Fazil Məmmədov Elman Rüstəmovun təklifini rədd etdi
Vergilər naziri Fazil Məmmədov vergi yükünün azaldılmasına ehtiyac olmadığını bildirib. Nazir Milli Məclisdə büdcə müzakirələri zamanı bu məsələ barədə danışarkən vergi yükünün mövcud dərəcəsinin normal olduğunu iddia edib:
“Bu ilin 10 ayı ərzində Azərbaycanda 9 milyard manat investisiya qoyulub. Əgər sahibkarlığın inkişafı üçün münbit şərait və vergi yükünün mövcud dərəcəsi qaneedici olmasaydı, bu qədər həcmdə investisiya qoyulardımı? Yaxın ətrafımızda yerləşən, vergi yükü aşağı olan ölkənin hansı birinə bu qədər investisiya qoyulub? Heç birinə. Belə olan halda, vergi yükünün aşağı salınması ilə bağlı danışmaq düzgün deyil”.
Məlumat üçün qeyd edək ki, vergi yükünün azaldılması təklifi ilk olaraq Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdan gəlib. Baş bankir vergi yükünün azaldılmasını ölkəyə xarici investorların cəlb edilməsi baxımından vacib olduğunu vurğulayıb. Lakin vergi yükünün çox olması vergiödəyicilərini başqa alternativ yollar axtarmaq məcburiyyətində qoyduğundan və bu vəziyyət Fazil Məmmədovun maraqlarına uyğun olduğundan, o, dərhal Elman Rüstəmova cavab verib. Vergilər nazirinin təklifə operativ reaksiyasının bir səbəbi də bu ola bilər ki, Fazil Məmmədov Elman Rüstəmovun Azərbaycana xarici investorların cəlb edilməməsinin günahını onun üzərinə yıxdığını düşünüb.
İnformasiya şöbəsi