Tale Bağırzadə özünə qarşı hücumlara cavab verdi
İlahiyyatçı Tale Bağırzadə və onun rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatı son günlər rəsmi təbliğatda xüsusi hədəf alınıb. Bu təşkilat və Tale Bağırzadə “radikal İslamçılqda”, xarici qüvvələrin təsiri ilə ölkədə qarışıqlıq yaratmaq istəyində ittiham olunur. Bununla bağlı hakimiyyətə yaxın saytlarda xüsusi məqalə dərc olunub, “Xəzər” televiziyasında süjet verilib. Bütün bu kampaniyaya formal səbəb isə Müsəlman Birliyi Hərəkatı üzvlərinin Sabunçu Polis İdarəsinin qarşısına toplaşıb təşkilatın orada saxlanan İdarə Heyətinin sədri Elçin Qasımova azadlıq tələb etməsidir. Hazırda Elçin Qasımov və polis idarəsi qarşısındakı gərginlik vaxtı saxlanan daha 10 nəfər MBH üzvü 10-30 sutka aralığında inzibati həbsdədirlər.
Özlərinə qarşı başlanan kampaniyanı azadliq.info-ya şərh edən Tale Bağırzadə deyib ki, bu, dövlət orqanları arasındakı çəkişmənin nəticəsi də ola bilər. O, hansı dövlət orqanlarını nəzərdə tutduğunu açıqlamayıb.
Tale Bağırzadənin fikrincə, belə hərəkətlərlə onları təxribata çəkmək, ölkənin gündəmini dəyişmək istəyirlər: “Dindarları təxribata çəkirlər, onları radikal addımlar atmağa təhrik etmək istəyirlər. Bu, MTN işi və digər hakimiyyətdaxili problemlərin cəmiyyətdən gizlədilməsi, onların ört-basdir edilməsi cəhdi də ola bilər. Bizi zorakılıqla əlaqələndirmək istəyirlər. Biz mövqeyimizi hər zaman tam aydın bəyan etmişik. Bizim mübarizəmiz dinc mübarizədir. Biz islahat yolu ilə, seçki yolu ilə hakimiyyətin dəyişdirilməsinin tərəfdarıyıq”.
Hakimiyyət mediasında onların haqqında yer alan məqalə və süjetə gəlincə, Tale Bağırzadə bildirib ki, bu, artıq biabırçılıqdır və bununla bağlı mövqelərini yaxın günlərdə ictimaiyyətə açıqlayacaqlar.