“Ölkədə sabitliyin əldə olunması üçün vətəndaş cəmiyyətinə yeni nəfəs verilməlidir”
ABŞ Konqresinin Helsinki Komissiyası noyabrın 5-də Azərbaycanda insan hüquqları ilə bağlı dinləmə keçirib.
“Amerikanın səsi” radiosu xəbər verir ki, diskussiyalarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar, Beynəlxalq Hüquq Mərkəzinin vitse-prezidenti Nataliya Burjali, vicdan məhbusları Leyla və Arif Yunusların qızı Dinara Yunus çıxış ediblər.
Riçard Morninqstar Azərbaycan-ABŞ əlaqələri barədə danışaraq deyib ki, iki ölkə arasında strateji maraqların olmasına baxmayaraq, onların münasibətləri pozulub. Morninqstar buna səbəb olaraq iki məsələni dilə gətirib: insan haqları sahəsində vəziyyətin getdikcə pisləşməsi və Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə olunmaması.
Keçmiş səfirin sözlərinə görə, Azərbaycan ABŞ-ın Dağlıq Qarabağ məsələsində daha ciddi addımlar atmasını, geri çəkilməsi üçün Ermənistana təzyiq göstərməsini gözləyir.
Morninqstar deyib ki, Azərbaycanda təqiblərin hökümətə nə fayda verdiyini anlamır.
Keçmiş səfirin fikrincə, Amerika hökümətinin Azərbaycana qarşı etinadsızlq göstərməsi ölkədə vəziyyəti ağırlaşdırar və onu Rusiyaya daha yaxın edə bilər. Morninqstar hesab edir ki, iki ölkə arasında irəliləyiş əldə etmək üçün real dialoq olmalıdır.
Morninqstar bildirib ki, Amerikanın məqsədi Azərbaycanda hökümət dəyişikliyi etmək deyil. Lakin ölkədə sabitliyin əldə olunması üçün vətəndaş cəmiyyətinə yeni nəfəs verilməlidir. “Azərbaycan höküməti vətəndaş cəmiyyətinin fəaliyyətinə icazə verməlidir və siyasi fəalların həbs edilməsi kimi lüzumsuz tədbirlər görməməlidir”, – deyə o vurğulayıb.
Natalia Burjali Azərbaycandakı vətədaş cəmiyyəti durumundan bəhs edib. O, Azərbaycandakı mühitinin vətəndaş cəmiyyəti və qeyri-hökümət təşkilatlarının əleyhinə çevrildiyini deyib. Bildirib ki, təşkilatlar qeydiyyatdan keçməkdə çətinlik çəkir. Qeydiyyat prosedurları çətin, qaydalar isə qeyri-müəyyən olub.
Xanım Burjali qeyd edib ki, vətəndaş cəmiyyətinin yaşaması üçün xarici qrantlar mühümdür. Lakin Azərbaycan höküməti təşkilatların xarici qrant almaq imkanlarının qarşısını alıb ki, bu, vətəndaş cəmiyyəti üçün vəziyyəti çətinləşdirib.
Dinara Yunus isə valideyinlərininin səhhətindən və məhkəmə prosesindən danışıb. O, valideyinlərinin xəstə olduğunu və həbsxanada vəziyyətlərinin daha da pisləşdiyini deyib. Dinara xanım məhkəmə prosesinin qeyri-şəffaf və qeyri-qanuni şəkildə keçdiyini bildirib. O valideyinlərinin psixoloji və fiziki işgəncələrlə məruz qaldığını, valideyinləri ilə sonuncu dəfə onlar həbs olunmazdan öncə danışdığını deyib.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb.