Arif Əliyev: «Belə məsələlərə son dərəcə həssaslıqla yanaşılmalıdır»
Nardaranda baş verən məlum hadisələri ölkə mətbuatı cəmiyyətə fərqli formalarda təqdim edir. Xüsusən hökumətin nəzarətində olan kütləvi informasiya vasitələri noyabrın 26-da Nardaranda baş verən qanlı hadisələrin təqdimatında sanki cəmiyyəti bir təriqətin, bir kəndin üzərinə qaldırmaq missiyası üzərinə götürüb.
Hökumətyönlü medianın bu hadisə ilə bağlı heç bir araşdırma aparılmadan, məhkəmə olmadan, qarşı tərəfi dinləmədən Nardaran sakinlərinə qarşı birbaşa ağır ittihamlar səsləndirməsi nə dərəcədə jurnalistikanın prinsiplərinə uyğundur?
Bu barədə danışan “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, Azərbaycanda media mümkün olan bütün sədləri artıq çoxdan keçib. Bu baxımdan dövlət orqanları tərəfindən hansısa bir kampaniyanın başlanmasında mətbuatın vasitəyə çevrilməsi Arif Əliyevi təəccübləndirmir: “Media istənilən məsələnin işıqlandırılmasında ehtiyatlı olmalıdır. Qanun və peşə etikası kodeksləri var ki, onlara mütləq riayət etmək vacibdir. Eyni zamanda, belə məsələlərə son dərəcədə həssaslıqla yanaşılmalıdır. Hadisənin hansı tərəfdən baş verməsindən asılı olmayaraq, Nardaranda xeyli sayda günahsız insanlar var. Bütöv bir kəndin əhalisi hazırda ciddi iztirablar, çətinliklər içindədir. Insanlarımızın oradakı qanlı toqquşmada həlak olmasından biz də böyük mənada, ağır hisslər keçiririk. Əslində, məsələnin belə üsullarla həll olunması arzuolunmazdır. Rəsmi mətbuatın da belə bir dönəmdə məsələyə səthi yanaşması yolverilməzdir”.
Nigar