ABŞ, Fransa və İngiltərə Suriyada “təhlükəsiz zona” yaratmağa hazırlaşır
Suriya müxalifəti qanuni hökumət kimi tanınmaq istiqamətində ciddi dəstək aldı; Israil də Əsədin legitimliyini itirdiyini bildirdi
Fransa Suriyada “vətəndaşların qorunması üçün təhlükəsiz bölgə yaradılması” təklifilə çıxış edib. Beləliklə, Suriyaya müdaxilə mövzusunda ilk dəfə Qərbin böyük bir dövləti konkret mövqe sərgiləyib. Suriyada humanitar dəhliz yaradılması təklifilə bağlı Fransanın xarici işlər naziri Alen Jüpe və ABŞ dövlət katibi Hillari Klinton arasında müzakirə aparıldığı və razılıq əldə olunduğuna dair məlumat yayılıb.
Fransa Xarici Işlər Nazirliyinin sözçüsü məlumat verib ki, Alen Jüpenin amerikalı həmkarı ilə telefon danışığında Suriyada, xüsusilə rejimin güc strukturlarının mühasirəsində olan Humus şəhərində humanitar vəziyyətin getdikcə pozulmasından narahatlıq ifadə olunub.
Fransanın xarici işlər naziri ötən gün Suriya Milli Şurasının (müxalifətin elan etdiyi keçid hökuməti) sədri Burhan Galyunla görüşdən sonra verdiyi açıqlamada Suriyanın şimalında təhlükəsiz zona yaradılmasını nəzərdə tutan hərbi müdaxilə variantının masada olmadığını vurğulayıb. Bununla belə o, “təhlükəsiz zona”nın vətəndaşları qorumaq və humanitar yardımları çatdırmaq üçün uyğun variant olduğunu söyləyib. Jüpe bu məsələ üzərində bir tərəfdən Avropa Birliyinin, o biri tərəfdən isə Ərəb Ölkələri Liqasının çalışmalı olduğunu da diqqətə çatdırıb.
Bundan başqa, Alen Jüpe Suriya Milli Şurasını “legitim tərəf” kimi tanıdıqlarını ifadə edib. Bu isə qanuni hökumət olaraq tanınması istiqamətində Suriya müxalifətinə verilmiş ən böyük beynəlxalq dəstək kimi qiymətləndirilib.
Fransanın təklifinə isə ilk dəstək Ingiltərədən gəlib. Ingiltərə təklifin müzakirəyə çıxarılmasını istəyib. Buna paralel olaraq, Bəşər Əsəd rejimindən insan haqları pozuntularını dayandırmağı tələb edib.
Bu arada, Avropa Birliyi də qarşıdakı günlərdə Suriya Milli Şurası liderlərilə danışıqlar keçirilə biləcəyini açıqlayıb. Fransanın təklifinə gəlincə, Avropa Birliyindən deyilib ki, mülki əhalinin qorunması getdikcə təcili yerinə yetirilməli vəzifəyə çevrilir.
Əsəd rejiminin devrilməsində maraqlı görünməyən və Bəşər Əsəd hakimiyyətdən gedəcəyi təqdirdə Suriyada, eləcə də regionda islamçı qüvvələrin fəallaşacağını güman edən Israil nəhayət, geri addım atmalı olub. Israilin baş naziri Benyamin Netanyahunun müavinlərindən biri olan Moşe Yaloon Bəşər Əsədin legitimliyini itirdiyini və hakimiyyətdən getməsinin qaçılmaz olduğunu bildirib: “Suriya dönüşü olmayan bir yola girib. Bəşər Əsəd, dinc müxalifləri öldürməsilə öz legitimliyini itirib”.
Bundan başqa, dünən günün sonunda yayılan xəbərlərdə bildirilirdi ki, Suriya Ərəb Ölkələri Liqasının irəli sürdüyü təkliflər paketini qəbul etməyə razılıq verib. Ərəb Ölkələri Liqası xarici işlər nazirlərinin Suriyadakı vəziyyətlə bağlı Qahirədə keçirdiyi toplantıdan sonra Iraqın xarici siyasət idarəsinin rəhbəri Hoşyer Zəbari Əsəd rejiminin ərəb müşahidəçilərindən ibarət heyətin Suriyaya gəlməsinə müsbət cavab verdiyini söyləyib. Zəbari Suriya hakimiyyətinin Ərəb Ölkələri Liqasının bütün təkliflərini qəbul etdiyini bildirib.
Informasiya şöbəsi