Alim, yazıçı, yaradıcı… bu böyük adamlar hardasa uşaq kimi olurlar. Bəzən gec dil açır, ancaq açdımı…
Hakimiyyət özgür düşüncəsini sərgilədiyinə görə böyük insan Rafiq Əliyevi işdən çıxaranda nəyəsə nail olacağını düşünürdüsə, yanılmamışdı. Uğur gözlənildiyindən çox-çox böyük oldu. Böyük insanın kiçiklərdən fərqi də bu! Ortaya çox maraqlı gerçəkliklər çıxdı.
Cəmiyyət bir ziyalısını daha yaxından tanıdı. Təlatüm yarandı. Təlatüm meydanlara axmadı, ama ürəklər qaynadı, coşdu. Dediyimi yenə deyəcəyəm: “Inqilab birinci ürəklərdə başlayır”. Xoşlandığım “inqilab” sözünü dar mənada anlamayın, lütfən. Inqilab inkişafın mühərrikidi.
Sosial şəbəkələr hakimiyyətin bu cahil addımından nə qədər xoşbəxt oldu, təsəvvür eləyə bilirsinizmi, əziz ziyalılar? Ona görə yox ki, illərlə susmuş, uzun-uzadı düşünüb-daşınmış sizlərdən birinin allahsızlığa uğraması çox sevindirici faktdı. Yox… Yeni bir allahsızlıqdan dolayı sevinc absurd və gülünc olardı. Bu sevinc ataman ziyalısını öz səfində görməkdən doğur. Sadəcə və sadəcə. Indi hər kəs sevinir. Rafiq bəy işdən azad olunanı sosial şəbəkələrdən hələ təkcə “fasebook”da nə hallar yaşandığından xəbəriniz varmı? Kimi bu ziyalını qorumaq üçün xalqın ayağa qalxmamasından dəliyə dönür, kimi onun şəklini öz profil şəklinin yerinə yerləşdirir, kimi akademikin çıxışları, müsahibələri, onun haqqında yazılan yazıları bir-bir paylaşır, şərhlər yazılır. Və daha bir maraqlı nüans – başqa hallarda fikirləri üst-üstə düşməyən tərəflər, şəxslər, yazarlar, qruplar eyni sevgi və vəcd ilə akademikin işdən çıxarılmasını qınayır, bunu, az qala milli xəyanət kimi görürlər.
Bir mətbuat evində səslənən fikirlər indi bütün dünyaya yetişib. Azərbaycandan ta uzaq Lütfi Zadəyəcən. Dünyanın hər yerindən vətəndaşlarımız eyni acı və hirs ilə ancaq bu məsələdən danışır, hətta sevgi statuslarının içindəki şərhlərə də bu rəzil siyasi akt və onun yönəldiyi akademikin adı girir.
Təsəvvür eləyin, Rüstəm Ibrahimbəyovun “Daha susmaq olmaz”, Cəmil Həsənlinin “Dövlət şirkət, holdinq şəklini alıb”, – dediyi, Rafiq Əliyevin işdən çıxarıldığı günlərdə eynən onlar kimi susmaması umulan başqa bir “avtoritet” öz məbədində oturub müsahibə verir, onu tənqid edənləri az qala zir-zibil adlandırır, nə istədiklərini hələ də başa düşmədiyini və “tövbə qapısının açıq olduğunu” dilə gətirir, az-çox ictimai fəallığı olanları da susmağa, üzüyolalığa, həddini bilməyə, körpəliyə çağırır. Qocaman bir adamın adi bir şeyi anlaya bilməməsi adamın vicdanını ürpərdir, ürəyini bulandırır. Məgər bu qədərmi çətindi sevgini anlamaq? Bu tip sevgilər nikahla bitmir ki, qorxasan… Başqa bir qocaman ziyalımız mənə beləcə demişdi – yarızarafat, yarıgerçək: “Mən danışsam, elə şeylər deyərəm ki, anamı ağladarlar”. “Bəy, sizin ananızın ağlayan vaxtı çoxdan keçməyibmi?” – gülərək soruşdum…
Məbəd yiyəsinin isə könlündən hələ tövbələri qəbul eləmək keçir. Və fərqində deyil ki, ona bəslənən neçə sevginin anasını ağlar, evini viranə, gözünü yaşlı, ürəyini ümidsiz qoyur.
Mən də dostlara səs verib “fasebook”da profil şəklimi dəyişdim. Milli Kitab Mükafatı müsabiqəsi günü Rafiq Əliyevin əlimi sıxdığı, mənim də onun qoluna toxunduğum, qutsallığından yararlandığım anın şəklini yerləşdirdim profilimə və yazdım: “Böyük insanla yanaşı”. Əfəndilər, məgər siz bilmirsiz ki, bizim sizə nə qədər ehtiyacımız var? Axı atalar olmasa, oğullar kiminlə savaşar? Bu rejim sizi işdən çıxara bilər, hətta dünyadan da. Ama insanlıqdan, böyüklükdən, atalıqdan ki çıxara bilməz!!! Insanlıqdan çıxarmağa gücü çatacaq biri varsa, o sizmisiniz? Bütün yaradıcılığın, elmi kəşflərin, ədəbiyyatın çalışdığı insan və onun xoşbəxtliyi üçün deyilmi? Elə isə lütfən, sizinlə yanaşı duraraq xoşbəxt olmaqdan başqa bir umacağı olmayanları qırmayın, onların sizə sevgidən hördüyü möhtəşəm sarayları uçurmayın. Qoy, sizin qatiliniz olacaq bir kimsə varsa da, özünüz olmayasınız…