«Fövqəlnazir» oğlunu Britaniyaya yollamaqdan ehtiyatlanır
Britaniyada həbs edilən «rus casusu» nazirin oğlu Taleh Heydərovdan pul aldığını bildirib
Böyük Britaniyada fəaliyyət göstərən Araşdırmaçı Jurnalistlər Bürosu Azərbaycan iqtidarı ilə bağlı qalmaqallı məqalə yayıb. Həmin məqalədə Britaniya parlamentarisi, hərbi məsələlər üzrə xüsusi komitənin sabiq üzvü Maykl Henkokun köməkçisi və sevgilisi milliyyətcə rus olan və Rusiya kəşfiyyatına işləməkdə ittiham edilən Yekaterina Zatuliveter məhkəməyə ifadəsində Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun təşkilatı Avropa Azərbaycan Cəmiyyətindən (AAC) pul aldığını açıqlayıb.
Zatuliveter bildirib ki, 2009-cu ilin ortalarında Maykl Henkok AAC-a onun adından müraciət edərək maliyyə yardımı istəyib. Həmin vaxt britaniyalı parlamentari hərbi məsələlər komitəsinin üzvü olub. Zatuliveterin bildirdiyinə görə, həmin vaxt onun maliyyə çətinlikləri olub. Vizasının müddəti bitdiyi üçün Britaniyanın Miqrasiya Xidməti onu deportasiya etməyə hazırlaşırmış. Yekaterinanın sözlərinə görə, problemi həll etmək üçün 2 min funt sterlinq xərcləyib və bu səbəbdən maliyyə çətinlikləri ilə üzləşib: “Mayk da mənim maliyyə çətinliklərimdən və başıma gələnlərdən çox narahat idi. O, Avropa Azərbaycan Cəmiyyətinə müraciət edərək mənim lobbiçilik və məsləhət xidmətlərimi təklif etdi. Mən onun parlamentdə köməkçisi olaraq uzun aylar ərzində bu təşkilat üçün işlər gördüm. Əvəzində onlar mənə böyük məmnuniyyətlə 3 min funt sterlinq verdilər. Bu ödəmə mənim bank hesablarımda da əksini tapıb”.
Henkok da ifadəsində Yekaterinanın dediklərini təsdiqləyib. Zatuliveter ötən ildən casus ittihamı ilə həbsdə yatır. Bu qızın Rusiya kəşfiyyatına işlədiyini Britaniyanın əks-kəşfiyyat xidməti MI-6 üzə çıxarıb. Zatuliveterə qarşı irəli sürülən ittihamlarda onun Henkokla yaxınlığından istifadə edərək hərbi sirləri ələ keçirərək Rusiya kəşfiyyatına ötürdüyü bildirilir. Britaniya əks-kəşfiyyatı bir müddət Yekaterinanı izlədikdən sonra ötən il onun həbsinə qərar verilib. Bu olay həm də Henkokun hərbi məsələlər komitəsindən istefa verməsilə nəticələnib.
Zatuliveterin bu ifadəsindən sonra Taleh Heydərovun da məhkəməyə çağırılacağı gözləniləndir. Bu isə nazir oğlunun Britaniyadakı fəaliyyəti üçün yaxşı nəticələr verməyə bilər. Bu arada “Azadlıq”a daxil olan məlumatda deyilir ki, Taleh Heydərov naməlum səbəblərdən bir neçə aydır ki, Azərbaycandadır və hələ ki, Britaniyaya getmək niyyəti yoxdur. Mümkündür ki, Taleh Heydərovun Azərbaycana gəlişi Zatuliveterin məhkəməsi ilə bağlı olsun. Ola bilər, Kəmaləddin Heydərov bu prosesdə oğluna qarşı hər hansı təhlükə hiss etdiyindən onun bir müddət Azərbaycanda qalmasını məsləhət bilib.
İnformasiya şöbəsi