Aqil Əliyevin övladlarına dərman satmaq qadağan edilib
Onların nəqliyyat xətti də əllərindən alınıb
Paşayevlər dərman biznesini tamamilə ələ keçirib. Onlar hətta Əliyevlər ailəsinin üzvlərini də bu sahədən sıxışdırıb çıxarmağa nail olublar. Konkret olaraq Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevin oğluna məxsus olduğu bildirilən “Riad Farm” şirkətinə dərman satmaq qadağan olunub. Halbuki bu şirkət əvvəllər dərman satışında şəriksiz lider idi. Paşayevlər bu sahəyə əl qoyduqdan sonra “Riad Farm”ın meydanı bir qədər daraldı. Bu şirkətə respublika üzrə 100 aptekə dərman satmaq icazəsi verildi. Indi isə bu apteklər “Riad Farm”ın əlindən alınıb və faktiki olaraq şirkətin dərman biznesinə son qoyulub.
Lakin Aqil Əliyevin övladlarının problemləri bununla bitmir. Məlumatlarda bildirilir ki, “Riad” şirkətinə məxsus iri nəqliyyat xətti də ələ keçirilib. Bu nəqliyyat naziri Ziya Məmmədovun qəfil göstərişi əsasında baş tutub. Şirkətin rəhbərliyi, daha doğrusu Aqil Əliyevin övladları məsələ ilə bağlı nəqliyyat nazirinin qəbulunda olublar. Onlar Ziya Məmmədovdan izahat istəyiblər. Nəqliyyat nazirinin isə onlara “bu iş mənlik deyil” deyərək göstərişin Paşayevlərdən gəldiyinə eyham edib. Bundan başqa eyni dairədən gələn göstərişə əsasən “Ər-Riad” Ticarət Mərkəzinə və onun ətrafına marşrut xətləri qadağan olunub. Bu isə Ticarət Mərkəzinin iflasa uğramasına və Aqil Əliyevin övladlarının 10 milyonlarla dollar ziyana düşməsinə səbəb olub. Məlumatlarda deyilir ki, bu pulların bir qismi Ticarət Mərkəzinə kapital qoyan sahibkarlara məxsusdur. Hazırda həmin sahibkarlarla Aqil Əliyevin övladları arasında qarşıdurma yaranıb.
İnformasiya şöbəsi