Ərazi bütövlüyünü tanıyanlar yox, ərazimizi bölənlər dəstəkləndi
Açıq şəkildə görünür ki, Azərbaycan hakimiyyəti anti-milli siyasət yürüdür. Xüsusən də beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrinə ögey münasibət göstərilməsi, bu təşkilatlara qarşı ağır ittihamlar səsləndirilməsi, anti-milli siyasətdən doğur.
Bugünlərdə AŞPA-nın Siyasi Işlər Komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsi qəbul edib. Layihədə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərindən çıxarılması və bütün bu ərazilər üzərində Azərbaycanın tam suverenliyinin təmin olunması tələb edilir. Sənəddə bildirilir ki, dünyada mövcud olan başqa konfliktlərlə müqayisədə Dağlıq Qarabağ probleminə diqqət xeyli azalıb. Layihədə bildirilir ki, Minsk Qrupu çərçivəsində keçirilməli olan görüşlərdə Dağlıq Qarabağın müvəqqəti statusu müəyyən edilməli, Ermənistanla Dağlıq Qarabağ Azərbaycanla Naxçıvan arasında dəhlizlərin mövcudluğu təmin olunmalıdır. Böyük Britaniyadan olan deputat Robert Uolterin hesabatı əsasında hazırlanmış ÿlayihə AŞPA-nın 2016-cı ilin qış sessiyasında müzakirə ediləcək.
Göründüyü kimi bu layihə birmənalı şəkildə Azərbaycan maraqlarına xidmət edir və alqışlanmalıdır. Təbii ki, belə bir layihənin hazırlanması Rusiyanın xoşuna gəlmir. Çünki, Qarabağın işğalı Rusiyanın dirijorluğu ilə mümkün olub və münaqişənin həll olunması Rusiyanın maraqlarına uyğun deyil. Rusiya bu münaqişədən tərəflərə təzyiq vasitəsi kimi istifadə edir. Buna görə də Rusiya xarici işlər naziri Segey Lavrov AŞPA-nın Qarabağ məsələsinə müdaxiəsini pisləyib. O qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq birlikdən mandatı olmayan müxtəlif beynəlxalq təşkilatlar müstəvisinə çıxmaq düzgün deyil. Lavrov bunu belə əsaslandırıb ki, belə layihələrin hazırlanması ATƏT-in Minsk qrupunun fəaliyyətinə ziyan vurur.
Bəs, Azərbaycan hökuməti baş verənlərə necə münasibət sərgiləyir? AŞPA-da müzakirəyə çıxarılacaq layihə Azərbaycanın xeyrinə olsa da hakimiyyət bu məqamın üstündən səssiz keçməyə qərar verib. Eyni zamanda Segey Lavrovun mövqeyinə dəstək verməyə də başlayıblar. Belə ki, hökumətyönlü mətbuat Ermənistanın hansısa “Aykakan camanak”, “Lragir” qəzetinə, yaxud hansısa “diplomatik mənbə”yə istinadən xəbər verir ki, Lavrovun Ermənistan səfərinin əsas məqsədi münaqişənin həllinə xidmət edir. Guya, söhbət Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qayatarılmasından gedir.ÿBir sözlə, hökumətin təbliğatı budur ki, Rusiya Azərbaycanın xeyrinə Ermənistana təzyiq etməyə başlayacaq.
Bəli, AŞPA-da Azərbaycanın leyhinə hazırlanmış layihəyə münasibət bildirilmir, amma Sergey Lavrovun Azərbaycan əleyhinə olan mövqeyinə “kosmetika” yaxmağa başlayıblar.
Hətta XIN-in məsələyə münasibətində də Sergey Lavrovun mövqeyi müdafiə olunur: “Biz də mətbuat konfransında münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində (822, 853, 874, 884) təsdiq olunduğu kimi Ermənistan və Azərbaycan arasında olan razılıq əsasında ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərməsi barəsində olan fikri bölüşürük”- deyə XIN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Deməli, Ermənistanı işğalçı kimi təqdim edən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan layihənin qəbul olunması Azərbaycan hakimiyyəti üçün önəmli deyil. Hakimiyyət israrla çalışır ki, ölkədə Rusiya əleyhinə fikir formalaşmasın, cəmiyyət Rusiyanın ermənipərəstliyini açıq şəkildə hiss etməsin və Rusiyanı xilaskar kimi tanısın. Bir daha aydın olur ki, milli maraqları satışa çıxaran da, “5-ci kolon” da məhz bu hakimiyyətin içindədir. Hansıki, dövlətinə və millətinə bğalı olan istənilən hökumət üçün belə bir layihənin müzakirəyə çıxarılması böyük fürsət hesab edilərdi. Azərbaycan hakimiyyətinə isə yalnız şəxsi maraqların təmin olunması önəmlidir. Çünki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadığı halda da, bu hakimiyyətin şəxsi maraqları təmin oluna bilir.
Akif