ki, bu 300 milyon manat fərq necə yaranıb.
Tender fırıldağı
Kəmərin tikintisində istifadə edilən şüşə tərkibli boruları “Azkompozit” adlı şirkət hazırlayıb. Maraqlıdır ki, “Azkompozit” hələ 2006-cı ilin avqustunda su kəməri üçün boruların göndərilməsi üzrə tenderi udub. Amma müəssisənin açılışı 2006-cı il dekabrın 29-da baş tutub. Işləməyən bir şirkəti necə tenderin qalibi elan etmək olar?
Bundan başqa, boruların alınması üçün 5 ölkəni təmsil edən 7 şirkətin tenderdə iştirakına dair rəsmi məlumat yayılsa da, onların heç birinin adı açıqlanmır.
Quyu “itkisi”
Kəmərin çəkildiyi rayonlarda 3257 vətəndaş ziyan çəkib, amma indiyə qədər dəymiş zərərin əvəzi ödənilməyib.
Məruzədə o da bildirildi ki, kəməri su ilə təmin etmək üçün Oğuz rayonunda 150 metr dərinlikdə 350 millimetr diametrdə təxminən 120 ədəd quyu qazılıb. Lakin Neft Fondunun məlumatlarına görə, kəmərin su ilə doldurulması üçün 100 quyu əvəzinə 75 quyu qazılıb. “Azərsu”nun saytında isə kəməri su ilə təmin etmək üçün Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu qazıldığı qeyd olunub. Quyuların sayının nəzərdə tutulduğundan az olmasının səbəbi barədə isə heç bir məlumat verilməyib.
Qeyd edək ki, kəmərin açılışına həsr olunmuş təntənəli tədbirdə “Azərsu” ASC-nin keçmiş sədri Nizaməddin Rzayev 100 ədəd istismar quyusu və 20 ədəd müşahidə quyusunun qazıldığını elan etmişdi.
Mülkiyyət hüququnun tapdanması
Mirvari Qəhrəmanlı dedi ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi üçün mülkiyyətçilərdən torpaqların alınması Konstitusiya və digər qanunların tələblərinin pozulmasıyla həyata keçirilib: “Mülkiyyətçilərin torpaqları zəbt olunub, torpağın və itirilmiş faydaların əvəzinə heç bir kompensasiya ödənilməyib. Torpaqları alınmış mülkiyyətçilərin məruz qaldığı ziyanlar təkcə torpaqlarının itirilməsilə bitməyib. Mülkiyyətçilər torpaqlarıyla yanaşı, illərlə yetişdirdikləri ağaclar və məhsullarını da itiriblər”.
Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülkiyyətçilərin yerli və mərkəzi icra hakimiyyəti orqanlarına, Milli Məclisə, hüquq-mühafizə orqanlarına müraciətlərinə də qanuna uyğun şəkildə baxılmayıb. Mirvari Qəhrəmanlının sözlərinə görə, mülkiyyət hüquqlarının pozulmasıyla bağlı vətəndaşların müraciətlərinə baxılması prosesində vətəndaşların hüquqları 3 əsas sahədə pozulub. Əvvəla, yerli əhalinin yazılı müraciətlərinə qanunda göstərilən qaydada və müddətdə cavab verilməyib. Ikincisi, yerli əhalinin yazılı müraciətlərinə məktub göndərdikləri vəzifəli şəxslər və dövlət orqanlarının səlahiyyətli nümayəndələri cavab verməyib. Əksinə, onların şikayətini elə mülkiyyət hüquqlarını pozmuş vəzifəli şəxslər və orqanlara göndəriblər. Son nəticədə də cavabları həmin adamların özləri yazıb. Ən nəhayət, vətəndaşların yazılı müraciətlərinə cavablarda bu ödəmələrin yaxın vaxtlarda həyata keçiriləcəyi bildirilsə də, üstündən bir ildən çox müddət keçməsinə baxmayaraq, vəzifəli şəxslərin verdikləri vədlərə əməl olunmayıb.
“Oğuz-Qəbələ-Bakı” ekoloji problem yaradıb
Oğuz-Qəbələ-Bakı kəmərinin çəkildiyi rayonların ərazilərində ekoloji duruma da ziyan dəyib. Bunun nəticəsi olaraq, Oğuz rayonunda 30-dək bulaq quruyub. Məruzəçinin sözlərinə görə, su çıxarılan bölgənin ildə 160 milyon kubmetr su verməyə imkanı yoxdur.ÿSu tədricən azalacaq. 2-3 ildən sonra isə bölgənin su ehtiyatları tükənməyə başlayacaq. Nəticədə layihə iqtisadi cəhətdən yararsız vəziyyətə düşəcək. Sudan düzgün istifadə edilməməsi isə ekoloji fəlakətə səbəb olacaq. Ərazidə səhralaşma prosesi başlayacaq. Kəmərin tam gücü ilə işləməsindən sonra Bakı şəhərinin 75 faizinin fasiləsiz su ilə təmin olunacağı söylənilsə də, şəhər əhalisi öz gündəlik məişətində onun işə salınmasını hiss etmir.
Bundan başqa, Mirvari Qəhrəmanlı kəmərin mühafizə sisteminin olmadığını və bunun da milyonlarla insanın sağlamlığını zərbə altında qoyduğunu vurğulayıb. Hüquq müdafiəçisi bu vəsaitlərdən korrupsioner, sifarişçi və podratçı icraçı qurumların yararlandığını vurğulayıb.
Neft gəlirlərinin yarısı xərclənib
Ictimai Palatanın iqtisadiyyat komissiyasının sədri Qubad Ibadoğlunun məruzəsi isə Neft Fondunun vəsaitlərinin idarə olunması barədə oldu. O bildirdi ki, 2011-ci il oktyabrın 1-nə olan məlumata görə, bu vaxtadək Fonda daxilolmalar 61 milyard 423,1 milyon dollar olub. Bu vəsaitin 29 milyard 180,6 milyonu artıq xərclənib.
Büdcə Neft Fonduna görə ayaqdadır
2012-ci ildə Dövlət Neft Fondunun gəlirləri 10 milyard 697 milyon manat, xərcləri isə 10 milyard 482,5 milyon manat həcmində proqnozlaşdırılır. Xərclərin 9 milyard 905 milyon manatı dövlət büdcəsinə transfertlərə, 577.5 milyon manatı isə fondun birbaşa maliyyələşdirdiyi layihə və proqramlara, həmçinin fondun idarə edilməsinə yönələcək. Gələn il fondun transfertləri dövlət büdcəsinin 60,3 faizini təşkil edəcək ki, bu da neft bumu başlayandan bəri qeydə alınan ən yüksək göstəricidir. Neft Fondundan büdcəyə transfertlərin çoxluğunu əsas tutaraq, Q.Ibadoğlu bildirdi ki, madam fondun vəsaiti belə xərclənəcəksə, elə onu ləğv edib büdcəyə birləşdirmək lazımdır.
Şok!
Qubad Ibadoğlunun açıqladığı şok informasiya Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlərlə bağlı oldu. Rəsmi statistikaya istinad edən iqtisadçının sözlərinə görə, 2008-ci ildə Neft Fondunun vəsaitləri 11 milyard 219,2 milyon dollar, bu məbləğdən əldə etdiyi gəlir 426,3 milyon dollar olub. 2009-cu ildə vəsaitin miqdarı 14 milyard 900,4 milyon, gəlirlər isə 491,7 milyon dollara çatıb. 2010-cu ildə isə vəziyyət absurdlaşıb. Neft Fondunun vəsaitlərinin məbləği 22 milyard 766,8 milyon dollara qalxsa da, gəlir 1 faizdən də az olub – 195,1 milyon dollar!!!
Manatın dəyərsizliyi
Məruzəçi Neft Fondunun valyuta səbətinin faktiki tərkibini göstərməklə Azərbaycan manatının etibarsızlığını da ortaya qoydu. Onun məlumatına görə, neft pullarının 55.26 faizi ABŞ dolları, 39.67 faizi avro, 5.07 faizi Ingilis funt-sterlinqi və cəmi 0.07 faizi Azərbaycan manatı ilə saxlanılır.
Ictimai Palatanın tövsiyələri
Məruzədə Ictimai Palata adından dövlət başçısına və parlamentə Dövlət Neft Fondu haqqında qanunun qəbulu, Fondun Müşahidə Şurasında ictimaiyyətin təmsilçiliyinin təmini, Fondun büdcəsinin dövlət büdcəsilə birləşdirilməsi kimi təkliflər irəli sürüldü.
Dövlət Neft Fonduna tövsiyədə isə qeyd olundu ki, dünya iqtisadiyyatında və Avrozonada mövcud olan qeyri-müəyyənliklər investisiya siyasətinin, xüsusilə səhm bazarları üzrə əməliyyat subyektlərinin dəqiq müəyyən olunmasını tələb edir. Dövlət Neft Fondunun yeni investisiya siyasətində prioritetlərdən biri kimi seçilən daşınmaz əmlaka investisiyalar zamanı yalnız inkişaf etmiş ölkələr yox, həmçinin inkişaf etməkdə olan ölkələr də diqqətdə saxlanılmalıdır (Braziliya, Türkiyə və Çin kimi). Dövlət Neft Fondu qızılın dünya bazarı qiymətlərindəki kəskin enib-qalxmaların durğunluqla nəticələnə biləcəyi perspektivini və inkişaf etməkdə olan ölkələrin valyutaları ilə əməliyyatların risklərini nəzərə almalıdır.
Hökumət Dövlət Neft Fonduna daxil olan maliyyə axınlarının şəffaflığı və effektivliyi ilə bağlı göstərdiyi səyləri Fondun vəsaitlərinin istifadəsi üzrə (xüsusilə, infrastruktura qoyulan investisiyalarda) nümayiş etdirməlidir.
Məsuliyyət Ilham Əliyevin üzərindədir!
Digər iştirakçıların çıxışları və məruzəçilərə suallarıyla müzakirələr davam etdirildi. Ictimai Palatanın üzvü Nurəddin Məmmədli bildirdi ki, neft gəlirlərinin xərclənməsilə bağlı məsələlərə görə bilavasitə ölkə başçısı məsuliyyət daşıyır. Çünki Neft Fondundan ayrılmalarla bağlı sərəncamları dövlət başçısı verir.
Neft Fondunun hesabatlılığı gücləndirilməlidir
Iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi ki, Neft Fondunun vəsaitləri təkcə layihələrə deyil, dövlət büdcəsinə də ayrılır. Dövlət büdcəsində artımın 80 faizi Neft Fondunun hesabına baş verir. Ekspert dedi ki, Fondun vəsaitlərinin səmərəliliyi aşağı səviyyədədir. Ictimai vəsaitlərin toplandığı Neft Fondu bir şəxsin iradəsilə xərclənə bilməz: “Milli Məclis tərəfindən verilən qərarlarla xərcləmələr aparılmalıdır. Dövlət Neft Fondunun rəhbəri prezidentə deyil, parlamentə hesabat verməlidir”.
“Neft qanunu”na ehtiyac var
Ictimai Palatanın üzvü Pənah Hüseyn bildirdi ki, Azərbaycanda neft haqqında qanun qəbul edilməlidir. Azərbaycandan xeyli aşağı neft çıxarma ənənələrinə malik ölkələrdə belə, neft haqqında qanun qəbul olunub. Neft gəlirlərinin xərclənməsi kimi ciddi məsələlərdə məhz bu qanun təsirini göstərə bilər.
Pənah Hüseyn yada saldı ki, bir neçə il əvvəl Müsavat deputat qrupu neft haqqında qanun layihəsini parlamentə təqdim etsə də, parlament onu qəbul eləmədi: “Belə bir qanunun qəbul olunmasına qarşı əsas lobbiçiliyi Milli Məclis sədrinin müavini Valeh Ələsgərov edir. Beynəlxalq neft şirkətləri də Azərbaycanda belə bir qanunun qəbul olunmasında maraqlı deyillər. Çünki korrupsioner oliqarxlarla onların maraqları üst-üstə düşür. Nə qədər ki, Azərbaycanda saxta parlament və belə bir siyasi rejim var, Azərbaycanın neft və qazdan gələn gəlirləri talan ediləcək. Biz iri layihələrin əleyhinə deyilik. Bizim tələbimiz bu layihələrə ayrılan vəsaitin talan edilməməsidir. Bizim, cəmiyyətin əsas mübarizəsi ölkədəki siyasi rejimin dəyişilməsi istiqamətində olmalıdır”.
Problemin kökü saxta parlamentdədir
Ictimai Palatanın üzvü Imamverdi Cəfərov isə bildirdi ki, əslində, Azərbaycan xalqının, gələcək nəsillərin olan neft gəlirləri müxtəlif layihələr vasitəsilə mənimsənilir: “Məsələn, orta məktəbdə bir sinif otağının təmirinə 30 min manat vəsait ayrılır. Gürcüstanda bir sinif otağının təmirinə isə, ən uzağı 5 min dollar ayrılır. Azərbaycanın neftdən gələn gəlirləri şişirdilmiş müxtəlif təmir-tikinti layihələri vasitəsilə talan edilir. Bu problemin də kökündə Azərbaycanda xalqın seçdiyi parlamentin olmaması faktı dayanır. Deputatlar xalqın seçdiyi millət vəkilləri olsaydı, xalqın sərvətinin talan edilməsinə qarşı parlamentdə məsələ qaldırardılar. Ictimai Palatanın əsas hədəfi ölkədə yeni parlament seçkilərinin keçirilməsinə nail olmaq olmalıdır”.
Qanunlardan əvvəl siyasi sistem dəyişməlidir
Iqtisadçı ekspert Nemət Əliyev də Neft Fondunun vəsaitlərindən istifadənin səmərəsizliyini vurğuladı. Onun sözlərinə görə, bu vəsaitləri kredit verməklə daha səmərəli etmək olar. Nemət Əliyev onu da əlavə etdi ki, Neft Fondunun gəlirləri getdikcə azalır, lakin xərcləmələr artır.
Digər iqtisadçı ekspert Ilham Hüseynli də hesab edir ki, məsələyə daha çox siyasi baxımdan yanaşılmalıdır: “Azərbaycanda normal siyasi sistem formalaşmayınca, istənilən qanunun qəbul olunmasına baxmayaraq, problemlər həllini tapmayacaq”.
***
Iqtisadçı ekspert Vahid Məhərrəmov isə dedi ki, neft gəlirləri əsasən kənd təsərrüfatı və sənayenin inkişafına sərf edilməlidir.
Ictimai Palata üzvləri Arifə Hüseynli, Lətafət Məlikova, Asif Məmmədli, Mustafa Hacılı da neft gəlirlərinin talan edildiyini konkret faktları sadalamaqla qeyd etdilər.
Dinləmələrə Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli yekun vurdu. O bildirdi ki, Dövlət Neft Fondundan xərcləmələrə ictimai nəzarətə nail olmaq üçün bu cür müzakirələri Ictimai Palata silsilə olaraq keçirəcək.
Natiq Güləhmədoğlu