BMT-nin Işgəncələr Əleyhinə Komitəsində Azərbaycandakı qanunsuzluqlar müzakirəyə çıxarıldı
Artıq xeyli müddətdir ki, beynəlxalq tribunalardan Azərbaycan hakimiyyəti sərt tənqid olunur, Azərbaycandakı vəziyyət çılpaqlığı ilə ifadə edilir. Mənzərə o qədər şəffaflaşıb ki, siyasi məhbuslardan tutmuş, korrupsiya layihələrinə qədər bütün detallar beynəlxalq ictimaiyyətə məlumdur.
Belə ki, AŞPA-nın sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinə etiraz edilir, ölkə başçısının çıxışı zamanı adamlar ağızlarını bağlayıb, siyasi məhbuslara azadlıq tələb, ölkənin birinci xanımı Fransa səfəri zamanı jurnalistlərin siyasi məhbuslarla bağlı sualları ilə üz-üzə qalır, Avropalı senatorlar Azərbaycan nümayəndə heyətinin üzvləri ilə kofe içməyə, yaxın təmasda olmağa da qorxur, hakimiyyət təmsilçiləri ilə yaxınlıq edən Avropalı diplomatlar öz ölkələrində tənqid obyektinə çevrilir və.s
Yəni, Azərbaycanda avtoritar bir idarəçilyiin olduğu, qanunların işləmədiyi, insanların siyasi mövqeyinə görə təqib edildiyi, korrupsiyanın çiçəkləndiyi aydın fakta çevrilib. Hakimiyyət ölkəni elə bir vəziyyətə saldı ki, indi beynəlxalq tədbirlərdə Azərbaycandakı neqativ hallar müzakirəyə çıxarılır.
Belə ki, noyabrın 11-də Cenevrədə BMT-nin Işgəncələr Əleyhinə Komitəsində Azərbaycandakı vəziyyət haqqında iki günlük müzakirələr başlayıb. Yerli mənbələrin məlumatına görə, Azərbaycan nümayəndə heyətinə Leyla və Arif Yunusun vəziyyəti və onlara qarşı qeyri-insani rəftarın səbəbləri, habelə onlara qarşı ittihamların saxtalaşdırılmasının səbəbləri ilə bağlı suallar verilib. Həmçinin polisin cinsi istismarda iştirakı, vətəndaş cəmiyyəti fəallarının təqibi, QHT-lər sahəsində qanunvericiliyin sərtləşdirilməsi haqqında suallar qaldırılıb. Noyabrın 12-də Azərbaycan üzrə müzakirələr davam edib. Azərbaycanın müxtəlif qurumlarını təmsil edən nümayəndə heyəti üç saat ərzində qarşıya qoyulan suallara cavab verməlidir. Bundan sonra dəqiqləşdirici suallar olacaq.
Beynəlxalq hüquq-müdafiə qurumlarındakı mənbələrdən “Turan”a məlum olub ki, sessiyada rəsmi Bakı XIN, DIN, MTN, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Penitensiar Xidmət, Səhiyyə Nazirliyi, parlament və digər qurumların yüksək vəzifəli şəxslərinin iştirakı ilə nümayəndə nümayəndə heyəti ilə təmsil olunur.
Azərbaycan təmsilçilərinə REAL Hərəkatının lideri Ilqar Məmmədovun hələ də həbsdə saxlanması, həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunuslara qarşı təzyiqlər, onlara qarşı zorakılığın tətbiqi ilə bağlı məhkəmə-tibbi ekspertizanın rəyinin yubadılması, Naxçıvan MTN-in təxridxanasında işgəncə nəticəsində Turac Zeynalovun ölməsi, NIDA fəallarına qarşı işgəncəyə dair faktlarla bağlı suallar verilib.
Ümumilikdə Azərbaycan nümayəndə heyətinə 90 sual verilib. Bu suallara hansı cavabların verildiyi haqqında məlumat yoxdur. Amma məlum olan budur ki, hakimiyyət təmsilçiləri üçün bu suallara cavab vermək olduqca çətindir.
Bəli, hakimiyyət təmsilçiləri nə qədər tollerantlıqdan, insan haqlarından, siyasi azadlıqlardan danışsa da, dünyanı aldatmaq mümkün olmayıb. Azərbaycan nümayəndə heyətinə verilən 90 sual konkret faktlarla bağlıdır və Avropanı söyməklə bu faktlardan qaçmaq mümkün deyil.
Bir sözlə, hakimiyyətin avtoritar mahiyyəti növbəti dəfə üzünə çırpılır və 21-ci əsrdə Azərbaycanın cəngəllik qaydaları ilə idarə olunduğu nümayiş etdirilir.
Samir