Islamçıların həbsi haqlı suallar doğurur
Həqiqətən də bu ölkədə qanunun, dəyərlərin, deyilən sözün heç bir qiyməti yoxdur. Hakimiyyət şəxsi maraqlar naminə bütün dəyərləri tapdaq etməyə, zorakılıqla istəyinə nail olmağa hazırdı. Bəzən elə hallar baş verir ki, izahat tapmaq da mümkün olmur. Bildiyiniz kimi noyabrın 26-da Bakıda Islam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasının açılışı oldu və ölkə başçısı tədbirdə nitq söylədi: “Islamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir.
Gələcəkdə sivilizasiyalararası münaqişələrə gətirib çıxara bilər. Ona görə, həm ölkə daxilində, həm xaricdə biz Islam mədəniyyətini təbliğ edirik. Əfsuslar olsun ki, son vaxtlar bəzi Qərb dairələri, media nümayəndələri Islamı terrorla bağlamaq istəyirlər. Biz bu çirkin əməlləri qətiyyətlə pisləyirik. Islam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Biz Islam dəyərlərini dünyaya təqdim etmək üçün Azərbaycanda fəal iş aparırıq”-deyə Ilham Əliyev billdirib.
Amma Ilham Əliyevin islam dəyərlərindən danışdığı bir vaxtda Nardaranda qanlı toqquşma baş verirdi. Bəli, DIN-in hazırladığı əməliyyat nəticəsində 6 nəfər həyatını itirdi. Nəticədə məlum olub ki, bütün bu baş verənlər Hacı Tale Bağırzadəni və tərəfdaşlarını həbs etmək üçün imiş.
Bu məsələdə xeyli sual doğuran məqamlar var. Bir adamı tutmaq üçün niyə bu qədər ciddi əməliyyat hazırlanıb, niyə kobud və silahlı müdaxilə olunub, Bakıda Islam dəyərlərindən, islamafobiyadan, tolerantlıqdan söhbət getdiyi vaxt, Nardaranda islamçılara güllə atmaq zərurəti haradan yaranıb? Niyə ortada əməliyyat çəkilişləri yoxdur? Niyə əməliyyata gələnlər mebel maşınınıda kəndə daxil olublar? Tale Bağırzadəni rəsmi şəkildə şöbəyə dəvət etmək olmazdımı? Axı bundan əvvəl dəfələrlə Tale Bağırzadə hüquq mühafizə orqanlarına çağırılıb və gedib. Indiki halda isə Tale Bağırzadənin şöbəyə çağırılması və bundan imtina etməsi haqqında heç bir məlumat yoxdur. Ümumiyyətlə, həmişə nəzarət altında olan bir adamın qumbara, silah gəzdirməsi inandırıcı görünmür. Sakinlər də bildirirlər ki, Tale Bağırzadənin Nardarana çağırılması imamın 40 mərasimi ilə bağlı imiş. Isətənilən halda bu qənaət yaranır ki, belə bir silahlı və aqressiv əməliyyat keçirmədən də Tale Bağırzadəni, tərəfdaşlarını həbs etmək olardı. Ən azından günahsız insanların ölümü baş verməzdi, insanlarda bu qədər qəzəb yaranmazdı.
Bir daha təkrar edirik ki, biz heç bir silahlı qarşıdurmanı, dövlət əleyhinə fəaliyyəti təqdir etmirik və bu məsələlərdə heç kimə güzəşt olunmamalıdır.
Amma Nardaranda baş verənlərdən sonrakı mənzərə də bunu deməyə əsas verir ki, bu hadisə cəmiyyətə çatdırıldığı kimi deyil. Əvvəla, bu adamların istintaqı yekunlaşmayıb, barələrində məhkəmə hökmü yoxdur. Belə olan təqdirdə rəsmi orqanların, telekanalların, hökumət təmsilçilərinin “terrorçu dəstə”, “silahlı qruplaşma”, “vətən xaini”, “agent” kimi ifadələrlə bu şəxsləri ləkələmələri qanunsuzluq deyilmi? Əgər bu adamlar haqqında məhkəmə hökmü verilməmiş telekanallara “qara təbliğat” sifarişi verilirsə, rəsmi orqanlar biabırçı bəyanatlar yayırlarsa, istintaqın necə aparılacağı, məhkəmənin necə hökm çıxaracağı da şübhə doğurmur. Yəni, bu adamaların sonrakı taleyi haqqında, öncədən fərman verilib. Təkcə bu fakt qanuna, hüquqa tüpürməkdi.
Digər tərəfdən dünənə qədər Tale Bağırzadənin özü və təşkilatı haqqında hər hansı cinayət işi açılmayıb, bu adamların hansısa cinayət əməlində günahlanıdırldığı haqda məlumat verilməyib. Nardaranda baş verənlərə rəsmi reaksiya Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara da ziddir.
Başqa bir sual da ortaya çıxır. Tutalım Tale Bağırzadə qanunsuz əməliyyat hazırlayırmış. Bəs, Lənkəranda Hacı Zülfüqarın həbsi, Gəncədə dindarların həbsi niyə baş verdi? “Islam Həmrəyliyi Oyunları”na hazırlaşan ölkədə, islamçılara qarşı bu aqressiya nədən qaynaqlanır? Tolerantlıq budurmu? Dünyada islamfob axtaran, islamı terrorla əlaqələndirənləri pisləyən də bu hökumətdir, islamçını terrorçu kimi təqdim edən də. Bəli, Ilham Əkliyev ISESCO-nun tədbirində “terroru islamla əlaqələndirmək çirkin əməldir” deyir. Amma 2 gündür rəsmi təbliğat istintaqın yekununu gözləmədən onlarla inanclı insanı “terrorçu” kimi təqdim etməyə başlayıb.
Çox maraqlıdır ki, yüzlərlə cinayət əməlində təqsirləndirilən MTN-çilərə qarşı belə operativ və aqressiv münasibət olmamışdı. Indi məlum olur ki, prokurorluq Nardaran sakinlərinin danışıq təklifini rədd edib. Necə olur ki, ermənilərlə görüşüb müzakirə aparan hökumət, öz vətəndaşını dinləməkdən imtina edir?
Bu adamlar ilk növbədə Azərbaycan vətəndaşıdı. Hələ sübut olunmalıdı ki, silah, qumbara kimlərdə olub, müqvimət göstərənlər kimdir, Tale Bağırzadənin günahı varmı?
Amma hökumətin sübut axtarmaq istəməməsi, hətta danışqdan da imtinası bir daha göstərir ki, əsas səbəb başqadır və yalan təblliğatla həqiqəti gizlətmək istəyirlər.
Samir