Generalın qardaşı oğlu nazirin oğlu Anar Məmmədovu hədələyib
Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubov nəqliyyat naziri Ziya Məmmədovu təşvişə salıb. Redaksiyamıza daxil olan məlumata görə, Robert Əyyubov bir neçə gün əvvəl Ziya Məmmədova məxsus “ZQAN Holding”in ofisinə gedib.
Əsəbi şəkildə ofisə daxil olan generalın qardaşı oğlu “ZQAN”a rəhbərliyi həyata keçirən nazirin oğlu Anar Məmmədovu hədələyib. Hətta onun Anar Məmmədova əl qaldırdığı da bildirilir. Mühafizəçilər Robert Əyyubovu tanıdıqlarından insidentə müdaxilə etməyiblər. Bildirilir ki, generalın qardaşı oğlunu əsəbiləşdirən şəxsi taksilərə lisenziya verilməməsi olub. Ehtimal olunur ki, Robert Əyyubovun da taksi biznesi var. Qeyd edək ki, bir müddət əvvəl Ziya Məmmədov növbəti ildən şəxsi taksilərə lisenziya verilməyəcəyini bəyan etmişdi. Lakin elə bu bəyanatdan dərhal sonra lisenziya qadağası tətbiq edilməyə başlamışdı.
Görünür, Robert Əyyubova, yaxud onun çevrəsinə aid olan hansısa şəxsə məxsus taksilər də belə bir qadağa ilə üzləşib. Bu isə generalın qardaşı oğlunun qəzəbinə səbəb olub.
Məlumatda deyilir ki, Ziya Məmmədov Robert Əyyubovun “ZQAN”a bu şəkildə gəlişindən bərk narahat olub. Bəzi iddialara görə, nazir olay barədə Ilham Əliyevə məruzə edib. Eyni zamanda hər ehtimala qarşı özünü qorumaq üçün lisenziya qadağasını aradan qaldırıb.
İnformasiya şöbəsi