Coşqun
Xlorsatan qəfil cuşa gəldi: “Xlor… kislota… tarakan dərmanı… mebel yağı… xlooor…” Yola baxan tərəfi penoplastla üzlənmiş köhnə, əldən düşmüş binaların arasında səsi əks-səda verdi. Bir az xoşuna gəldi. Satacağı məhsulların adlarını bayaqkı ardıcıllığı pozmadan bir daha möhkəm deməyə başladı. Xlor sözü bu dəfə sanki daha ucadan səsləndi. Nədənsə ona elə gəlirdi ki, yavaş çağırsa, heç kim almayacaq, əlindəkiləri geriyə – evə daşımalı olacaq…
Belə səsləməyinə baxmayın, həmişə narahat idi. Fikirləşirdi ki, adamların dincliyini pozur, bəlkə də, kimsə səsinə oyana bilər. Ərini itirəndən sonra başqa çıxış yolu qalmamışdı. Ailəni dolandırmaq, iki uşağın məktəb xərclərini çəkmək tamamilə onun üzərinə düşmüşdü. Uzun müddət iş axtardı, sosial yardım almaq üçün çox çalışdı, xeyri olmadı, bütün qapılar üzünə bağlandı. Günlərin bir günündə əlinə xlor qablarını almalı oldu…
Səsə hamıdan əvvəl dördüncü mərtəbədəki sakinlərdən biri çıxdı. Pəncərəni açan kimi qışqırdı: “Yekə adamsan, qanacağın olsun da… Camaat yatıb axı… Adama neçə dəfə deyərlər?!” Xlorsatan cuşa gəldiyi kimi də qəfil susdu. Dördüncü mərtəbədəki qəzəbli kişi pəncərəni hirslə çırpdı…
Bu ölkədə adamların heç nəyə etiraz eləmədiyini düşünürsüzsə, yanılırsız. Bu ölkədə adamlar çox şeyə etiraz eləyir. Avtobusu dayanacaqdan kənarda saxlamayan sürücüyə etiraz eləyirlər. Piano çalan qonşuya etiraz eləyirlər. İctimai nəqliyyatda cəld hərəkətlə qadına yer verməyənə etiraz eləyirlər. Binanın girişində yatan bomja etiraz eləyirlər. Səhər onları azacıq erkən oyadan xlorsatana etiraz eləyirlər…
Bu ölkədə adamlar büdcə pullarının havaya sovrulmasına etiraz eləmirlər. Dürüst seçki keçirilməməsinə etiraz eləmirlər. Vicdanlı insanların sıradan çıxarılmasına etiraz eləmirlər. Varlı dövlətin yoxsul sakininə çevrilmələrinə etiraz eləmirlər. İnsanları qapı-qapı düşüb xlor satmaq məcburiyyətində qoyanlara etiraz eləmirlər…
Bir də bu ölkədə adamlar yanıq qoxusuna etiraz eləmirlər. Yanmış cəsəd qoxusuna…